Azərbaycan dövlətinin nail olduğu ən böyük uğurların təminatçısına çevrilən Yeni Azərbaycan Partiyasının yaranmasından 25 il ötür. Tarixi vərəqlədikcə bir daha aydın olur ki, Yeni Azərbaycan Partiyasının yaradılmasını zəruri edən əsas səbəb Azərbaycanı üzləşdiyi mürəkkəb və fəlakətli vəziyyətdən xilas etmək istəyi ilə əlaqədar idi. Ona görə ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan xalqı ən yeni tarixində fərqli vəziyyətlə üzləşmiş, Azərbaycan dövlət müstəqilliyinə qovuşmuş və xalqımız uzun illər həsrətində olduğu müstəqilliyini bərpa etmək imkanı qazanmışdı. Lakin 1990-cı illərin əvvəllərində cərəyan edən arzuolunmaz hadisələr və meydana çıxmış yeni reallıqların qiymətləndirilməməsi nəticəsində Azərbaycan dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi. İqtisadi sahədə tənəzzül, dövlət hakimiyyətində dərinləşən böhran, milli maraqlarımıza zidd addımların atılması, Dağlıq Qarabağ münaqişəsində ağır vəziyyətin yaranması və vətəndaş müharibəsi təhlükəsinin artması ölkədə ümumi vəziyyəti daha da gərginləşdirmişdi. Onilliklər ərzində yaradılmış iqtisadi potensial iflic vəziyyətinə salınmışdı.
Azərbaycanın xilası üçün güclü liderə və siyasi qüvvəyə ehtiyac duyulurdu. Belə siyasi qüvvə Azərbaycanın ağır dövründə, 1992-ci il noyabrın 21-də meydana çıxdı. 1992-ci il oktyabrın 24-də ziyalıların “Səs” qəzetində ulu öndər Heydər Əliyevə “Azərbaycan sizin sözünüzü gözləyir” başlıqlı müraciətinə cavab məktubunda ümummilli liderin yaranmış vəziyyəti dərindən təhlil etməsi və çıxış yolunu göstərməsi noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılmasını şərtləndirdi. Ölkəmizin ayrı-ayrı bölgələrindən cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən 550 nümayəndənin iştirakı ilə Naxçıvanda partiyanın təsis konfransının keçirilməsi və ulu öndərin partiyanın sədri seçilməsi tarixi əhəmiyyətli addımlardan biri idi. Ona görə ki, real təhlükəni görən xalq ümummilli lider Heydər Əliyevin rəhbəri olduğu siyasi qüvvənin xilaskar missiya üçün yarandığını bilir və Yeni Azərbaycan Partiyasının təsis edilməsinə dəstək verirdi.
Ulu öndər Heydər Əliyevin 1993-cü il oktyabr ayının 3-də Azərbaycan Respublikasının Prezidenti seçilməsi Yeni Azərbaycan Partiyasının fəaliyyətində yeni dövrün əsasını qoydu. Belə ki, Yeni Azərbaycan Partiyasının iqtidar partiyası kimi ölkənin siyasi həyatında oynadığı rol güclənmiş və aparıcı siyasi qüvvəyə çevrilərək ictimai-siyasi həyatın bütün sahələrində yüksək fəallıq nümayiş etdirməyə başlamışdı. Keçirilən bütün seçkilərdə Yeni Azərbaycan Partiyası üzvlərinin üstünlük qazanmaları partiyaya olan ümumxalq inamını bir daha təsdiqləmişdir. Ümummilli lider Heydər Əliyevin qətiyyəti, uzaqgörənliyi və müdrikliyi sayəsində Yeni Azərbaycan Partiyası bu gün Azərbaycanın nüfuzlu siyasi təşkilatına çevrilmişdir.
Heç kimə sirr deyil ki, Yeni Azərbaycan Partiyasının gücü məhz ulu öndər Heydər Əliyevin ideyaları əsasında meydana gəlməsindədir. Yarandığı gündən bəri ölkəmizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının qüdrətini təmin edən ən mühüm amillərdən biri də təməl prinsiplərinin ulu öndərin ideyalarına əsaslanmasıdır. Bunlar müstəqil dövlətçilik, qanunçuluq, Azərbaycançılıq, vətənçilik, varislik, yaradıcı təkamül, konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi və sosial ədalətdir. Ümummilli lider Heydər Əliyevin ölkədə siyasi hakimiyyətə qayıdışından sonra bu prinsiplər Yeni Azərbaycan Partiyasının qarşısında duran tarixi vəzifələrin həyata keçirilməsinin ideoloji təminatı kimi mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirdi.
Təbii ki, varislik prinsipi, eyni zamanda müstəqil dövlətimizin inkişafı üçün başlanan siyasətin davamlı olmasıdır. Məhz bu ali məqsədin reallaşması naminə ümummilli liderimiz Heydər Əliyev böyük çətinliklərlə qurduğu dövlətə rəhbərlik etmək üçün namizədini elan etdi: “O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, İlham Əliyev bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcək. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Bu fikirlərin məntiqi nəticəsi İlham Əliyevin 2003-cü ilin 15 oktyabrında xalqın mütləq əksəriyyətinin etimadını qazanaraq ölkə Prezidenti seçilməsi oldu. 2005-ci ilin mart ayında isə Yeni Azərbaycan Partiyasının III Qurultayı keçirildi. Qurultayda təşkilati məsələlərə baxıldı və Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədrinin birinci müavini İlham Əliyev partiyanın Sədri seçildi. Beləliklə, İlham Əliyevin Yeni Azərbaycan Partiyasının Sədri seçilməsi ilə partiyanın həyatında yeni mərhələ başlandı.
Bu tarixdən başlayaraq, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin dönməzliyinin təmin edilməsi, ölkənin tərəqqisi, iqtisadiyyatın yüksəlişi, xalqın rifahının yaxşılaşması, uğurlu neft strategiyasının həyata keçirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması, ölkənin təhlükəsizliyini təmin etmək iqtidarında olan ordunun yaradılması, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi naminə ardıcıl siyasət həyata keçirildi və bu prosesdə Yeni Azərbaycan Partiyası daim ön sırada yer aldı. Yeni Azərbaycan Partiyası üzvləri ölkəmizin daha da güclənməsi naminə partiyamızın Sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin ən fəal dəstəkçiləri olmaqla bu siyasətin uğurlarını xalq arasında geniş təbliğ etməkdədir.
Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan möhtəşəm inkişaf yolu keçmişdir. Müstəqil iqtisadiyyatımız, böyük valyuta ehtiyatlarımız, iqtisadiyyatımızın uğurlu inkişafı, bir sıra mühüm layihələrin həyata keçirilməsi əlamətdar hadisə olmaqla bərabər, eyni zamanda ölkəmizə əlavə güc verir. Onu da qeyd etmək lazımdır ki, İlham Əliyevin Yeni Azərbaycan Partiyasının Sədri seçilməsindən sonra kəmiyyət və keyfiyyət baxımından partiyada əhəmiyyətli dərəcədə dəyişikliklər müşahidə olunur. Faktlara diqqət yetirdikdə ötən müddət ərzində Heydər Əliyev ideyalarına söykənən partiyamızın ilbəil gücləndiyinin bir daha şahidi olarıq. Belə ki, əgər Yeni Azərbaycan Partiyasının 2001-ci ildə keçirilmiş II Qurultayı zamanı partiya üzvlərinin sayı 230 min nəfər idisə, III Qurultaya qədər bu göstərici 360 min nəfərə yüksəlmişdi. Hazırda isə partiyamızın üzvlərinin sayı 700 mindən çoxdur.
Ümumbəşəri dəyərlərin daşıyıcısı olan Yeni Azərbaycan Partiyası bir tərəfdən beynəlxalq aləmdə siyasi əməkdaşlıq, sivilizasiyaların dialoqunun tərəfdarı kimi çıxış edirsə, digər tərəfdən milli birliyin möhkəmləndirilməsi, Azərbaycançılıq ideologiyasının təbliği və inkişafı istiqamətində mühüm işlər görür. Bütün bunlar partiyanın dünyanın tanınmış siyasi təşkilatları arasında nüfuzunu yüksəldir, Azərbaycan cəmiyyətindəki mövqeyini möhkəmləndirir, siyasi qüdrətini artırır. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Yeni Azərbaycan Partiyası Azərbaycanın müasir tarixində böyük bir fenomendir. Çətin şəraitdə, təzyiqlərlə, hədə-qorxularla üzləşərək, bütün məhrumiyyətlərlə üzləşərək, həm partiya üçün, həm partiya fəalları, həm də ölkə üçün, demək olar, ən ağır dönəmdə yaranan bu partiya möhkəmləndi, gücləndi və bu gün bölgədə onun analoqu yoxdur. Nəinki Azərbaycanda, qonşu ölkələrdə də Yeni Azərbaycan Partiyası kimi güclü, mütəşəkkil qüvvə yoxdur”.
Yeni Azərbaycan Partiyasının məhz Naxçıvanda yaranması, partiyanın rəhbəri, ulu öndər Heydər Əliyevin xalqın çağırışı və təkidli tələbləri ilə Azərbaycanda siyasi hakimiyyətə buradan qayıdışı Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının təşəkkül tapıb formalaşmasında müstəsna rol oynamışdır. Ümummilli liderimizin müəyyən etdiyi prinsiplərə əsaslanmaqla hər bir partiya üzvü muxtar respublikamızda aparılan dövlətçilik və quruculuq işlərində yaxından iştirak edir. Hazırda Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının 53 mindən artıq üzvü vardır. Üzvlərinin say tərkibinin əsas hissəsi ziyalılar, gənclər və qadınlar olan Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı muxtar respublikamızın ictimai-siyasi və sosial-iqtisadi həyatında əsas hərəkətverici qüvvəyə çevrilmişdir.
Bu gün dahi rəhbərin arzuları inamla həyata keçirilir. Bunun bariz nümunəsidir ki, Naxçıvan Muxtar Respublikası böyük inkişaf yolu keçib. Ötən illər ərzində muxtar respublikanın inkişafını təmin etmək məqsədilə icrası uğurla başa çatan və hazırda icrası davam etdirilən dövlət proqramları ümumi inkişafa təkan verib, yeni istehsal və xidmət sahələri fəaliyyətə başlayıb. Ötən illər ərzində muxtar respublikada tikinti-quruculuq işləri geniş vüsət alıb, nəhəng istehsal müəssisələri, çoxsaylı yaşayış binaları, səhiyyə, mədəniyyət, təhsil obyektləri tikilib istifadəyə verilib, yeni iş yerləri açılıb. Bütün bunların nəticəsidir ki, Naxçıvan şəhərində, rayon mərkəzlərində və kəndlərdə aparılan geniş tikinti-quruculuq, abadlaşdırma işləri, yolların və körpülərin tikintisi yaşayış məntəqələrinin simasını tamamilə dəyişib, gözəlləşdirib.
Naxçıvan Muxtar Respublikasında Yeni Azərbaycan Partiyasının yaranmasından ötən 25 il ərzində əldə olunmuş uğurlar və nailiyyətlər Heydər Əliyev yoluna sarsılmaz sədaqətin göstəricisinə çevrilmiş, muxtar respublikada iqtisadi və sosial sahədə makroiqtisadi göstəricilər hər il yüksələn xətlə davam etmişdir.
Bu gün əminliklə demək olar ki, yaradıcısı ümummilli lider olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır. Yeni Azərbaycan Partiyası bu günün və gələcəyin siyasi partiyası kimi ölkəmizin – Azərbaycanın inkişafına güclü təsirini bundan sonra da davam etdirəcəkdir.
Yeni Azərbaycan Partiyası
Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyi