25 Dekabr 2024, Çərşənbə

Azərbaycanda arxiv quruculuğu çox çətin bir yol keçib. Uzun illər vətənimizin müxtəlif işğalçı dövlətlərin mübarizə meydanına çevrilməsi nəticəsində ölkəmizə aid olan qiymətli sənədlər ya məhv edilib, yaxud da talanıb aparılıb. Yalnız müstəqilliyimiz yenidən bərpa edildikdən sonra ölkəmizdə bu işlə ciddi şəkildə məşğul olunmağa başlanılıb. Bu məsul və şərəfli vəzifəni yerinə yetirən arxiv orqanlarından biri də Naxçıvan Dövlət Arxiv İdarəsinin tərkibində fəaliyyət göstərən Naxçıvan Muxtar Respublikası Dövlət Arxividir. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin direktoru Zülfiyyə İsmayılova başçılıq etdiyi qurumun tarixi haqqında qısa məlumat verir:

– Ölkəmizdə arxiv işinin əsası 1920-ci il dekabr ayının 6-da Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanov tərəfindən imzalanmış “Vahid dövlət arxiv fondunun yaradılması və Xalq Maarif Komissarlığı yanında mərkəzi dövlət arxivinin təşkili haqqında” dekretlə qoyulub. Həmin dekretə müvafiq olaraq Azərbaycan ərazisində keçmişdə mövcud olmuş və dekret verilərkən fəaliyyətdə olan idarə, təşkilat və müəssisələrin arxivləri Vahid dövlət arxiv fondunun tərkibinə daxil edilməli, kargüzarlıqdan qurtarmış işlər isə mərkəzi dövlət arxivinə verilməli idi. 1921-ci ilin yanvarından Bakıda fəaliyyətə başlayan Azərbaycan SSR Mərkəzi Dövlət Arxivi Qafqazda ilk dövlət arxivi idi. Ötən əsrin otuzuncu illərində yerlərdə arxiv sənədlərinin mühafizəsi və istifadəsi məqsədilə respublikanın bir sıra şəhər və rayonlarında arxiv büroları yaradıldı ki, onlar da sonralar şəhər və rayon dövlət arxivlərinə çevrildilər.

Naxçıvan Dövlət Arxivi 1925-ci ildən fəaliyyətə başlayıb. Həmin illərdə o, Xalq Maarif Komissarlığının tərkibində olub. Hazırda isə Naxçıvan Dövlət Arxivi Naxçıvan Dövlət Arxiv İdarəsinin tərkibində fəaliyyət göstərir. İdarənin tərkibinə həm də 7 rayon arxivi daxildir.
Naxçıvan Dövlət Arxiv İdarəsi və Naxçıvan Dövlət Arxivi “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununu, həmin qanunun icrası barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli Qərarı ilə təsdiq olunmuş normativ-hüquqi sənədləri, “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 dekabr tarixli, “Naxçıvan Dövlət Arxiv İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 28 iyul tarixli fərmanlarını, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin və Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin əmr, sərəncam və göstərişlərini rəhbər tutaraq öz işini davam etdirir.
Zülfiyyə İsmayılovanın sözlərinə görə, burada arxiv fondlarının və kino-foto sənədlərinin mühafizəsi, arxiv fondları sənədlərinin komplektləşdirilməsi və dəyərinin ekspertizası, informasiya-axtarış, dövlət arxiv fond sənədlərindən istifadə edilməsi və publikasiya, arayış xüsusiyyətli sənədlərlə iş, fond sənədlərinin elektron daşıyıcılara köçürülməsi olmaqla, 6 şöbə və arxiv sənədlərini qaydaya salan mərkəz fəaliyyət göstərir. Həmçinin şəhər arxivi də Naxçıvan Dövlət Arxivinin binasında yerləşir.
Öyrəndik ki, arxivdə saxlanılan ən qədim sənəd 1833-cü ilə aiddir. Ümumilikdə, arxivdə 745 fond mühafizə edilir ki, bunlardan da 710-u idarə və təşkilatlardan daxil olunan sənədlər, 35-i isə şəxsi fond sənədləridir. Arxivdə Sosialist Əməyi Qəhrəmanı Bahar Talıbova, pedaqoji elmlər doktoru İbrahim Mollayev, şair-dramaturq Hüseyn Razi, tarix elmləri namizədi Əli Əliyev, şair Müzəffər Nəsirli, Həsən Fətullayev, Kəmalə Ağayeva, Elman Həbib, filologiya elmləri doktoru, professor Yavuz Axundov, Xalq artistləri Əyyub Haqverdiyev və İsa Musayev kimi ziyalıların şəxsi fondları ­yaradılıb.
Arxivdə 74 min 91 foto, 4 min 79 kino, 2 min 53 şəxsi mənşəli, 388 min 119 kağız əsaslı sənədlər qorunub saxlanılır. Burada, həmçinin sənədlərin bərpası işi də həyata keçirilir. Bərpaçı Aynur Bağırova deyir ki, artıq 12 ildir, bu vəzifədə işləyir. Mühafizəxanada bərpaya ehtiyacı olan sənədlər seçilərək bərpa olunur.
Arxivdə oxu zalı da yaradılıb. Burada müxtəlif mövzularda kitablar var. Oxucu istədiyi ədəbiyyatdan, eləcə də lazımi arxiv materialından rahat şəkildə istifadə edə bilər. Qeyd edək ki, zalda oxunması zəruri olan kitablardan ibarət guşə də yaradılıb.
Zülfiyyə xanım deyir ki, elmi-tədqiqat işlərilə məşğul olan, bu gün müəyyən qaynaqları əldə etmək üçün buraya müraciət edənlərin sayı az deyil. Onlara yüksək səviyyədə xidmət göstərilməsi təmin edilib. Arxiv əməkdaşları unutmurlar ki, hər bir sənəd hansısa bir insanın mövcud probleminin həllinə kömək ola bilər. Buna görə də kollektiv üzvləri onlara müraciət edənlərə həssaslıqla yanaşırlar.
Direktor muxtar respublika rəhbərinin arxivə, burada çalışanlara göstərdiyi diqqət və qayğısından da minnətdarlıqla söhbət açdı. Belə ki, 2012-ci il sentyabrın 26-da Arxiv İdarəsinin binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilib. Binada sənədlərin saxlanması üçün hərəkətli rəflər qoyulub, müasir havalandırma, soyutma və istilik sistemləri quraşdırılıb. Hərəkət mexanizminin quraşdırılması rəfləri paralel relslər üzərində asanlıqla hərəkət etdirməyə imkan verir. Bütün bu yaradılan şərait isə işçilərin səmərəli fəaliyyətinə kömək edir. O vurğuladı ki, kollektiv bundan sonra da öz işini tələb olunan səviyyədə quracaq, qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsində fəallıq göstərəcək.

 Fatma BABAYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR