25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Dövlət Universitetində Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı fəaliyyətinin 25 illiyinə həsr edilmiş elmi-praktik konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ölkəmizdə, o cümlədən muxtar respublikada aparılan miqrasiya siyasətindən danışıb. Qeyd olunub ki, Prezident cənab İlham ­Əliyevin rəhbərliyi ilə respublikamızın iqtisadi, siyasi və hərbi qüdrəti, beynəlxalq nüfuzu gündən-günə yüksəlməkdədir. Bu istiqamətdə qazanılan uğurlar həyatımızın bütün sahələrinin dinamik inkişafına əlverişli zəmin yaradır, Azərbaycana gələn əcnəbilərin sayı ölkənin hərtərəfli inkişafının təzahürü kimi ilbəil əhəmiyyətli dərəcədə artır.
BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak çıxış edərək diqqətə çatdırıb ki, tədbirin əsas məqsədlərindən biri tələbələrin dünyada miqrasiya ilə bağlı tədqiqat aparan beynəlxalq təşkilat haqqında və eyni zamanda qurumun Azərbaycandakı fəaliyyəti barədə məlumatlandırılmasından ibarətdir. Təşkilatın rəhbəri miqrasiya probleminin mühüm cəhətlərindən söz açıb, dünyada bir milyard nəfərin iqtisadi və siyasi səbəblər üzündən miqrasiya etdiyini, mövcud miqrant axınının ən çox baş verdiyi ölkənin ABŞ olduğunu bildirib.

Qeyd edilib ki, Beynəlxalq Miqrasiya Təşkilatı Azərbaycan Respublikasının miqrasiya sahəsində çoxtərəfli formatda əməkdaşlıq etdiyi əsas tərəfdaşdır. Təşkilat 1951-ci ildə təsis edilmiş beynəlxalq hökumətlərarası qurumdur və qərargahı Cenevrə şəhərində yerləşir. Hazırda BMqT 193 üzv dövləti özündə birləşdirir. Təşkilatın gələcək fəaliyyəti 196 istiqamətlə müəyyənləşdirilib.
BMqT-nin layihə koordinatoru İlyas Nəbiyev 2015-2030-cu illəri əhatə edən davamlı inkişaf strategiyası haqqında məlumat verib. Bu proseslərin tənzimlənməsində əməkdaşlığa böyük əhəmiyyət verən ölkəmizin BMT-nin və digər beynəlxalq təşkilatların konvensiyalarına və mühüm sənədlərinə qoşulmasından danışıb, gələcəkdə 17 fəaliyyət istiqaməti üzrə proqram müəyyənləşdirildiyini bildirib. Tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.
Sonda təşkilatın 25 illik fəaliyyətini əks etdirən kitab təqdim olunub.

Səadət Əliyeva

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR