Dövlət orqanlarında inzibati vəzifələrin dördüncü-yeddinci təsnifatına uyğun vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 12 iyul 2017-ci il tarixdə elan edilmiş müsabiqənin müsahibə mərhələsinə bu ilin noyabr ayının 6-dan start verilmişdir. Müsahibələrdə ilk olaraq Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyində, Mərkəzi Seçki Komissiyasında və Səhiyyə Nazirliyində işləmək istəyən namizədlər iştirak ediblər.
Müsahibə zamanı namizədə ixtisasına, iddia etdiyi vəzifənin qulluq funksiyasına, xarici dil biliklərinə, informasiya texnologiyalarından istifadə bacarığına və dünyagörüşünə uyğun suallar verilir. Müsahibə mərhələsində obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə müsahibə qrupunun tərkibində müstəqil ekspertlər, komissiyanın və dövlət orqanlarının nümayəndələri iştirak edirlər. Həmçinin müsahibə prosesinin videoçəkilişi aparılır.
Qeyd edək ki, 49 dövlət orqanı üzrə müsabiqəyə çıxarılan 642 vakant vəzifənin tutulması üçün 744 namizəd sənəd vermişdi. Test mərhələsində müvafiq keçid balını toplamış 389 namizəddən 312-si müsahibə mərhələsində iştirak etmək üçün sənədlərini təqdim etmişdir. Bu mərhələdən keçmək məqsədilə namizədlərə hazırlaşmaları üçün dövlət orqanları üzrə müsahibə proqramları tərtib edilmişdir. Bu proqramlar komissiyanın rəsmi internet saytında yerləşdirilmiş, ümumi, dövlət orqanı və vəzifə üzrə proqramlarda ədəbiyyat siyahıları göstərilmişdir.
Bu il noyabr ayının 1-də müsahibəyə hazırlıq məqsədilə komissiyanın akt zalında müstəqil ekspertlər və dövlət orqanlarının nümayəndələri üçün seminar keçirilmişdir.
Müsahibə başa çatdıqdan dərhal sonra namizədlərin yekun bal arayışları hazırlanır və şəxsi işlərinə əlavə olunur. Qanunvericiliyə uyğun olaraq keçid balını toplamış namizəd haqqında məlumatlar komissiyanın müşayiət məktubu ilə müvafiq dövlət orqanına təqdim edilir. Müsahibənin nəticələri haqqında məlumatlar dərhal komissiyanın rəsmi internet saytında yerləşdirilir.
Digər dövlət orqanları üzrə müsahibələr komissiyanın rəsmi internet saytında yerləşdirilmiş qrafikə uyğun olaraq noyabr ayının 23-nə qədər davam edəcəkdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə
Komissiyanın mətbuat xidməti