25 Dekabr 2024, Çərşənbə

Bu gün geniş coğrafiyanı əhatə edən, çoxsaylı xalqları özündə birləşdirən İslam mədəniyyətinin daşıyıcısı olan ölkələr arasında zamanın tələbinə çevrilmiş həmrəyliyin, birliyin təmin olunması üçün önəmli layihələr reallaşdırılır. Bu məsələlərdə təşəbbüskarlığı ilə seçilən Azərbaycan Respublikasında bu ilin “İslam həmrəyliyi ili” elan edilməsi mühüm tarixi əhəmiyyətə malik olmaqla bərabər, bu həmrəyliyin formalaşdırılmasına yönələn bir təşəbbüs kimi alqışlanıb. Bir neçə aydan sonra ölkəmiz qədim Naxçıvanın timsalında bu məsələdə özünün liderliyini daha irəli mərhələdə davam etdirəcəkdir. Tarixən İslam sivilizasiyasının əsas mərkəzlərindən biri sayılan, İslam dininin yayılmasında və eyni zamanda müsəlman intibahının yaranmasında önəmli rol oynayan qədim diyarımız həmin il daha bir mühüm tarixi missiyanı yerinə yetirəcək – Naxçıvan şəhəri İslam mədəniyyətinin paytaxtı olacaq, güclü potensiala malik İslam dünyasının bir il ərzində qlobal arenada mədəniyyət bayraqdarı kimi çıxış edəcəkdir.

Onu da qeyd edək ki, Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı seçilməsində bir sıra mühüm məqamlar əsaslı rol oynayıb. Həmin məqamların hər biri həm ayrılıqda, həm də ümumilikdə, əhəmiyyətli amillər kimi diqqəti cəlb edir və əslində, bir-birini tamamlayır. Naxçıvan möcüzəsi də məhz budur: səbəblər zənciri möcüzəvi sinerji yaradır və dahilər yurdunu İslam mədəniyyətinin mərkəzinə çevirir. Onları sıralamaq o qədər asan olmasa da, tarixi proseslərə məhz xronoloji ardıcıllıqla diqqət yetirməklə bəzi məsələlərə aydınlıq gətirmək mümkündür. Naxçıvanı İslam mədəniyyətinin paytaxtına aparan yolda önəmli məqamlar isə, zənnimizcə, aşağıdakılardan ibarətdir:

 Naxçıvan bəşəriyyətin ikinci atası hesab edilən Nuh Peyğəmbərin yurdudur

Məlumdur ki, qoca Şərqin qapısı Naxçıvan təkcə Azərbaycanın, türk-islam aləminin deyil, həm də dünyanın ən qədim yaşayış məskənlərindəndir. Dünya tufanı zamanı Nuh Peyğəmbər və ona iman gətirənlərin mindikləri gəminin Naxçıvanda quruya çıxması və insanların burada məskən salması dünya şöhrətli alimlərin araşdıraraq gəldikləri elmi nəticələrdə də öz əksini tapıb. Həmin hadisə barədə məlumatların müqəddəs “Qurani-Kərim” və “İncil”də mövcudluğu, həmçinin “Bilqamıs” dastanında və muxtar respublikanın Ordubad rayonunun ərazisində yerləşən Gəmiqaya qayaüstü yazı və rəsmlərində əks olunması bu reallığı göstərir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2017-ci il 12 sen­tyabr tarixli “Naxçıvan Duz Muzeyinin yaradılması haqqında” Sərəncamında bu məqamlar xüsusilə qeyd olunub. Naxçıvanın təbliği baxımından böyük əhəmiyyətə malik olan həmin sərəncamda deyilir: “Naxçıvanın Nuh Peyğəmbərlə bağlılığı hələ qədim dövrlərdən diqqəti cəlb etmiş, yunan alimi Klavdi Ptolomey bizim eranın ikinci əsrində ilk dəfə olaraq Naxçıvanı Nuh Peyğəmbərin məskəni kimi xatırlatmış, on altıncı əsrin görkəmli ərəb alimi, coğrafiyaşünas Əl-Şərifi Nuh Peyğəmbərin qəbrinin, hətta gəmisinin də qalıqlarının Naxçıvanda olması barədə ətraflı məlumat vermişdir.
Rus tədqiqatçısı Konstantin Nikitinin 1882-ci ildə Tiflisdə nəşr olunan “Qafqaz ölkəsi və tayfalarının təsviri üçün materiallar məcmuəsi”ndə verilən “Naxçıvan mahalı və Naxçıvan şəhəri” adlı irihəcmli məqaləsində Nuh Peyğəmbərin özünün duz mədənində ilk çalışanlardan olması, şəhər əhalisinə duz çıxartmağı öyrətməsi qeyd olunur. Tədqiqatlar göstərir ki, bu ərazidə Eneolit dövründən başlayaraq duz mədənçiliyinin əsası qoyulmuşdur. Bu isə 5 min illik Naxçıvan şəhər mədəniyyətinin formalaşmasına güclü təsir göstərmişdir”.
Bütün bunlar bir daha təsdiq edir ki, Naxçıvan təkcə İslam aləmi üçün deyil, bütün dünya xalqları üçün bəşəriyyətin ikinci yaradılış yeri hesab edilir və bu, onu cazibə mərkəzinə çevirir. Məhz buna görə də bir çox ekspertlərin fikrincə, bu gün Naxçıvan İslam mədəniyyətinin paytaxtı adına layiq olmaqla yanaşı həm də sivilizasiyalararası dialoqun ideal mərkəzi kimi çıxış etməyə, dünya mədəniyyətinin mərkəzi olmağa layiqdir.

Naxçıvan tarixən elm və mədəniyyət mərkəzi olub

Tarixçi alimlərimizin də qeyd etdiyi kimi, əsrlər boyu çox böyük inkişaf yolu keçən Naxçıvan şəhəri hələ eramızın əvvəllərindən mühüm iqtisadi-mədəni və inzibati mərkəz kimi tanınıb. Tarixdə iz qoyan bir sıra əhəmiyyətli dövlətlərin dayaq məntəqəsi, paytaxtı olub. Naxçıvan şəhəri Avropa ilə Asiyanı birləşdirən Böyük İpək Yolunun üzərində yerləşir. Qədim diyar ilə Kiçik Asiya, Orta Şərq və Zaqafqaziya ölkələri arasında əlaqələr xüsusilə sıx olub. Naxçıvanda hələ İslam dini yayılma­mışdan əvvəl böyük mədəniyyət formalaşıb, elm, ədəbiyyat inkişaf edib.
Bu il iyulun 7-də “Naxçıvan” Universitetində “Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bu barədə deyib: “Naxçıvan ən qədim dövrdən başlayaraq türk mədəniyyətini günümüzə qədər gətirib çıxarmışdır. Neolit, Eneolit, Kür-Araz və Boyalı qablar mədəniyyətinin nadir inciləri, beş min il bundan əvvəl yaradılan ilkin şəhər mədəniyyəti, insan düşüncəsinin ilk yazılı ifadəsi olan Gəmiqaya abidələri, milli varlığımızın ifadəsinə çevrilən “Kitabi-Dədə Qorqud” dastanı Naxçıvanda İslam dini qəbul olunana qədərki mədəniyyətin nümunələridir… 653-cü ildən sonra isə bu mədəniyyət islam mədəniyyəti ilə vəhdətdə inkişaf etmişdir...”

Naxçıvan İslam dünyasına böyük alimlər bəxş edib, İslam memarlığı məktəbi yaradılıb

Bu diyarın şöhrət tapması, elm, mədəniyyət beşiyi hesab edilməsi həm də onun bu sahələrin inkişafına əvəzsiz töhfələr verən elm xadimlərinin Vətəni olması ilə bağlıdır. İslam dini Azərbaycanda yayıldıqdan sonra Naxçıvanda İslam dünyasının üzünə böyük bir elm, mədəniyyət xəzinəsi də açılıb. Bu xəzinə birgə İslam mədəniyyətinin formalaşmasında lokomotiv rolunu oynayıb. Naxçıvanda İslam dininin qəbul edilməsindən sonrakı dövrdə bu diyar şairləri, elm xadimləri, filosofları, mütəfəkkirləri, sənətçiləri və məşhur mədəniyyət nümunələri ilə İslam dünyasının inkişafına əsaslı töhfələr verib. Deyilənləri təsdiq etmək üçün onlardan bir neçəsini vurğulamaq belə, kifayətdir.
“Qurani-Kərim”i təsəvvüf üslubunda şərh edən ilk alim kimi tarixə düşən Baba Nemətullah Naxçıvani İslam dünyasına şan və şərəf gətirib, İslam dininin elmi baxımdan öyrənilməsinə əvəzsiz töhfələr bəxş edib. Nemətullah Naxçıvani məktəbi keçən din xadimləri İslam dünyasının dörd bir tərəfində bu dinin güclənməsində, cəhalətin qarşısının alınmasında əsaslı rol oynayıblar.
Qədim diyarın digər bir elm xadimi, “Şərqin böyük dahisi” adlandırılan Nəsirəddin Tusi də elmin müxtəlif sahələri ilə dərindən maraqlanıb, astronomiya, riyaziyyat, fizika, tibb, fəlsəfə, etika, məntiq və elmin digər sahələrinə həsr olunmuş əsərlər yazıb. Onun yaradıcılığında astronomiya və riyaziyyat üzrə tədqiqatlar xüsusi yer tutur.
Memar Əcəmi Naxçıvani özünün əsrlərə şahidlik edən şah əsərləri ilə türk-islam dünyasında memarlığın inkişafında inqilabi yeniliklərə imza atıb. Onun Möminə xatın, Yusif Küseyir oğlu türbələri kimi ölməz sənət abidələri bu gün tarixə güzgü tutur. Tədqiqatçıların fikrincə, Marağa abidələri Azərbaycan memarlığının Naxçıvan məktəbinin ən mühüm xüsusiyyətlərini özündə əks etdirir. Bundan başqa, Yusif Küseyir oğlu türbəsi ilə Ərzincandakı Məlik Qazi türbəsi, Möminə xatın türbəsi ilə Konyadakı Qılınc Arslan türbəsi, Gülüstan türbəsi ilə Kayseri, Niğdə, Ərzurum və Amasya türbələri, Qarabağlar türbəsi ilə Sivasdakı Güdük Minarə eynilik təşkil edir. Bu da bir daha təsdiq edir ki, Memar Əcəmi tərəfindən əsası qoyulan Naxçıvan memarlıq məktəbi türk-islam dünyası memarlığının inkişafına mühüm təsir göstərib.

Naxçıvanda tarixi abidələr, o cümlədən İslam mədəniyyəti nümunələri yüksək diqqət və qayğı ilə əhatə olunub

Naxçıvan Muxtar Respublikasının ərazisində İslam mədəniyyətini əks etdirən çoxsaylı tarixi-memarlıq abidələri mövcuddur. Bu mühüm maddi və eyni zamanda mənəvi sərvətlərimizin sırasında muxtar respublikanın müxtəlif bölgələrində yerləşən, peyğəmbər övladlarının dəfn olunduğu imamzadələrin özünəməxsus əhəmiyyəti, xüsusi yeri vardır. Naxçıvanın on üç əsrdən artıq bir dövrünü özündə təcəssüm etdirən bu dəyərli abidələr yalnız ölkəmizin deyil, bütövlükdə, müsəlman Şərqinin qədim sənətkarlıq, xüsusilə də memarlıq ənənələrinin, çoxəsrlik tarixi keçmişinin yadigarlarıdır.
Hazırda qədim diyarın ərazisində üç imamzadə var. Bunlar muxtar respublikanın paytaxtında yerləşən Naxçıvan şəhər İmamzadəsi, Babək rayonunun Nehrəm kəndində və Şərur rayonunun Xanlıqlar kəndindəki (Parçı) imamzadələrdir. Onlardan ikisi yüksək səviyyədə bərpa edilib, digərində isə bərpa işləri davam etdirilir.
“Qurani-Kərim”də geniş bəhs olunan Nuh Peyğəmbərin şərəfinə yüz illərdən bəri Naxçıvan şəhərində türbə ucaldılıb. Dağılmış, sıradan çıxmış həmin türbə son illər Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində yenidən bərpa edilib. Müqəddəs kitabımızda adıçəkilən ­Əshabi-Kəhf ziyarətgahı da bu gün öz abadlığına görə yalnız İslamın yarandığı müqəddəs şəhərlərdəki ziyarətgahlarla müqayisə oluna bilər. Onu da qeyd edək ki, hazırda muxtar respublikada 211 məscid, 26 dini ziyarətgah vardır. Son 22 ildə Naxçıvan şəhərində, rayon mərkəzlərində və kənd yaşayış məntəqələrində yeni məscidlər tikilib, mövcud məscidlər təmir olunub, abadlaşdırılıb. Naxçıvanda 2000 nəfərin eyni vaxtda namaz qıla biləcəyi məscidin inşası da davam etdirilir.
Vaxtilə muxtar respublikamızın ərazisində inşa olunan zəngin tərtibatlı hamamlar da türk-islam mədəniyyətinin mühüm nümunələrindən biridir. Bu gün həmin tarixi-memarlıq abidələri mədəniyyətimizin nadir inciləri sırasına daxil edilib. Naxçıvan şəhərindəki Dədə Qorqud meydanında yerləşən XVIII əsrə aid İsmayılxan hamamı, Şərur rayonunun Yengicə kəndindəki Yengicə hamamı, Kəngərli rayonunun Şahtaxtı kəndindəki hamam, habelə Ordubad rayonu ərazisində yerləşən Vənənd, Nüsnüs, Yuxarı Əylis, Düylün və digər kənd­lərdəki hamamlar tarixi-memarlıq, eləcə də mədəni abidə kimi mühüm əhəmiyyət kəsb edir. Hazırda Yengicə hamamında bərpa işləri davam etdirilir. Bunu da xatırlatmaq yerinə düşər ki, Naxçıvanda inşası İslam dininin yayılmasından sonrakı dövrə təsadüf edən əksər tarixi abidələr restavrasiya edilib.
Bəli, Naxçıvan şəhərinin 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı elan edilməsinin səbəbi digər amillərlə yanaşı, həm də muxtar respublikada ziyarətgahların, dini-mədəni abidələrin bərpasının diqqət mərkəzində saxlanılmasıdır.

Paytaxt seçilmək üçün təkcə tarixi keçmiş deyil, həm də gələcək inkişaf perspektivləri, mövcud infrastruktur da əhəmiyyətli rol oynayır

İslam mədəniyyəti paytaxtının seçilməsində şəhərlərin tarixboyu mədəniyyətə, ədəbiyyata, elmə verdiyi töhfələrlə yanaşı, həm də bundan sonrakı illərdə həmin sahələr üzrə verəcəyi töhfələr xüsusilə diqqətə alınır. Yəni təkcə keçmişdəki uğurlar İslam mədəniyyətinin paytaxtı olmağa kifayət etmir. Qeyd olunan keyfiyyətlərə malik olan şəhərlərin tarixi-mədəni varlığı üzərində qurulan bu günü də həmin məsələdə əsaslı rol oynayır. Çünki məqsəd İslam sivilizasiyasının dəyərlərinə əsaslanan bu gününü, həm də gələcəyini yaratmaqdır.
Məsələ bununla bitmir. Layihəyə əsasən hər hansı şəhərin İslam mədəniyyətinin paytaxtı elan olunması üçün həmin paytaxt ölkə və region səviyyəsində elmi-tədqiqat, arxeoloji təhsil mərkəzlərinə, fərdi və kollektiv şəkildə mədəni tədbirlər təşkil edən mədəniyyət qurumlarına, mükəmməl infrastruktura malik olmalıdır. Bu gün muxtar respublikamızda, o cümlədən Naxçıvan şəhərində həyata keçirilən genişmiqyaslı infrastruktur quruculuğu layihələri qədim diyarımızı cənnətməkana çevirib. Naxçıvan şəhərinin qədimliyi və klassik üslubu harmonik şəkildə müasir memarlıq nailiyyətləri ilə birləşib. Bütün bunlar Naxçıvanın regionun ən gözəl şəhərləri sırasında yerini daha da möhkəmləndirməsinə töhfə verir.
Bu gün Naxçıvan şəhərində reallaşdırılan layihələr nəticəsində muxtar respublika paytaxtının müasir siması yaradılıb, şəhər sakinlərinin, bura gələn qonaqların istirahətinin yüksək səviyyədə təşkili üçün yeni məkanlar qurulub, mövcud olanlar isə müasir səviyyədə abadlaşdırılıb. Bu qədim diyara gələn qonaqların, nüfuzlu alimlərin də qeyd etdiyi kimi, muxtar respublikanın paytaxtı qısa müddətdə əsaslı surətdə yenidən qurulub. Şəhərsalmada xüsusi diqqət yetirilən kərpic və şəbəkə elementləri burada Şərq memarlıq ənənələrini, şüşə və metal kon­struksiyalardan istifadə isə Qərb inşaat texnologiyalarını üzvi vəhdətdə yaşatmağa xidmət edir. Müasir Naxçıvan Şərq mühitinin özünə­məxsus aurasını və Qərbyönlü inkişafın əsas meyillərinin məcmusunu təcəssüm etdirir.

Sonda

Bütün bunlar bir daha belə deməyə əsas verir ki, Naxçıvan şəhəri öz qədimliyi və müasirliyi ilə İslam mədəniyyətinin paytaxtı olmağa layiq gözəl bir məkandır. Bu hadisə bəşəriyyətin bugünkü ümidsizlikdən, çaşqınlıqdan və xaosdan qarşılıqlı hörmət şəraitində birgə yaşadığı, mədəniyyət müxtəlifliyinin tanındığı və beynəlxalq hüquq prinsiplərinə tam riayət olunduğu zamana – ədalət və bərabərliyə söykənən sabitliyin, təhlükəsizliyin və sülhün yeni mərhələsinə can atdığı bir vaxta təsadüf edir. Bütün bu amillərin hər biri 2018-ci ildə Naxçıvan nümunəsi timsalında İslam aləminə, dünyaya təqdim ediləcəkdir. Bu, beynəlxalq ictimaiyyətin diqqətini ölkəmizə yönəldəcək, ümumdünya ictimai mövqeyin formalaşmasına yol açacaq, respublikamızın beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsinə öz töhfəsini verəcəkdir.

 Rauf KƏNGƏRLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR