Türkiyə Cümhuriyyəti 94 il bundan əvvəl – 1923-cü ildə yaranmışdır.
1920-ci ilin avqustunda imzalanmış ədalətsiz Sevr sazişi Türkiyənin dövlətçiliyini və gələcəyini təhlükə altında qoymuşdu. Türk xalqı ədalətsizliklə barışmayaraq 1919-cu ildə ölkədə milli azadlıq mübarizəsinə başladı. Mübarizəyə general Mustafa Kamal Atatürk rəhbərlik edirdi. Onun rəhbərliyi ilə qurtuluş savaşı aparan türk ordusu işğalçılara sarsıdıcı zərbə vuraraq 1922-ci ilin avqustunda böyük zəfər qazandı. Qələbənin qazanılmasında türk xalqı ilə yanaşı, Azərbaycan xalqı da iştirak etmiş, şəhidlər vermiş, türk xalqına qardaşlıq köməyini əsirgəməmişdir.
1923-cü il oktyabrın 29-da müstəqil Türkiyə Respublikasının yaradılması bütün dünyaya bəyan edildi. Atatürkün qurduğu Türkiyə Respublikası bu gün bölgədə və dünyada inkişaf etmiş dövlətə çevrilib. Güclü iqtisadiyyatı, qüdrətli ordusu ilə Türkiyə Respublikası hazırda beynəlxalq aləmdə öz mövqeyi olan ölkələrdən biridir. Türkiyə xalqı milli-mənəvi dəyərlərini, adət-ənənələrini qoruyub saxlamaqla dünyanın qüdrətli ölkələri sırasına çıxmış, demokratiyanın və insan hüquqlarının bərqərar olmasına dəyərli töhfələr vermişdir.
Dünyada bir-birlərinin dövlət müstəqilliyini Azərbaycan və Türkiyə qədər dəstəkləyən və həmrəylik göstərən başqa bir nümunə tapmaq çətindir. Tarixə nəzər salsaq görərik ki, Türkiyə və Azərbaycan xalqları daim bir-birinin yanında olmuşlar. Hər iki dövlətin müstəqillik tarixi ağır və qanlı müharibələrdən keçib, hər iki dövlətin qurucularının – ümummilli lider Heydər Əliyevin və Mustafa Kamal Atatürkün çox güclü siyasi iradəsi, xalqı irəliyə aparmaq əzmi məxsus olduqları xalqı və dövləti yaşadıb, bu gün də yaşadır. Azərbaycanla Türkiyənin strateji tərəfdaşlığı hər iki xalqın eyni kökə mənsub olmasından qaynaqlanır. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan-Türkiyə əlaqələrinə yüksək qiymət verərək demişdir: “Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələri böyük tarixə malikdir. Biz tarix boyu, əsrlər boyu birlikdə olmuşuq, bərabər yaşamışıq və öz əcdadlarımızın yaratdığı milli adət-ənənələrə, mənəviyyata sadiq olmuşuq. Tarixi köklərimiz bizi birləşdirir. Əsrlər boyu öz milli mənliyimiz, milli azadlığımız, istiqlal uğrunda apardığımız mübarizə isə bizi daha da birləşdiribdir”.
Türkiyə ilə dostluq və qardaşlıq münasibətləri bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkələrimiz regionda və beynəlxalq aləmdə baş verən bütün hadisə və proseslərə münasibətdə eyni mövqedən çıxış edirlər. Azərbaycanla Türkiyənin birgə həyata keçirdiyi iqtisadi layihələr hər iki dövlətin dünyada nüfuzunu getdikcə artırmaqdadır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP və TAP kimi böyük layihələr Azərbaycan və Türkiyənin dünyada söz sahibi olmasına imkan yaradıb.
Son dövrlər ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında müqavilənin imzalanması və birgə hərbi təlimlərin keçirilməsi, eləcə də Türkiyənin “G 20”-nin zirvə toplantısına Azərbaycanı dəvət etməsi və bu il Azərbaycan Prezidentinin İstanbulda keçirilən D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşündə xüsusi qonaq qismində iştirak etməsi hər iki ölkənin tarixi əlaqələrinin davamı kimi mühüm əhəmiyyətə malikdir.
Qardaş Türkiyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini müdafiə edir, Azərbaycan da öz növbəsində Türkiyənin üzləşdiyi problemlərin həllində dəstəyini əsirgəmir.
Azərbaycan-Türkiyə əlaqələrinin dinamikası Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikasının yaxın bölgələri arasında tarixən yaranmış münasibətlərdə də öz əksini tapır. Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikası arasındakı əlaqələrin əsası ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə qoyulmuşdur. Ulu öndərimizin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi 1992-ci il martın 24-də Türkiyəyə ilk rəsmi səfəri zamanı “Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq protokolu” imzalanmışdır. Bu səfərin nəticələri muxtar respublika üçün uğurlu olmuş, Türkiyə hökuməti Ermənistanın Naxçıvana təcavüzünə qarşı çıxaraq beynəlxalq Qars müqaviləsinə əsasən Türkiyə Respublikasının Naxçıvanın muxtariyyətinin qarantı olması barədə bəyanat vermiş, 1992-ci ilin 28 mayında Sədərək-Dilucu körpüsü istifadəyə verilmişdir.
Azərbaycan-Türkiyə əlaqələri ölkələrimizin və xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf etdiriləcək, strateji tərəfdaşlığımız daha da möhkəmlənəcəkdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Türkiyə və Azərbaycan qədər bir-birinə bağlı olan ölkələr yoxdur. Bu birlik bizim milli sərvətimizdir. Biz bu birliyi qoruyuruq, qoruyacağıq”.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti