25 Dekabr 2024, Çərşənbə

Şərur rayonunun Qarahəsənli kəndində Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının xətti ilə keçirilən elmi-praktik konfransı giriş sözü ilə ərazi ilk partiya təşkilatının sədri Baxşəli Zeynalov açıb. Sonra rayon təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Baba­yevin “Ulu öndər Heydər Əliyev ideyalarının təntənəsi” mövzusunda məruzəsi dinlənilib.
Konfransda rayon təşkilatının idarə heyətinin üzvü Ünbülbanu Musayeva “Demokratik cəmiyyətin formalaşmasında ulu öndər ideyalarının rolu”, rayon Təhsil Şöbəsinin müdiri Zaur Həsənov “Müasir Azərbaycan təhsili ümummilli lider Heydər Əliyev siyasətinin uğurudur”, təşkilatın Gənclər Birliyinin sədri Mirkərim Seyidov “Müstəqil Azərbaycanda gənclər siyasəti prioritet vəzifədir” mövzularında məruzə ilə çıxış ediblər.
Qeyd olunub ki, respublikamızın həyatında hərtərəfli inkişafa və tərəqqiyə doğru dönüş mərhələsinin başlanğıcını qoyan 1969-cu il tarixi həm də soykökümüzə, tarixi yaddaşımıza, milli və mənəvi tərəqqiyə doğru dönüş mərhələsi oldu. Təhlillər də sübut edir ki, Azərbaycanın müstəqil dövlət quruculuğu yolu məhz həmin dövrdən başlanıb. 1969-1982-ci illərdə ümummilli liderimiz Azərbaycanın hərtərəfli yüksəlişi üçün böyük uzaqgörənliklə məqsədyönlü tədbirlər həyata keçirib.

Çıxışlarda qeyd olunub ki, dahi şəxsiyyət Heydər Əliyevin 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanda hüquqi, demokratik dövlətin və vətəndaş cəmiyyətinin yaradılması istiqamətində elmi-nəzəri əsaslara söykənən siyasi islahatlar strategiyası həyata keçirilib. Ulu öndərin birbaşa təşəbbüsü ilə hazırlanan və 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunan Azərbaycan Respublikasının Konstitusiyasında hakimiyyət bölgüsü prinsipi, demokratik, dünyəvi dövlət quruculuğunun hüquqi əsasları, insan hüquq və azadlıqlarının təmin olunması təsbit edilib.
Vurğulanıb ki, dahi şəxsiyyətin müəyyənləşdirdiyi sosial-iqtisadi siyasətin müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində əldə olunmuş nailiyyətlər və toplanmış təcrübə bu gün respublikamızın hərtərəfli inkişafı və dünya iqtisadiyyatına inteqrasiyasında mühüm rol oynayır. Bunu günü-gündən yeniləşən və tərəqqi edən muxtar respublikamızın timsalında da aydın görmək mümkündür. Muxtar respublikada bir-birinin ardınca istifadəyə verilən sosial-mədəni obyektlər, işə salınan istehsal və emal müəssisələri, sahibkarlığın inkişafına göstərilən qayğı, işsizliyin aradan qaldırılması və məşğulluğun təmin olunması istiqamətində həyata keçirilən tədbirlər əhalinin maddi rifah halının yüksəlməsinə rəvac verir.
Tədbirdə partiya sıralarına qəbul edilən bir qrup gəncə yeni üzvlük vəsiqələri təqdim olunub, partiya veteranları mükafatlandırılıblar.

Elman MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR