Dövlət Bayrağı Muzeyində dəyərli eksponatlar saxlanılır
Xalqımızın ləyaqətli, tükənməz duyğularından biri, heç şübhəsiz, bayraq sevgisidir. Bu sevgi tarix boyunca Azərbaycan xalqının canından belə əziz tutduğu müqəddəs duyğu olub, böyük dəyərə çevrilib. Vətənin bütövlüyünü, millətin müstəqilliyini ifadə edən bayraq əsrlər boyu xalqın milli kimliyinin, dilinin, mədəniyyətinin, dini-mənəvi əxlaqının milli ideologiyası kimi dəyərləndirilib.
1990-cı il noyabrın 17-də ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycan Respublikasının üçrəngli bayrağı zirvələrə ucaldılıb. Ümummilli liderimizin 1993-cü ildə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra dövlət bayrağımız milli suverenliyimizin simvolu kimi təsdiq olunub. Həmin dövrdən başlayaraq bayrağımızın qorunması və mühafizəsi ilə bağlı bir çox qanun və sərəncam imzalanıb. Bu gün dövlətçiliyimizin, milli dəyərlərimizin daşıyıcısı olan müqəddəs bayrağımıza həmin ehtiramın davamı kimi ölkə Prezidentinin müvafiq sərəncamları ilə bir sıra təqdirəlayiq işlər görülür, genişmiqyaslı tədbirlər həyata keçirilir. Elə paytaxt Bakı şəhərində Bayraq Meydanının yaradılması bayrağımıza olan sevgi və ehtiramın göstəricisidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2014-cü il 22 avqust tarixdə imzaladığı “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” Sərəncam da bu baxımdan mühüm əhəmiyyət kəsb edir.
2014-cü il noyabrın 17-də Ali Məclis Sədrinin iştirakı ilə açılış mərasimi keçirilən Dövlət Bayrağı Meydanı və Muzeyini yaxın günlərdə biz də ziyarət etdik. Muzeydə nümayiş etdirilən dəyərli eksponatlarla tanış olduq. Muzeyin direktor əvəzi İsfəndiyar İsmayılov bildirdi ki, hər bir ölkənin Dövlət Bayrağı onun müstəqilliyini təcəssüm etdirir. Ona görə də bayrağa münasibət Azərbaycanda tarixboyu özünü qabarıq şəkildə göstərib, xalqın milli mövcudluq simvolu sayılıb. Naxçıvan şəhərinin ən hündür zirvəsində yerləşən Dövlət Bayrağı Muzeyində nümayiş etdirilən dövlət rəmzləri, bayraq və xəritələr dövlətçilik tariximizi öyrənməyə geniş imkanlar yaradır.
Müsahibim qeyd etdi ki, Naxçıvanın ən qiymətli sərvətlərindən biri də muxtariyyətdir. Azərbaycanın bu tarixi ərazisində yaranmış qədim dövlətlər kimi, Naxçıvan Muxtar Respublikası da özünün dövlətçilik atributlarına malik olub. 1924-cü ildə qəbul edilmiş “Naxçıvan Sovet Sosialist Respublikası haqqında Əsasnamə” və Naxçıvan Muxtar Respublikasının 1926-cı, 1937-ci və 1978-ci il konstitusiyalarında dövlət gerbi və bayrağı haqqında müddəalar öz əksini tapmış, onların təsvirləri verilmişdir. İlk dəfə olaraq 1998-ci il Konstitusiyasında Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı və gerbi ilə yanaşı, Dövlət Himni də təsbit edilib. Muzeydə nümayiş etdirilən Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Əsasnaməsi və muxtariyyət dövründə qəbul olunan konstitusiyalar, eləcə də ölkəmizin müstəqilliyi dövründə nəşr edilmiş “Naxçıvan tarixi atlası” “Gümrü, Moskva və Qars müqavilələri”, “Naxçıvan tarixi” çoxcildliyi, “Naxçıvan Muxtar Respublikasının yubileyləri” kitabları Naxçıvanın muxtariyyət tarixini öyrənmək baxımından mühüm əhəmiyyətə malikdir.
