25 Dekabr 2024, Çərşənbə

Tariximizin hansı səhifəsini vərəqləsək, orada igid babalarımızın keçdiyi qəhrəmanlıq yollarının izinə rast gələrik. Çünki yaşadığımız torpağı qorumaq üçün Vətən uğrunda mübarizə əsas şərtdir. Məhz bu amil vətənpərvərliyi şərtləndirir. Əsl vətənpərvər isə Vətənə məhəbbətini sözdə deyil, gördüyü işdə, çəkdiyi zəhmətdə, fəaliyyətində nümayiş etdirir. Məhz buna görə də vətənpərvərliyin meyarı söz ilə əməlin üst-üstə düşməsidir. 

Ümummilli liderimiz Heydər Əliyevin milli dövlətçilik, vətənpərvərlik ideyaları bugünkü inkişafımızın təməlini təşkil edir. Ulu öndərin milli şüur – vətənpərvərlik şüuru elmi yanaşması xalqımızın vətənpərvərlik tərbiyəsində əvəzsiz nümunəyə çevrilib, vətəndaşlarımıza Vətən sevgisi aşılayıb. Dahi şəxsiyyətin fikrincə, Vətən yalnız coğrafi ərazi deyil, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının şan-şöhrəti, qeyrəti, əyilməz vüqarı, qürur mənbəyi, bütün varlığı, taleyi, gücü, qüdrəti, əbədi səcdəgahıdır. Bugünkü müasir, müstəqil, çiçəklənən Azərbaycan bütün varlığını, ömrünü, zəkasını öz xalqına, millətinə həsr etmiş ulu öndərimiz Heydər Əliyevin bizə ən müqəddəs, ən ülvi əmanəti, yadigarıdır.
Özünü ölkəsinin əsl vətəndaşı hesab edən hər bir ləyaqətli, iradəli, əqidəli, vətənpərvər gənc millətin adı və varlığı ilə fəxr edir, onda milli xarakter və milli mənəviyyat formalaşır. Çünki milli mənlikdə milli ideal, milli ləyaqət, milli şərəf, milli birlik hissi, azadlıq, müstəqillik arzuları, milli qürur hissi təcəssüm olunur. Milli mənlik hər bir şəxsin özünün milli mənsubiyyətini ətraflı dərk etməsinə imkan yaradır. Milli mənliyi olan şəxs Vətənlə bağlı heç bir hadisəyə laqeyd qala bilməz. Ona görə ki Vətən, torpaq məhəbbəti, millətin və xalqın qayğıları onun şəxsi istək və arzularını üstələyir, onu xalq üçün çalışmağa sövq edir.

