Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi idarə və təşkilatların, əhalinin diqqətinə çatdırır ki, 25 oktyabr 2017-ci il tarixdən etibarən dünya ölkələrinin informasiya sistemlərinə və şəbəkələrinə növbəti virus hücumu zərbə vurmağa başlayıb. 200-dən çox dövlət qurumunun və özəl təşkilatların informasiya sistemlərinə zərbə vuran “Bad rabbit” adlandırılan “ransomware” virusu muxtar respublikamızda da kompüter şəbəkələrini təhlükə qarşısında qoya bilər. Qeyd edək ki, virus “Win32/Diskcoder.D”, “Trojan-Ransom.Win32.Gen.f”, “Win32/Tibbar”, “Troj/Ransom-ERK” adları altında sistemlərə nüfuz edir.
Rusiya, Türkiyə, Ukrayna, Almaniya kimi ölkələrdə sürətlə yayılan virus “Petya” virusunun bir başqa formasıdır. Hücumçu kompüter sistemlərini kilidləyir və açılması üçün qurbandan 0.05 bitcoin (təxminən, 285 dollar) tələb edir. Belə ki, virus bəzi rus xəbər media saytlarına daxil olan istifadəçilərə saxta “Adobe Flash Player”də yenilik barəsində pop-up reklam mesajı kimi təqdim olunaraq yayılıb. Bununla yanaşı, istifadəçilər bu və ya digər təhlükəli veb-saytlara daxil olduğu zaman zərərli fayllardan ibarət olan saytlara yönləndirilir.
Kompüter sistemlərini təhlükədən qorumağınız üçün Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi yerli istifadəçilər üçün aşağıdakıları tövsiyə edir:
- ziyanvericinin şəbəkənizdə yayılmasının qarşısını almaq üçün WMI xidmətini (Windows Management Instrumentation Command-line) deaktiv etmək;
- istifadə etdiyiniz kompüter və informasiya sistemlərinizdəki “Windows” əməliyyat sistemlərində mövcud olan boşluqların aradan qaldırılması üçün dərhal təzələnmə “patch” proqramın yüklənməsi və quraşdırılması işlərini aparmaq;
- e-poçt vasitəsilə göndərilən naməlum fayllara, tanış olmayan hər hansı digər mənbəyə keçidə daxil olmamaq;
- vacib sənədlərin ehtiyat nüsxəsini yaratmaq;
- qeyri-rəsmi mənbələrdən tətbiqetmələr yükləyib quraşdırmamaq;
- aktiv və antivirus bazası aktual olan antivirusdan istifadə etdiyinizdən əmin olmaq;
- əgər hər hansı antivirus proqramı istifadə edilmirsə, “Microsoft Defender” antivirus proqramından istifadə etmək;
- antivirus proqramı vasitəsilə kompüterinizdə mövcud ola biləcək yoluxmaları yoxlamaq.
İnternetdən istifadə zamanı təhlükəsizlik qaydalarına riayət etməyiniz, baş vermiş yoluxmalar barədə və ya əməli yardıma ehtiyac olduqda Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin “209” nömrəli qaynar xəttinə zəng etməyiniz və ya
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
elektron ünvanına yazmağınız tövsiyə olunur.
Hörmətli kompüter istifadəçiləri, yuxarıda qeyd edilən profilaktik tədbirlərin həyata keçirilməsi sizin elektron məlumatlarınızın qorunmasını təmin edəcəkdir.
Naxçıvan Muxtar Respublikası Rabitə və
Yeni Texnologiyalar Nazirliyi yanında
Elektron Təhlükəsizlik Mərkəzi