Muzeyə baxış zamanı burada nümayiş olunan eksponatlardan müxtəlif dövrlərdə dövlət atributu kimi qəbul edilmiş bayraqlar diqqətimizi çəkdi. Burada öyrəndik ki, Naxçıvan İctimai Şuralar Cümhuriyyətinin bayrağı qəbul edilərkən Naxçıvana hələ muxtariyyət statusu verilməmişdi. Latın əlifbasının ərəb əlifbası ilə eyni hüquqda işlədilməsi haqqında Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin dekreti və Azərbaycan SSR-in ilk dövlət bayrağının təsviri əsasında 1922-ci il dekabrın 30-da Naxçıvan SSR-in ilk bayrağı təsdiq edilmişdir. Azərbaycan SSR-in 1927-ci ildə qəbul edilmiş Konstitusiyasına əsasən Naxçıvan Sosialist Şuralar Cümhuriyyəti bayrağının üzərindəki “İctimai” sözü “Sosialist” sözü ilə əvəz olunaraq 1937-ci il sentyabrın 18-də qəbul edilən Konstitusiyasında Naxçıvan Avtonom Sosialist Respublikasının bayrağı olaraq qəbul olunmuşdur.
Muzeydə Kəngərli süvari dəstəsinin döyüş bayrağı, həmçinin mərkəzi hissədə yerləşdirilmiş vitrinlərdə XII əsrdən başlayaraq müxtəlif dövrlərə aid edilən Eldənizlər dövlətinin bayrağının, Naxçıvan xanlığının gerb və bayrağının, Kəngərli süvarilərinin fəxri bayrağının, Naxçıvan qəzasının gerbinin, Naxçıvanda zərb olunmuş və pul dövriyyəsində işlədilmiş sikkələrin fotosurətləri də nümayiş olunan maraqlı eksponatlar sırasındadır.
Həmsöhbətim muzeydə nümayiş etdirilən ağac üzərində yonulmuş Dövlət Himninin mətni və gerbi əks olunmuş eksponat haqqında danışarkən qeyd etdi ki, bu eksponat Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən muzeyə hədiyyə olunub.
Muzeydə bayraqlarla yanaşı, xəritələr də nümayiş etdirilir. Müxtəlif dövrlərə aid olan Azərbaycan Respublikasının inzibati-siyasi xəritəsi, XII əsrdə yaranmış Azərbaycan Eldənizlər dövlətinin, 1747-1828-ci illərə aid Naxçıvan xanlığının, Araz-Türk Respublikası, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının xəritələri və Naxçıvanın inzibati ərazi bölgüsünü əks etdirən xəritə ekspozisiyada yer almaqdadır. Ekspozisiyada, həmçinin Naxçıvan Muxtar Respublikasının fəxri adları, medal və nişanları da sərgilənir. 1974-cü ildə Naxçıvan Muxtar Respublikasının 50 illiyi münasibətilə “Xalqlar Dostluğu” ordeni ilə təltif edilməsi və bu medalın ümummilli lider Heydər Əliyev tərəfindən Naxçıvan Muxtar Respublikasının bayrağına sancılması ilə bağlı foto, muzeyin açılışında dövlət bayrağını qaldıran gənclərlə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xatirə şəkli də muzeyin dəyərli eksponatlarındandır.
Müsahibimiz onu da qeyd etdi ki, Dövlət Bayrağı Muzeyi Naxçıvan şəhərinin ən hündür ərazisində yerləşir. Meydanda dalğalanan dövlət bayrağının uzunluğu 20, eni 10 metr, bayraq dirəyinin hündürlüyü isə 57 metrdir. Bayraq dirəyinin ətrafında yaradılmış muzey binası səkkizguşəlidir. Hazırda burada 159 eksponatdan 148-i nümayiş olunur, 11-i isə muzeyin fondunda mühafizə edilir.
Vurğulamaq lazımdır ki, Naxçıvan şəhərindəki Dövlət Bayrağı Meydanı və Muzeyi bu gün naxçıvanlıların və bura yolu düşən qonaqların daim ziyarət etdiyi müqəddəs ünvana çevrilib. Artıq burada müxtəlif tədbirlərin keçirilməsi ənənə halını alıb. “Muzey günləri” çərçivəsində muxtar respublikanın nazirlik, komitə, agentliklərinin, idarə, müəssisə və təşkilatlarının kollektivləri muzeyi ziyarət edir, burada onlara dövlət və döyüş bayraqlarımız haqqında ətraflı məlumatlar verilir. Bayrağımıza ehtiram hissini gücləndirmək məqsədilə dövlət qulluğuna yeni təyin olunmuş gənclərin andiçmə mərasimlərinin burada keçirilməsi onların bayrağımız haqqında daha geniş bilgilərə malik olmalarına şərait yaradır.
Bayraq keçmişimiz, bu günümüz və gələcəyimizin nişanəsi, milli kimliyimizin simvolu, xalqımızın zəfər tacıdır. Şəhid məzarları üzərinə sancdığımız, qarşısında baş əydiyimiz, daim zirvələrə yüksəltdiyimiz üçrəngli bayrağımız, qoy bundan sonra da azad və müstəqil Azərbaycanımızın üzərində əbədi və qürurla dalğalansın!
Gülcamal TAHİROVA