Vətənpərvərlik insanın öz Vətəninə sevgi və sədaqətindən, doğma Vətənin siyasi, iqtisadi və mədəni tərəqqisi naminə çalışmaqdan və onun müdafiəsinə hər an hazır olmaqdan ibarətdir. Doğma yurda sədaqət həm də mövcud çətinliklərdən qorxmayıb vətəndaşlıq mətanəti göstərmək deməkdir.
Xalqımızın mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğundan çoxəsrlik tarixi keçmişdən yadigar qalmış tarix və mədəniyyət abidələrinə doğma münasibət, hər şeydən öncə, Vətənə məhəbbətin təcəssümüdür. Məhz buna görə də Vətənimizin keçmişinin şahidi olan tarixi abidələrə hörmət bəsləmək, xalqımızın tarixində milli qürur hissi yaradan, mərdlik simvoluna çevrilən tarixi qalaların əhəmiyyətini dərk etmək, qəhrəmanların döyüş yolunu öyrənmək, onların Vətən haqqında ibrətamiz kəlamlarını qavrayıb dərk etmək insanda vətənpərvərlik hissinin dərin iz buraxmasında müstəsna rol oynayır.
Təsadüfi deyil ki, xalqımızın yaratdığı şifahi xalq ədəbiyyatı nümunələrində və ədəbi mühitdə də vətənpərvərlik mövzusuna həssaslıqla yanaşılıb. Xalqımızın qədim dastanlarından olan, 13 əsrlik bir tarixə malik “Kitabi-Dədə Qorqud” dastanında yadellilərin Vətənə hücumu və xalqın öz yurdunu düşmənlərdən qoruması təsvir edilir. Bu dastanın bütün boyları vətənpərvərlik hissinin tərənnümündən ibarətdir. “Koroğlu”, “Şah İsmayıl”, “Qaçaq Nəbi” kimi xalq dastanlarında da vətənpərvərlik duyğuları əsas yer tutur.
Vətənpərvərlik yazıçı və şairlərimizin də yaradıcılığının aparıcı qüvvəsinə çevrilib. M.F.Axundovun, H.Zərdabinin, S.Ə.Şirvaninin Vətən sevgisi mücərrəd olmayıb, əməli işlə bağlı olan konkret vətənpərvərlikdir. M.F.Axundov yeni əlifbanın qəbul edilməsi uğrunda on illərlə mübarizə apararkən, H.Zərdabi ehtiyac içərisində yaşadığı halda, Azərbaycan dilində qəzet nəşr edərkən və ya S.Ə.Şirvani, həmçinin M.T.Sidqi pulsuz məktəb açarkən yalnız Vətənini, xalqın mənafeyini düşünüblər.
Hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzindən, intellektual səviyyəsindən, milli ruhundan və digər amillərdən asılıdır. Azərbaycan gəncliyi bütün dövrlərdə ölkənin taleyüklü məsələlərinə münasibətdə həlledici məqamlarda öz sözünü deyib. Ölkəmiz müstəqillik əldə etdikdən sonra gənc nəslin üzərinə daha böyük məsuliyyət düşür. Müstəqilliyin əldə edilməsində olduğu kimi, onun qorunub saxlanmasında da gənclərin rolu danılmazdır. Gənc nəsil həm də xalqın əsrlər boyu yaratdığı ənənələri, milli mədəniyyəti yaşadır və gələcək nəsillərə ötürür. Onlar dövlətin həm bu günü, həm də gələcəyidir.
Bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasətinin, gənclərə göstərilən diqqət və qayğının əsasında ölkə üçün layiqli vətəndaş və sağlam nəslin yetişdirilməsi dayanır. Müstəqilliyin üçüncü onilliyini yaşayan Azərbaycana məhz milli şüura malik vətənpərvər gənclər lazımdır. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu müstəqil Azərbaycanın gənclər siyasəti də məhz bu amala xidmət edir. Ulu öndər müstəqil düşüncə tərzinə sahib vətənpərvər nəslin yetişdirilməsini dəfələrlə qürur hissi ilə vurğulayaraq demişdir: “Məni hədsiz dərəcədə sevindirən odur ki, Azərbaycanın gələcəyini möhkəm əllərdə saxlaya bilən, Azərbaycanı daim bütün xətalardan qoruya bilən, Azərbaycanın dövlət müstəqilliyini, demokratik dövlətini qoruya bilən gəncliyi var”.
Naxçıvan Muxtar Respublikasında da yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin düzgün təşkili, milli dəyərlərin qorunub saxlanması, vətəndaşlıq hisslərinin aşılanması diqqət mərkəzindədir. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində yeniyetmə və gənc­lərin təhsili, sağlamlığının qorunması, asudə vaxtlarının səmərəli təşkili, vahid mərkəzdə eyni ideal ətrafında birləşməsi sahəsində əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Eyni zamanda şəhid ailəsi və müharibə iştirakçıları üçün hərtərəfli şəraitin yaradılması, onların sosial problemlərinin uğurlu həlli də gənc­liyin vətənpərvərlik tərbiyəsinə təsir edən amillərdəndir.
Milli və mənəvi dəyərlərə bağlılıq insanda öncə vətənpərvərlik hisslərini gücləndirir, sonrakı mərhələlərdə isə insanın əsl vətəndaş olmasında birbaşa rol oynayır. Bu baxımdan Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatı müxtəlif layihələr icra edir, müstəqilliyimiz uğrunda şəhid olmuş həmvətənlərimiz, Milli Qəhrəmanlarımızın keçdiyi döyüş yolunun gənc nəslə çatdırılmasına çalışır.
Vətənpərvər nəslin yetişdirilməsi vacib, çətin və kompleks bir vəzifədir. Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatı bundan sonra da bu sahədə fəaliyyətini davam etdirəcəkdir.

Mirməcid SEYİDOV
Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri
Naxçıvan Muxtar Respublika Təşkilatının sədri

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR