25 Dekabr 2024, Çərşənbə

Milli birlik və həmrəylik ideyası sivil insan cəmiyyəti formalaşandan mövcud olmuş, müəyyən inkişaf yolu keçərək təkmilləşmiş, hər bir xalqın vahid məqsədlər ətrafında birləşməsində vacib rol oynamışdır. Qloballaşan dünyada isə ayrı-ayrı xalqların, dövlətlərin sülh, əmin-amanlıq, tərəqqi məqsədilə yaxınlaşdığı, habelə bəşər sivilizasiyasının yeni-yeni mənəvi dəyərlər, humanizm çalarları ilə zənginləşdiyi bir vaxtda milli özünüdərkin təsdiqi, insanların öz kökünə bağlılığı getdikcə daha böyük əhəmiyyət daşıyır. XX əsrin sonlarında Azərbaycan Respublikası da öz dövlət müstəqilliyini bərpa etməsi ilə xalqımızın ictimai-siyasi, milli-mənəvi və mədəni həyatında keyfiyyətcə yeni tarixi mərhələ başlanmışdır. 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə elan edilmiş milli-mənəvi birliyə çağırış ümumxalq mənafelərimizin həyata keçirilməsi naminə soydaşlarımızın Azərbaycançılıq ideyası əsasında sıx birləşməsi prosesinin başlanğıcını qoymuşdur.

Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini ulu öndər hələ 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyərkən diqqət mərkəzində saxlamışdır. Ümummilli liderimizin rəhbərliyi ilə 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən “31 Dekabr – Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərar qəbul edilmişdir. Qərara əsasən 1991-ci ilin son günü – 31 de­kabrda həmrəylik bayramı ilk dəfə muxtar respublikada kütləvi tədbirlərlə qeyd olunmuşdur. Bayramın bütün dünya azərbaycanlıları tərəfindən birlik, həmrəylik günü kimi hər il böyük təntənə və qürur hissi ilə qeyd edildiyini bildirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Dünya azərbaycanlılarının həmrəyliyi və birliyi üçün ulu öndər çox böyük səylər göstərmişdir. Hələ 1991-ci ildə Naxçıvanda onun təşəbbüsü ilə 31 dekabr “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” kimi elan edilmişdir”.

