Dövlətimiz gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, adət-ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb və buna həyati əhəmiyyətli məsələ kimi baxıb. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissləri yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir.
Tarixdə iz qoyan igid və cəsur sərkərdələrimizin şəxsi nümunəsi bizə əsas verir deyək ki, xalqımız qəhrəmanlar yetişdirən xalqdır. Və istənilən siyasi şəraitdə bu xalq öz Vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetirib. Muxtar respublikamızda erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olmuş qəhrəmanlarımızın ibrətamiz həyatı, şəxsi nümunəsi bu gün məktəblərdə aparılan hərbi-vətənpərvərlik tərbiyəsi işində ön plana keçib. Naxçıvan şəhərində yerləşən muzeylərimiz, eləcə də Xatirə Muzeyi ilə məktəblər arasında yaradılan interaktiv əlaqələr, distant dərslərin keçilməsi dediklərimizə sübutdur. Bu dərslər vasitəsilə şagirdlərə bir daha aşılanır ki, yaxın keçmişin acı təcrübəsi müstəmləkə siyasətinə xidmət edən, əslində, Azərbaycan xalqına müsibətlər gətirən beynəlmiləlçilik tərbiyəsinin, sən demə, genosid planının və antitürk siyasətinin tərkib hissəsi olduğunu sübuta yetirib. İnteraktiv dərslərdə o da qeyd edilir ki, rus imperiyası işi qəsdən elə qurmuşdu ki, xalq öz soykökündən, qəhrəmanlıq tarixindən, adət-ənənələrindən uzaq düşsün.
Naxçıvan şəhərinin ümumtəhsil məktəblərində tədris olunan təbiət və cəmiyyət elmləri, humanitar fənlər gənclərə hərbi-vətənpərvərlik hissləri aşılamaq üçün çox böyük imkanlara malikdir. Məktəblilərə hərbi-vətənpərvərlik tərbiyəsi ona görə daha yaxşı aşılanır ki, bu gün orta məktəblərin X-XI siniflərində oxuyan şagirdlərə ayrı-ayrı fənləri tədris edərkən hərbi məzmunlu biliklər də öyrədilir, xüsusən tarix fənnində bu məlumatlara geniş yer verilir.
Onu da qeyd etmək yerinə düşər ki, keçmiş Sovetlər Birliyi dövründə mövcud dərsliklərdə, dərs vəsaitlərində və metodik ədəbiyyatda hərbi-vətənpərvərlik hissləri aşılayan məlumatlar və hərbi məzmunlu biliklər məxfilik üzündən verilmirdi. Əslində, bu, şüurlu surətdə edilirdi ki, gənclər vətənpərvərlik duyğularından məhrum olsunlar, vətənin müdafiəsi üçün lazımi bilikləri almasınlar. Artıq bu gün muxtar respublikamızda böyüyən nəslin təlim-tərbiyə işinin düzgün təşkilinə, vətəndaş hazırlığına xüsusi diqqət yetirilir.
Məktəbli uşaq və yeniyetmələrin bir vətəndaş kimi böyüməsində ailənin, cəmiyyətin, ümumilikdə, mühitin rolu böyükdür. Hərbi-vətənpərvərlik tərbiyəsini, sadəcə, quru sözlərlə, nəsihətlərlə məhdudlaşdırmaq olmaz. Çünki vətən sevgisi gənc vətəndaşlarımızın məqsədyönlü davranışının və fəaliyyətinin motivi və ideyasıdır.
Danılmaz faktdır ki, düşmən ölkə ilə olan müharibə vəziyyəti hər an torpaqlarımızın güc yolu ilə azad olunması reallığını ortaya qoyur. Bu işin reallaşdırılması, əsasən, gənc nəslin üzərinə düşür. Belə bir şəraitin mövcud olması gənc nəslin vətənpərvərlik ruhunda formalaşdırılmasını labüd edir. Bu baxımdan muxtar respublikamızın tam orta məktəblərində tədris olunan çağırışaqədərki hərbi hazırlıq fənninin böyük əhəmiyyəti vardır. Həmin dərslərdə şagirdlər təkcə silahlardan istifadə qaydalarını öyrənmir, eyni zamanda Vətənə bağlılıq hisslərini artırır, onu müdafiə etmək borcunu öz üzərlərinə götürürlər.
Məktəblərdə bu fənnin tədrisinin əsas məqsədi, birinci növbədə, gəncləri ölkənin müdafiəsinə indidən psixoloji cəhətdən hazırlamaqdır. Təhsil ocaqlarında, eyni zamanda, çağırışaqədərki hərbi hazırlıq dərslərinin tədrisi onların vətənpərvər ruhda böyüməsinə öz təsirini göstərir. Bütün bu kimi işlər, nəticə etibarilə, gənclərə vətənpərvərlik hisslərinin aşılanmasında mühüm rol oynayır. Orduya çağırılan gənclərin orta məktəbdə oxuduğu dövrdə müəyyən hərbi biliklərə yiyələnməsi sonrakı dövrdə onların peşəkar hərbçi kimi yetişməsində də vacib rol oynayır. Ötən tədris ilində keçirilən ali məktəblərə qəbul imtahanlarında muxtar respublikanın ayrı-ayrı məktəblərinin məzunları xüsusi təyinatlı ali məktəblərin tələbəsi adını qazanıb, Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunanların da sayı artıb. Ancaq bu nəticə də son hədd sayıla bilməz. Buna görə də məktəblərdə çağırışaqədərki hərbi hazırlıq fənninin yüksək səviyyədə keçirilməsinə xüsusi diqqət yetirilir, hərbi rəhbərlər Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəyi əsasında məktəblərdə dərs demək hüququ qazanırlar.
Məktəblilər arasında hərbi-idman oyunlarının keçirilməsi də yeniyetmələrə vətənpərvərlik hisslərinin aşılanmasında əhəmiyyət kəsb edir. Belə oyunlar mütəmadi olaraq keçirilməsinə ciddi diqqət yetirilir. Bu oyunlarda qazanılan təcrübə isə ölkə miqyasındakı yarışlarda öz sözünü deyir. Buna misal kimi deyə bilərik ki, ölkəmizin cənub bölgəsi olan Lənkəran rayonunda bu ilin iyul ayında keçirilən “Sərhəd” hərbi-idman oyunlarında Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin “Şimşək” komandası birinci yerin sahibi olub. Belə uğurlara daha bir əlavə olaraq bu ilin oktyabr ayının əvvəllərində keçirilən “Vətənin müdafiəsinə hazıram” poliatlon birinciliyində qazanılan nailiyyətləri xüsusilə qeyd etmək lazımdır. Belə ki, muxtar respublika birinciliyində qalib olan Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbin şagirdləri ölkə miqyasında da qələbə bayrağını əldən verməyərək birinci yeri qazanıblar. Təbii ki, bu qalibiyyətlər digər şagirdləri də qələbəyə ruhlandırır, onlarda yarış əzmini artırır. Sevindirici haldır ki, bu yarışlarda fəal iştirak edən şagirdlərdə cəsarətlilik, cəldlik, mübarizlik, qələbə qazanmaq uğrunda iradə möhkəmliyi təmin olunur. Ona görə də belə oyunların məktəblərdə mütəmadi olaraq təşkilinə xüsusi diqqət yetirilir. Bu işdə Gənclər və İdman, Təhsil nazirliklərinin, idman federasiyalarının fəaliyyətlərini xüsusi qeyd etmək lazımdır. Sözügedən yarışların son zamanlarda kütləviliyinin artırılması da diqqətəlayiqdir. Keçirilən oyunlarda oğlanlarla yanaşı, qızların da iştirakı təmin edilir ki, bu da təqdirolunasıdır.
Yuxarıda da qeyd etdiyimiz kimi, çağırışaqədərki hərbi hazırlıq dərslərinin ehtiyatda olan zabitlər tərəfindən keçilməsi bu işdə əhəmiyyətli rol oynayır. Belə mütəxəssislər şagirdlərə hərbi-vətənpərvərlik hisslərini daha keyfiyyətli şəkildə aşılaya bilirlər.
Şagirdlərin hərbi-vətənpərvərlik hisslərinin artırılmasında hərbçilərlə canlı ünsiyyət də mühüm rol oynayır. Hərbi dərslər zamanı şagirdlərin hərbi hissələrə aparılması və onların əsgərlərlə söhbətlər etməsi də yeniyetmələrin formalaşmasında, onların vətənə bağlılığının artırılmasında və vətənin, torpağın müdafiəsində durmaq kimi hisslərinin inkişaf etdirilməsində böyük əhəmiyyətə malikdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi diqqət və qayğısı ilə əhatə olunan məktəblərin qarşısında gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi sahəsində məsul və təxirəsalınmaz vəzifələr qoyulması təsadüfi deyil. Bu vəzifələrin yerinə yetirilməsi ilə son dövrlərdə məktəblərimizdə şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsi xeyli yüksəlib. Hərbi-vətənpərvərlik tərbiyəsinin faktlar və zəngin əyani vasitələr əsasında aparılması tərbiyə işinin bu mühüm sahəsi üzrə maraqlı forma və üsulları da meydana çıxarıb, məktəblərlə hərbi hissələr arasında əlaqələrin yaradılması daha da gücləndirilib. Bu sahədə məktəblərdə toplanmış qabaqcıl təcrübə hərbi-vətənpərvərlik tərbiyəsini daha məzmunlu və məqsədəuyğun şəkildə aparmağa imkan verir.
Sonda onu da qeyd edək ki, pedaqoji kollektivlər hərbi-vətənpərvərlik tərbiyəsinin bu forma və üsullarından istifadə etməklə ona nail olmağa çalışırlar ki, şagirdlərdə vətənə məhəbbət hissi daha da qüvvətlənsin, həqiqi vətənpərvərliyin məzmununu onlar düzgün dərk edə bilsinlər, vətəni müdafiə etməyi, onun şərəfini qorumağı özünün xalq qarşısında şərəfli vəzifəsi hesab etsinlər.
Bu gün çağırışaqədərki hərbi hazırlıq dərslərinə cəlb edilən hər bir yuxarı sinif şagirdi yaxşı bilir ki, ordumuz varlığımız deməkdir, bu sarsılmaz qüvvə, sözün əsl mənasında, xalqın gücüdür, gənclərin minlərlə igid və mərd nümayəndələrini öz sıralarında birləşdirən yumruqdur. Ona görə də bütün xalq öz ordusu ilə fəxr edir, onu yüksək məhəbbət hissi ilə sevir. Həyatda hər şeydən əziz olan ana vətənlə bağlı hər bir tapşırıq onun gənc övladları üçün ən şərəfli və ülvi bir vəzifədir. Xalqın alovlu məhəbbəti, hörməti və qayğısı isə əsgərlərin qəlbini oxşayır, onları ruhlandırır.
Səbuhi HÜSEYNOV