Naxçıvan şəhərindəki Gənclər Mərkəzində 10-17 noyabr – Beynəlxalq Tələbə-Gənclər Həftəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən yarışların qaliblərinin mükafatlandırılması mərasimi olub.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov Beynəlxalq Tələbə-Gənclər Həftəsi barədə məlumat verib.
Nazir bildirib ki, Azərbaycanda dövlət gənclər siyasətinin əsasını qoyan ümummilli liderimiz Heydər Əliyev ölkəmizə rəhbərliyinin bütün dövrlərində gənclərin əsl himayədarı olub, sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə onların fəal iştirakının təmin olunmasını diqqət mərkəzində saxlayıb. Bu gün dövlət gənclər siyasəti Prezident İlham Əliyevin diqqət və qayğısı ilə özünün keyfiyyətcə yeni inkişaf mərhələsini yaşayır. Ölkəmizin bütün bölgələrində gənclərimizin hərtərəfli inkişafı üçün ardıcıl tədbirlər görülür, təhsil ocaqları, gənclər evləri, idman kompleksləri tikilib istifadəyə verilir.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasında da dövlət gənclər siyasəti uğurla davam etdirilir, gənclər siyasətinin bütün istiqamətləri üzrə dövlət proqramları icra olunur. Gənclərin muxtar respublikanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin irəli çəkilməsi və xidmətlərinin qiymətləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbə-gənclərin vətənpərvərlik ruhunda yetişib formalaşması üçün genişmiqyaslı tədbirlər həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev çıxışında qeyd edib ki, muxtar respublikada gənclərin asudə vaxtlarının səmərəli təşkili, yaradıcılıq potensiallarının üzə çıxarılması və fiziki inkişafı daim diqqət mərkəzindədir. Müasir avadanlıqlarla təchiz edilərək istifadəyə verilmiş məktəblər, ali məktəblərin tədris korpusları, elektron kitabxanalar, yaradıcılıq emalatxanaları, idman qurğuları gənclərin formalaşmasında mühüm rol oynayır.
Gənclər Fondunun icraçı direktoru bildirib ki, bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində fəal iştirak edir. Gənclərimizin qarşısında idman, elm, mədəniyyət, incəsənət və digər sahələrdə qazanılan nailiyyətlərlə yanaşı, həm də dövlətçilik ənənələrini daim uca tutmaq, ulu öndər Heydər Əliyevin siyasi xəttinə sədaqət ruhunda böyümək kimi müqəddəs vəzifələr durur.
Sonra qaliblərin mükafatlandırılması mərasimi olub. Mükafatları gənclər və idman naziri Azad Cabbarov, Ali Məclisin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi Anar İbrahimov təqdim ediblər.
Qeyd edək ki, Beynəlxalq Tələbə-Gənclər Həftəsində yüngül atletika, stolüstü tennis, üzgüçülük, voleybol idman növləri üzrə yarışlar, həmçinin şən və hazırcavablar klubları arasında müsabiqə və “Nuh yurdu” intellektual oyunu təşkil olunub.
Tədbirdə Naxçıvan Musiqi Kollecinin tələbələrinin ifasında səsləndirilən musiqi proqramı iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.
Ceyhun MƏMMƏDOV