Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətindən aldığımız məlumata görə, cari ilin oktyabr ayı ərzində xidmət miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, idarə edilməsi və tənzimlənməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində müvafiq tədbirləri davam etdirilib. Ötən ay xidmət tərəfindən muxtar respublikada olma və yaşama qaydalarına əməl etmədən mövcud qanunvericiliyin tələblərini pozmuş 30 əcnəbi aşkarlanıb. Onlardan 26-sı barəsində Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərketmə, 4-ü barəsində inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılma qərarı qəbul edilib.
Ümumilikdə, ay ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, habelə Azərbaycan Respublikası vətəndaşları tərəfindən 778 müraciət daxil olub. Bu müraciətlərdən 151-i əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti və daimi yaşamaq üçün icazənin, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazəsinin verilməsi, eləcə də vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlıdır. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib. Ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı xidmət tərəfindən 627 müraciət qeydə alınaraq icrası təmin olunub. Həmin müraciətlərdən 252-si elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilib.
Hazırda Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq ardıcıl maarifləndirmə tədbirləri həyata keçirilir.
Xəbərlər şöbəsi