25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının yaranmasının 50 illiyi ilə bağlı yubiley tədbiri keçirilib.
Əvvəlcə tədbir iştirakçıları müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli liderimizin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri qoyub, ulu öndərin xatirəsini dərin ehtiramla yad ediblər. Sonra Heydər Əliyev Muzeyi ziyarət olunub.
Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edərək Həmkarlar İttifaqları Şurasının yaradılmasının 50 illiyi münasibətilə həmkarlar ittifaqlarının üzvlərini təbrik edib.
Bildirilib ki, Naxçıvanda həmkarlar hərəkatı böyük və şərəfli yol keçib, insanların əmək, sosial-iqtisadi hüquqlarının və qanuni mənafelərinin qorunmasına xidmət edib. Naxçıvanda həmkarlar hərəkatı 1921-ci ildən təşkilatlanıb, ­20-dən artıq şəhər və rayon həmkarlar ittifaqları komitəsi, ­3 vilayət həmkarlar ittifaqları komitəsi yaranıb. Bunlar isə öz ətrafında həmkarların 400-ə yaxın ilk təşkilatını birləşdirirdi. Genişlənməkdə olan böyük bir hərəkatın mərkəzləşmiş qaydada idarə olunmasma ciddi ehtiyac yarandığından 1967-ci il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası təşkil olunub. Artıq 50 ildir ki, Həmkarlar İttifaqları Şurası Naxçıvanda həmkarlar hərəkatına rəhbərlik edir, bu təşkilatın potensialından məqsədyönlü şəkildə istifadə olunmasına öz töhfəsini verir.

Vurğulanıb ki, Həmkarlar İttifaqları Şurasının 50 illik fəaliyyətinin 30 ili ümummilli lider Heydər Əliyevin siyasi rəhbərliyi dövrünə düşüb. Bu dövr olduqca məsul və tələbkar dövr, inkişaf mərhələsi olub. Ümummilli liderin təşəbbüsü ilə Naxçıvanda Həmkarlar İtti­faqları Şurasının yeni inzibati binasının tikintisinə başlanılıb və həmin obyekt 1974-cü ildə istifadəyə verilib. Ölkəmiz müstəqillik əldə etdikdən sonra muxtar respublikanın həmkarlar ittifaqları Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində öz inkişaflarının yeni mərhələsinə qədəm qoyub. Muxtar respublikada yaradılan şərait bu kütləvi ictimai təşkilatların da fəaliyyətinə geniş imkanlar açıb. Ötən illərin təcrübəsi göstərir ki, muxtar respublikanın həmkarlar ittifaqları yaradılan şəraitdən səmərəli istifadə edir, işçilərin sosial hüquqlarının qorunması, onların sanatoriya-kurortlara göndərilməsi, istirahətlərinin təşkili istiqamətində məqsədyönlü fəaliyyət göstərirlər.
Sonra Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Sucaxan Novruzov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Naxçıvan Muxtar Respublika Komitəsinin sədri Rövşən Hüseynov, Ordubad Rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Mahir Şıxəliyev çıxış edərək həmkarlar ittifaqlarına göstərdiyi diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, həmkarlar itti­faqlarının üzvləri yaradılan şərait müqabilində fəaliyyətlərini daha da genişləndirməyə çalışacaq, muxtar respublikada fəaliyyət göstərən bütün təşkilatlarla əlaqələri daha da möhkəmləndirərək günün tələbləri səviyyəsində fəaliyyət göstərməyə çalışacaqlar. Əminliklə demək olar ki, Həmkarlar İttifaqları Təşkilatı qarşıdakı illərdə muxtar respublikanın ən aparıcı təşkilatlarından birinə çevriləcək.
Sonda şuranın bir qrup əməkdaşına pul mükafatları təqdim edilib.

 Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR