25 Dekabr 2024, Çərşənbə

Bu il avqust ayının 26-da “Naxçıvan Muxtar Respublikasında 2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələr”ə dair keçirilmiş müşavirədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə mövsümi qazanxana işçilərinin qabaqcadan təlimatlandırılması ilə bağlı hazırlıq tədbirlərinə başlanılması, ocaqçıların müvafiq kurslara cəlb olunması, bərpa müəssisələrinin, eləcə də Ahıllar Evinin təminatı üçün tədbirlərin görülməsi, hərbi hissələr üçün yun corabların toxunması işinin davam etdirilməsi ilə bağlı tapşırıqlar verilmişdir. 

Həmin tapşırıqların icrası ilə əlaqədar nazirlik tərəfindən tədbirlər planı hazırlanmış və tabeli qurumların bu sahədə fəaliyyətləri müəyyənləşdirilmişdir.
Nazirlikdən aldığımız məlumata görə, tabelikdə olan qurumların inzibati binalarına, habelə kənd xidmət mərkəzlərindəki bərbərxana, gözəllik salonu və dərzi sexlərinə baxış keçirilmiş və çatışmazlıqlar müəyyənləşdirilmişdir. Bunların aradan qaldırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məlumat təqdim edilmişdir.

Bundan əlavə, 2017-ci il 5 sen­tyabr tarixdən Fövqəladə Hallar Nazirliyi ilə birgə qazanxana işçilərinin qabaqcadan təlimatlandırılması üçün maarifləndirmə tədbirlərinə başlanılmış, bu günədək 309 müəssisənin qazanxanasına baxış keçirilmişdir. Həmin müəssisələrdə 729 vahid qazanxana ştatı üzrə işləyənlərdən 623 nəfərin müvafiq peşə təhsilinə malik olduğu, 65-nin peşə təhsili olmadığı, habelə 41 vakant yer müəyyən edilmişdir. Hazırda müəssisələrdə qazanxana işçilərinin təlimatlandırılması üçün maarifləndirici tədbirlər davam etdirilir.
Müvafiq peşə təhsilinə malik olmayan, həmçinin məşğulluq xidməti orqanlarında işaxtaran kimi qeydiyyatda olan şəxslərin peşə hazırlığı məqsədilə Naxçıvan Regional Peşə Tədris Mərkəzində qazanxana işçiləri üçün təşkil edilmiş kurslara 48, Təhsil Nazirliyinin tabeliyində olan peşə tədris müəssisələrindəki kurslara isə 54 nəfər cəlb edilmişdir.
Verilmiş tapşırıqların icrasına uyğun olaraq hərbi hissələr üçün yun corab və yun şərf toxunması məqsədilə sağlamlıq imkanları məhdud 19 qadınla müqavilə bağlanmışdır. İlkin olaraq toxunmuş 1107 cüt yun corab və 214 ədəd yun şərf hərbi hissələrə təhvil verilmişdir.
Qeyd olunanlarla yanaşı, sosial-məişət xidməti göstərilən ahılların qış mövsümünə uyğun zəruri ehtiyacları müəyyənləşdirilmiş, ümumilikdə, 68 nəfər tənha ahıl mövsümi geyim və digər vasitələrlə, o cümlədən 64 metr polietilen, 112 ədəd soba borusu, 3 cüt yun corab, 11 cüt qış ayaqqabısı, 3 ədəd yun geyim və 1 ədəd yataq üçün yun örtüklə təmin olunmuşdur.
Hazırda verilmiş digər tapşırıqların icrası istiqamətində işlər davam etdirilir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR