1990-cı il noyabrın 17-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan parlamentinin ilk iclası milli dirçəliş tariximizdə mühüm əhəmiyyət kəsb edir. Həmin dövrdə ölkəmizdə xalqın milli iradə və əzmini, birliyini nümayiş etdirən milli azadlıq hərəkatı geniş vüsət almışdı. Lakin Azərbaycana rəhbərlik edənlər öz hakimiyyətlərini və imperiyanın maraqlarını milli maraqlardan üstün tutduqları üçün xalqın dirçəlişini mütərəqqi istiqamətə yönəldə bilmədilər. Xalqın müstəqillik arzularını, dövlətçiliyimizin dirçəliş ideyasını gerçəkləşdirə biləcək yeganə milli lider isə yalnız ulu öndər Heydər Əliyev idi.
Ümummilli liderimizin 1990-cı ilin iyulunda Naxçıvana qayıdışı milli azadlıq uğrunda mübarizədə mühüm mərhələ təşkil etdi. Naxçıvandan başlanan milli dirçəliş prosesi bütünlükdə Azərbaycan siyasi mühitini əhatə etməyə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı.
Naxçıvana qayıdan ulu öndər milli oyanış və dirçəlişin əsasını qoymaqla nəinki bu bölgəni, bütün Azərbaycanı real təhlükədən xilas etdi. 1990-cı il noyabrın 17-də “Doğma Vətən torpağına heç də yenidən hakimiyyətə qalxmaq... üçün yox, ancaq və ancaq respublikanın bu ağır və çətin dövrlərində xalqın dərdinə şərik olmaqla vətəndaşlıq borcunu yerinə yetirməyə, azadlıq uğrunda mübarizəyə qoşulmağa gəlmişəm”, – deyən ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçən Ali Məclisin sessiyasında Azərbaycanın müstəqil, demokratik və dünyəvi dövlət kimi fəaliyyət göstərməsi üçün mühüm siyasi və ideoloji mahiyyət daşıyan tarixi qərarlar qəbul edildi. Həmin dövrü xarakterizə edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Ulu öndər Heydər Əliyev Naxçıvanda siyasi fəaliyyət göstərdiyi qısa zaman kəsiyində müstəqil, demokratik və dünyəvi dövlət yaradılması üçün mühüm siyasi və ideoloji amilə çevrilən tarixi qərarlar qəbul etdi. Azərbaycanın müstəqil dövlət kimi sonrakı fəaliyyətinin bir sıra konseptual istiqamətləri məhz bu dövrdə işlənib hazırlandı. İlk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Dövlət bayrağı kimi qəbul olundu”.
Sessiyada “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında” Qərarın qəbul olunması, SSRİ kimi imperiyanın hələ tarix səhnəsindən silinmədiyi bir dövrdə Naxçıvanın adından “sovet”, “sosialist” sözlərinin çıxarılması çox böyük cəsarət tələb edirdi. Bununla, ümummilli liderimiz əslində milli dövlətçiliyimizin dirçəlişi istiqamətində ilk böyük addımını atdı. Ulu öndərimizin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada muxtar respublikanın dövlət rəmzləri haqqında məsələ də müzakirə olundu. Dahi şəxsiyyətin özünün işləyib hazırladığı və Ali Məclisdə yekdilliklə qəbul olunan “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” tarixi Qərarda deyilirdi:
“Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:
1. İlk Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsis edilsin.
2. Naxçıvan Muxtar Respublikasının digər dövlət rəmzi – Dövlət Himni və gerbi haqqında məsələ öyrənilib Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə verilsin.
3. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağının bütövlükdə Azərbaycan SSR-in dövlət rəmzi kimi təsis edilməsi məsələsi qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan SSR Ali Sovetindən xahiş edilsin”.
Bundan sonra yeni qəbul olunmuş bayraq zala gətirilmiş, beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin 70 il əvvəl endirilmiş ay-ulduzlu üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi ucaldılmışdır.
Beləliklə, milli dövlətçiliyimizin dirçəliş prosesinin hüquqi əsaslarının yaradılmasına məhz 17 noyabr 1990-cı ildə ulu öndərimizin rəhbərliyi ilə Naxçıvandan başlanmışdır. O dövrdə ulu öndər Heydər Əliyevin Naxçıvanda həyata keçirdiyi tədbirlər müstəqillik tariximizdə mühüm mərhələ təşkil edir.
Müstəqilliyimizin bərpasından keçən dövr ərzində ölkəmizdə milli atributlarımıza böyük sevgi ilə yanaşılmışdır. Müstəqilliyimizin, dövlətçiliyimizin və milli dəyərlərimizin daşıyıcısı olan üçrəngli bayrağımıza ümumxalq sevgisinin formalaşdırılması Heydər Əliyev siyasi yolunun əsasını təşkil edir. Bu yolun uğurla davam etdirilməsinin nəticəsidir ki, 2007-ci ildə paytaxt Bakı şəhərində Bayraq Meydanı yaradılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan bayrağının ilk dəfə Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edildiyi gündə – 2009-cu il noyabrın 17-də imzaladığı tarixi Sərəncam ilə təsis edilmiş Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü müqəddəs bayrağımıza, tarixi keçmişimizə və mənəvi-siyasi dəyərlərimizə, Naxçıvanda formalaşdırılan tarixi dövlətçilik ənənələrinə dövlət səviyyəsində olan diqqət və ehtiramın ən yüksək səviyyədə göstəricisidir.
Çoxəsrlik dövlətçilik tariximizdə qəbul olunmuş rəmzlərin, rəsmi şəkildə istifadə edilmiş bayraqların bütöv bir sistem halında tədqiq edilməsi milli ideologiyamızın tarixi köklərini və mahiyyətini müəyyən etmək baxımından mühüm əhəmiyyətə malikdir. Bu mənada, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” 2014-cü il avqustun 22-də imzaladığı Sərəncam tarixi əhəmiyyət daşıyır. Sərəncamın icrasına uyğun olaraq Naxçıvan şəhərində yaradılan və 2014-cü ildə Azərbaycan dövlətçiliyi üçün tarixi əhəmiyyət kəsb edən bir gündə – noyabrın 17-də Dövlət Bayrağı Meydanı və Muzeyinin təntənəli açılış mərasiminin keçirilməsi ulu öndərimiz Heydər Əliyevin yoluna sədaqətin təzahürü idi. Dövlət Bayrağı Meydanı və Muzeyinin açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Dövlətçilik tariximizdə mühüm yer tutan dövlət rəmzləri və bayraqlar bir tərəfdən nadir dövlətçilik irsinin varisləri kimi bizdə iftixar hissi doğurursa, digər tərəfdən Naxçıvanda mövcud olmuş qədim dövlətlərin tarixini öyrənməyə də geniş imkanlar yaradır. Naxçıvan şəhərində yaradılan Dövlət Bayrağı Meydanı və Muzeyi bu baxımdan mühüm əhəmiyyətə malik olacaqdır”.
Bu gün Naxçıvan şəhərindəki Bayraq Muzeyi dövlət atributlarımızın tarixi və onların gələcək nəsillərə çatdırılması baxımından müstəsna rol oynayır. Muzeydə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında qəbul olunan “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” Qərar və həmin tarixi günə aid fotoşəkillər nümayiş olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən muzeyə təqdim olunmuş Azərbaycan Respublikasının Dövlət Himninin mətninin və dövlət gerbinin təsvir olunduğu xatirə hədiyyələri, tarixən Naxçıvan ərazisində mövcud olmuş dövlətlərin, eləcə də Naxçıvan xanlığının bərpa olunmuş bayraqları, gerblər və inzibati xəritələri, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, qədim pul nişanları ekspozisiyada yerləşdirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı haqqında” 2014-cü il 17 noyabr tarixli Sərəncamına əsasən hər il noyabr ayının 17-si Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.
Üçrəngli bayrağımız Azərbaycanımızın müstəqilliyinin, xalqımızın milli mənsubiyyətinin, tarixinin, mənəvi dünyasının rəmzidir. Hər bir Azərbaycan vətəndaşı bayrağımıza ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir. Azərbaycan əsgəri də Vətənin suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı ali missiyanı öz üzərinə götürərkən üçrəngli bayrağa and içir. Bu gün qədim diyarın sakinləri noyabrın 17-ni Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd etməklə bütün dünyada Azərbaycan dövlətinin və xalqının imzasını əbədi təsdiq edən üçrəngli bayrağımızın qürurunu yaşayır.
Mehriban SULTAN