1996-cı ildən etibarən hər il noyabrın 10-17-si ölkəmizdə Beynəlxalq Tələbə-Gənclər Həftəsi kimi qeyd olunur.
Hər bir ölkənin perspektiv inkişafı, müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçiliyinin gücləndirilməsi gənc nəslin intellektual inkişafından və cəmiyyətin aparıcı üzvlərinə çevrilməsindən asılıdır. Azərbaycanda dövlət gənclər siyasətinin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ölkəmizə rəhbərliyinin bütün dövrlərində dahi şəxsiyyət sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin fəal iştirakının təmin olunmasını diqqət mərkəzində saxlamışdır. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan gəncliyinə müraciətlə demişdir: “Siz Azərbaycanın bu günü və gələcəyisiniz, sizin üzərinizə böyük vəzifələr düşür, bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır. Siz müstəqil Azərbaycanın XXI əsrdə yaradanlarısınız, inkişaf etdirənlərisiniz, biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq. Ona görə də Azərbaycan torpağını yaşatmaq, inkişaf etdirmək üçün hazır olun”.
Azərbaycan müstəqillik qazandıqdan sonra gənclərlə iş intensiv xarakter almış, bu sahədə zəngin qanunvericilik bazası və gənclər siyasətini həyata keçirən dövlət orqanları yaradılmış, 2002-ci ildə “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Sonrakı dövrlərdə də ölkənin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakı üçün ardıcıl tədbirlər görülmüş, “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında”, “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”, “Bədən tərbiyəsi və idman haqqında” qanunlar qəbul edilmişdir. Bu gün ölkəmizdə gənclərlə iş “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu və 20-yə yaxın normativ-hüquqi aktla tənzimlənir.
Bu gün dövlət gənclər siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə özünün keyfiyyətcə yeni inkişaf mərhələsini yaşayır. Ölkəmizin bütün bölgələrində gənclərin hərtərəfli inkişafı üçün ardıcıl tədbirlər görülür, elm və təhsil ocaqları, gənclər evləri, idman kompleksləri tikilib istifadəyə verilir. Bunun nəticəsidir ki, bugünkü Azərbaycan gəncliyi cəmiyyət həyatının bütün istiqamətlərində fəal iştirak edir, yüksək intellektli toplum kimi yetişir, beynəlxalq miqyaslı yarış və tədbirlərdə ölkəmizi layiqincə təmsil edir.
Naxçıvan Muxtar Respublikasında da dövlət gənclər siyasəti uğurla davam etdirilir, gənclər siyasətinin bütün istiqamətləri üzrə dövlət proqramları icra olunur. Gənclərin muxtar respublikanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin irəli çəkilməsi və xidmətlərinin qiymətləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Son illər muxtar respublikada təhsil müəssisələri üçün yüzlərlə binalar tikilmiş, olimpiya-idman kompleksləri, üzgüçülük və şahmat mərkəzləri istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun yaradılması haqqında 2012-ci il 29 mart tarixli fərmanları muxtar respublikada gənclərə göstərilən diqqət və qayğının daha bir nümunəsidir. Qeyd olunan fərmanlarla Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı” təsis edilmiş, Naxçıvan şəhərində Gənclər Mərkəzi inşa olunmuş, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun fəaliyyəti təmin edilmişdir. Bu da gənclərin hərtərəfli inkişafı, müxtəlif layihələrin təşəbbüskarı kimi çıxış etməsi, asudə vaxtlarının səmərəli təşkili baxımından xüsusi əhəmiyyət kəsb edir.
Muxtar respublikamızda gənclərin asudə vaxtının səmərəli təşkili, yaradıcılıq potensialının üzə çıxarılması və fiziki inkişafı daim diqqət mərkəzindədir. Son dövrlər muxtar respublikanın şəhər və rayonlarında olimpiya-idman komplekslərinin, idman mərkəzlərinin, uşaq-gənclər idman məktəblərinin, şahmat məktəblərinin, stadionların, süni örtüklü mini-futbol meydançalarının, orta məktəblərdə idman zallarının və sadə tipli idman qurğularının istifadəyə verilməsi gənc nəslin fiziki sağlamlığının qorunması və kütləvi bədən tərbiyəsinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Muxtar respublikamızda idman sahəsinə göstərilən diqqət və qayğının nəticəsidir ki, bu ilin ötən dövrü ərzində muxtar respublikada yerli və beynəlxalq yarışlar, turnirlər təşkil edilmiş, gənclər və idman sahəsində iki yüzdən çox tədbir keçirilmiş və bu tədbirlərdə 10 mindən artıq gənc iştirak etmişdir. Keçirilən tədbirlər gənclərin Vətənə məhəbbət, dövlətçiliyə sədaqət ruhunda tərbiyəsi, asudə vaxtının səmərəli təşkili sahəsində mühüm əhəmiyyət daşıyır. Təkcə onu qeyd etmək kifayətdir ki, muxtar respublikanın gənc idmançıları 2017-ci ilin müvafiq dövrü ərzində Azərbaycan birinciliklərində 100, Dünya birinciliyində 2, Asiya çempionatında 2, Avropa çempionatında 1, beynəlxalq turnirlərdə 81, IV İslam Həmrəyliyi oyunlarında 1 medal qazanmışlar.
Naxçıvan Muxtar Respublikasında aparılan gənclər siyasətinin nəticəsidir ki, Naxçıvan tələbə-gənclərinin səsi dünyanın tanınmış universitetlərindən gəlir. Bu gün yüzlərlə naxçıvanlı tələbə-gənc Amerika Birləşmiş Ştatları, İngiltərə, Fransa, Almaniya, Türkiyə, Cənubi Koreya, Ukrayna və Rusiya Federasiyasının aparıcı ali məktəblərində təhsil alaraq gələcəyin mütəxəssisləri kimi yetişirlər. Göstərilən diqqətin nəticəsidir ki, bu gün muxtar respublikada məşğul əhalinin yarıdan çoxunu gənclər təşkil edir. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali məktəblərdə təhsil alan tələbə-gənclərin milli dövlətçilik, Azərbaycançılıq, vətənpərvərlik ruhunda yetişib formalaşması üçün bu təhsil ocaqlarında genişmiqyaslı tədbirlər keçirilir. Bu il də Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi “10-17 noyabr Beynəlxalq Tələbə-Gənclər Həftəsi”nin qeyd olunması məqsədilə birgə Tədbirlər Planı hazırlayıb həyata keçiriblər.
Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində fəal iştirak edir. Gənclərimizin qarşısında idman, elm, mədəniyyət, incəsənət və digər sahələrdə qazanılan nailiyyətlərlə yanaşı, həm də dövlətçilik ənənələrini daim uca tutmaq, ulu öndər Heydər Əliyevin siyasi xəttinə sədaqət ruhunda böyümək kimi müqəddəs vəzifələr durur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Bizim qarşımızda bir vəzifə durur: mənəviyyatca təmiz, intellektli və vətənpərvər gənclər yetişdirmək. Gənclərin bir yolu var. Bu yol ölkə Prezidenti tərəfindən uğurla davam etdirilən Heydər Əliyev yoludur. Hər bir gənc yaradılan yüksək şəraitdən və göstərilən dövlət qayğısından bəhrələnərək Vətəni və xalqı üçün layiqli vətəndaş olmağa çalışmalı, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməli və ona göstərilən etimadı doğrultmalıdır”.
Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti