Noyabrın 16-da Naxçıvan şəhərindəki “Təbriz” otelində Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyi və Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən keçirilən “Azərbaycanda Miqrasiya və Sərhəd İdarəçiliyi üzrə potensialların gücləndirilməsi” layihəsi üzrə seminara başlanılıb.
Tənzimlənməyən miqrasiya ilə mübarizəyə dair təcrübələrin bölüşülməsi üzrə keçirilən seminarı giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Şahin Nəbiyev açaraq tədbirin əhəmiyyəti haqqında danışıb, miqrasiya prosesinin tənzimlənməsində beynəlxalq əməkdaşlığın mühümlüyünü qeyd edib.
Seminarın birinci günü BMqT-nin Azərbaycandakı səfiri Serhan Aktoprak, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestuti Yankauskas təhlükəsiz, qaydalı və tənzimlənməyən miqrasiyanın bu gün üçün əhəmiyyətindən danışıblar. Qeyd edilib ki, bu layihə tərəfdaşlarla birgə həyata keçirilir və bununla sərhəd idarəçiliyinin gücləndirilməsinə çalışılır.
Bildirilib ki, layihənin spesifik məqsədləri yeni viza rejiminin və readmissiya proseslərinin idarə edilməsi üçün səmərəli mexanizmlərin yaradılması və inkişaf etdirilməsi istiqamətində köməklik göstərilməsi, səmərəli miqrasiya idarəçiliyi məqsədilə qanunvericilik bazasını və instisional potensialların gücləndirilməsi, o cümlədən müvafiq təşkilatlar tərəfindən göstərilən xidmətlərin keyfiyyəti və səmərəliliyinin, həmçinin idarələrarası əməkdaşlığın səviyyəsinin artırılmasıdır. Bundan başqa, adıçəkilən layihənin məqsədləri sırasında texniki təkmilləşdirmə və avadanlıqların müasirləşdirilməsi vasitəsilə sərhəd nəzarəti və yoxlamaları prosedurlarının keyfiyyətini artırmaqla inteqrasiya edilmiş sərhəd idarəçiliyi üçün milli potensialları gücləndirmək də vardır.
Sonra BMqT-nin Qlobal miqrasiya data analizi mərkəzinin nümayəndələri Julia Black və Thomas Mertzin, qurumun Vyanadakı Regional ofisinin əməkdaşı İvona Todorovskanın təqdimatları olub. Təqdimatlarda təhlükəsiz, qaydalı və tənzimlənən miqrasiya, tənzimlənməyən miqrasiyanın çoxsaylı istiqamətləri, belə miqrasiyaya dair məlumatların toplanması ilə bağlı dair çətinliklər haqqında söhbət açılıb, izahlar verilib.
Günün ikinci yarısında “Təhlükəsizliyin və insan hüquqlarının tarazlaşdırılması: Tənzimlənməyən miqrasiyaya dair siyasəti formalaşdıran zaman hüquqlara əsaslanan yanaşma” mövzusunu əhatə edən təqdimatlar olub. Fransanın Gürcüstandakı səfirliyinin nümayəndəsi Bruno Balduc “Fransada tənzimlənməyən miqrasiya siyasəti”, Rumıniya Daxili İşlər Nazirliyinin nümayəndəsi Andreea-Adela Vulcanescu “Rumıniyada tənzimlənməyən miqrasiya siyasəti”, Böyük Britaniyanın sərhəd qüvvələrinin nümayəndəsi Amanda Read “Birləşmiş Krallıq sərhəd qüvvələrinin müasir köləliyə qarşı cavab və müdafiə tədbirləri” mövzularında danışıblar.
Məlumat üçün bildirək ki, seminarın ikinci günü “Miqrant qaçaqçılığı və insan alverinə qarşı mübarizə”,“Həssaslığın müəyyən edilməsi və qiymətləndirilməsi” mövzularını əhatə edən təqdimatlar olacaq. Bu prosesdə hüquqi, siyasi və inzibati çərçivədən danışılacaq, iştirakçılar dəyirmi masa arxasında regionda transmilli cinayətkarlığa qarşı əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi ilə bağlı müzakirələr aparacaqlar.
Səbuhi HÜSEYNOV