Ulu öndərimiz dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarla münasibətlər qurmaq, onları ümummilli mənafelər naminə səfərbər etmək, yaşadıqları ölkələrdə Azərbaycanın tanıdılması istiqamətində sistemli tədbirlərin icrasına başlamaq kimi vəzifələri xarici siyasət xəttində prioritet fəaliyyət istiqaməti kimi müəyyənləşdirmişdir. Ölkənin qüdrətinin yalnız siyasi və iqtisadi resurslarla yox, xaricdə formalaşdırdığı diaspor və lobbiçilik fəaliyyəti ilə də ölçüldüyünü qeyd edən dahi şəxsiyyətin uzaqgörən siyasəti nəticəsində bu istiqamətdə mühüm tədbirlər həyata keçirilmişdir. Məhz xalqımızın böyük oğlunun təşəbbüsü ilə 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi milli həmrəyliyin ən yüksək zirvəsi, diaspor quruculuğu sahəsində həlledici mərhələnin başlanğıcı olmuşdur. Qurultayda 36 xarici ölkə­də yaşayan həmvətənlərimizin cəmləşdiyi 200-dən çox müxtəlif təşkilatdan 403 nümayəndə və 63 qonaq iştirak etmişdir. Dahi rəhbərimiz qurultaydakı nitqində dünya azərbaycanlıları arasında milli birliyin və həmrəyliyin təmin edilməsi, Azərbaycan dövləti ilə dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi və qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsinin vacibliyini vurğulayaraq demişdir: “Azərbaycan dövlətinin vəzifəsi ondan ibarətdir ki, bütün ölkələrdə yaşayan azərbaycanlılara mümkün olan qayğını, diqqəti göstərsin, onların həyatı ilə maraqlansın və dövlətimizlə ayrı-ayrı ölkə­lərdə olan Azərbaycan icması arasında əlaqələri daha da inkişaf etdirsin. Xaricdə yaşayan azərbaycanlılar isə gərək indi müstəqil Azərbaycan ilə daha sıx əlaqələr qursunlar. Bunlar dünyada olan bütün azərbaycanlıların birliyinin, həmrəyliyinin təmin olunması üçün əsas şərtdir”.
Sonrakı illərdə də dünya azərbaycanlılarının təşkilatlanması istiqamətində mühüm tədbirlər görülmüş, ulu öndər 2002-ci ildə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması barədə Fərman imzalamışdır. Bu, xaricdə fəaliyyət göstərən Azərbaycan cəmiyyətlərinin, birliklərinin və dərnəklərinin fəaliyyətinin vahid mərkəzdən idarə olunmasına şərait yaratmışdır. 2002-ci il dekabrın 27-də isə “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanun qəbul edilmişdir. Ümummilli liderimiz tərəfindən diaspor qurucu­luğu sahəsində mühüm qərarların qəbulu dünya azərbaycanlılarının mütəşəkkilliyini təmin etmişdir. Dahi şəxsiyyətin dünya azərbaycanlıları tərəfindən böyük nüfuz və etimada malik şəksiz milli lider kimi qəbul edilməsi isə soydaşlarımızın Azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşməsinə şərait yaratmışdır. “Azərbaycanlılar! Harada olursan ol, hansı ölkədə yaşayırsan yaşa, ancaq Azərbaycan haqqında, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü haqqında, Azərbaycan xalqının bu günü və gələcəyi haqqında düşünməlisən”, – deyən ulu öndər həmrəylik məsələsini milli-mənəvi vəzifə kimi irəli sürmüşdür.
Dahi şəxsiyyətin dünya azərbaycanlılarının həmrəyliyinin, birliyinin təmin edilməsi ilə bağlı ideyaları bu gün də aktuallığını qoruyur. Bu siyasət Heydər Əliyev siyasi yolunun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, bu sahədə ardıcıl və qətiyyətli addımlar atılır. Dövlət başçısının 2006-cı il fevralın 8-də imzaladığı Sərəncama əsasən həmin il martın 16-da Bakı şəhərində Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi diaspor quruculuğu işinə əsaslı töhfə vermişdir. Həmin qurultayda Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin ideyalarını daha da inkişaf etdirərək təkcə dünya azərbaycanlılarının birləşdirilməsi ilə kifayətlənməməyi, Azərbaycan və türk diasporlarının birləşərək amansız və məkrli düşmənə qarşı vahid cəbhədə mübarizə aparmasını tövsiyə etmişdir.
Dövlət başçısının müvafiq sərəncamına uyğun olaraq 2011-ci il iyulun 5-də isə Bakı şəhərində Dünya Azərbaycanlılarının III Qurultayı keçirilmiş, nüfuzlu tədbirdə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, xarici ölkələrdə yaşayan azərbaycanlı elm, ictimai və mədəniyyət xadimləri, iş adamları iştirak etmişlər. III Qurultay bir daha göstərmişdir ki, Azərbaycanın inamla irəliləyərək iqtisadi artım tempinə görə dünyanın lider dövlətinə çevrilməsi, Cənubi Qafqazda əsas söz və nüfuz sahibi kimi çıxış etməsi dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizi daha da ruhlandırmış, onların müstəqil dövlətin xoşbəxt sabahına inamını artırmışdır. 2016-cı il iyunun 3-də Bakıda, Heydər Əliyev Mərkəzində öz işinə başlayan Dünya Azərbaycanlılarının IV Qurultayında bu istiqamətdə görülmüş işlər, qəbul edilmiş qərarlar, tədbirlər geniş müzakirə olunmuşdur. İki gün davam edən tədbirdə 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq iştirak etmişdir.
Xaricdə yaşayan soydaşlarımızın Azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməsində, milli dias­por təşkilatlarının yaranmasında və inkişafında dünya azərbaycanlılarının həmrəyliyi və birliyi vacib şərtdir. Dünya azərbaycanlılarının qurultayları məhz bu birliyin təntənəsinə çevrilmişdir. Bu gün harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz güc və qüvvəsini Azərbaycan dövlətçiliyi uğrunda səfərbər etməlidir. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Müstəqil Azərbaycan bütün azərbaycanlıların vətənidir. Bizim bir vətənimiz var – Azərbaycan! Bizim bir dilimiz var – Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var – Azərbaycançılıq məfkurəsi! Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar həmişə bir yerdə olsunlar. Həmişə bilsinlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır və onlar hər zaman Azərbaycan dövlətinə arxalana bilərlər”.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR