Azərbaycan Respublikası ordu quruculuğu istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Bu tədbirlər dövlət müstəqilliyinin və ərazi bütövlüyünün qorunması baxımından zamanın tələbindən, obyektiv zərurətdən irəli gəlir. Bu il 18 oktyabr – Dövlət Müstəqilliyi Günündə Naxçıvanda ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü münasibətilə keçirilən möhtəşəm hərbi parad da ordumuzun qüdrətini bir daha nümayiş etdirdi.
Naxçıvanda keçirilən bu hərbi parad hələ yaddaşlarda uzun müddət yaşayacaq bir hadisə oldu. Bu parad ölkəmizdə böyük coşqu ilə qarşılandı və bütün regionda rezonans doğurdu. Bir daha aydın oldu ki, Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyi çox qüdrətli bir hərbi gücə çevrilən Əlahiddə Ümumqoşun Ordu tərəfindən etibarlı şəkildə qorunur. Eyni zamanda müasir silahlara sahib Azərbaycan Ordusunun Cənubi Qafqazın ən güclü silahlı qüvvələrinə çevrildiyi bir daha öz təsdiqini tapmış oldu. Bu ordu ölkəmizə qarşı istənilən təcavüz hərəkətlərini bir andaca yox etmək və vaxtilə itirilmiş torpaqlarımızı çox qısa bir zamanda geri qaytarmaq gücünə malikdir.
Bu parad onu canlı və yaxud ekranlardan izləyən soydaşlarımız, dostlarımız üçün fərəh və iftixar, canlarına vəlvələ düşən xain qonşularımız üçün isə gözdağı oldu. Ölkə mətbuatı hərbi parad haqqında məlumatlara öz səhifələrində geniş yer verdi. Xarici mətbuat da buna biganə qalmayıb bununla bağlı müxtəlif informasiyalar yaydı, sosial şəbəkə istifadəçisi olan xarici ölkə vətəndaşları da çoxsaylı paylaşımlar etdi. Şimal qonşumuz Rusiyaya məxsus saytlarda bu hadisə geniş işıqlandırıldı.
Belə ki, dünya və xüsusən də yaxın bölgə ölkələri üzrə təfərrüatlı xəbərlər yayan http://podrobnonews.ru xəbər portalı Naxçıvanda keçirilən hərbi parad haqqında geniş məlumatı 14 fotoşəkillə sayta yerləşdirdi. Öz səhifələrində ən son və vacib xəbərləri işıqlandıran digər rus portalı http://ru.redtram.com da Azərbaycanın www.trend.az saytına istinadən Naxçıvandakı hərbi paraddan məlumat verdi. İngilis, rus və ukrayna dillərində informasiya yayan Ukrayna portalı http://uaport.net isə “Azərbaycan yenilikləri” rubrikasında Naxçıvandakı hərbi parad haqqında məlumatları öz izləyicilərinə çatdırdı.
ABŞ-ın San-Fransisko şəhərində yerləşən www.livejournal.com onlayn bloq platforması isə http://naxcivantv.az saytına istinadən Milli Ordumuzun gücünü göstərən bu parad haqqında rus dilində informasiyanı və üzərində Naxçıvan televiziyasının loqosu olan çox sayda fotoşəkli yayımladı. Qeyd edək ki, bu saytdakı informasiya dünyanın ən geniş sosial şəbəkələrindən biri olan www.twitter.com istifadəçiləri tərəfindən də paylaşıldı.
Naxçıvandakı hərbi parad haqqında ingilis və türk dillərində olan digər informasiyaya isə https://liveuamap.com portalının Qafqaz bölümündə də rast gəlinir. Şübhəsiz, portalın izləyicilərinin diqqətini hərbi paraddan verilmiş geniş ölçüdəki fotoşəkillər və nümayiş etdirilən müasir silahlar cəlb edib. Azərbaycan Ordusunun döyüş gücü haqqında ingilis dilində olan başqa bir informasiya ABŞ-ın https://www.reddit.com saytında da yerləşdirilib. Burada maraqlı bir məqam isə xəbərin yer aldığı bu saytın təsisçilərindən birinin erməni olmasıdır. Görünən odur ki, reallıqlar, dırnaqarası erməni faktorunu da tamamən arxa plana atmaq gücündədir.
Ölkəmizin inkişafı, onun möhtəşəm ordusunun gücü göz qabağındadır. Xarici mətbuat və informasiya saytlarında verilən məlumatlardan da göründüyü kimi, Azərbaycan hərbi qüdrətini ən müasir silahlarla silahlanmış mütəşəkkil orduya malik olması ilə beynəlxalq səviyyədə bir daha təsdiqləyir. Bu hərbi parad dünyaya bəyan etdi ki, hər zaman sülh və danışıqlar yoluna üstünlük verən Azərbaycan işğal olunmuş torpaqlarını müharibə yolu ilə də azad etmək qüdrətinə malikdir.
Əli CABBAROV