Muxtar respublikanın bütün bölgələrində olduğu kimi, Şərur rayonunda da payız-qış mövsümünə hazırlıq tədbirləri sürətlə həyata keçirilir. Bu tədbirlər çərçivəsində Şərur şəhərində kommunal binalara xidmət edən 13 qazanxanada nəzarət tədbirləri aparılaraq nasazlıqlar aradan qaldırılıb. Gələn aydan etibarən 13 qazanxana vasitəsilə 574 mənzildən ibarət 17 çoxmərtəbəli yaşayış binası istiliklə təmin olunacaq.
Kommunal Müəssisələr Kombinatı tərəfindən şəhərin küçə və yollarının qardan təmizlənməsi üçün avadanlıq ehtiyatı yaradılıb, kanalizasiya xətlərində təmir işləri aparılıb. Bundan başqa, nasoslar da təmir edilib, mərkəzi kanalizasiya xətləri və köməkçi xətlər təmizlənib.
Mənzil İstismar Sahəsinin əməkdaşları tərəfindən Şərur şəhərində olan yaşayış binalarının dam örtüklərində, blokların qapı və pəncərələrində, zirzəmilərdə, su-kanalizasiya və istilik sistemi borularında təmir işləri aparılıb. Qış mövsümündə baş verə biləcək qəza hallarının aradan qaldırılması məqsədilə idarə tərəfindən ehtiyat üçün 100 diametrlik kanalizasiya borusu, 20 ədəd 25 diametrlik ventil, 10 ədəd 20 diametrlik ventil, 25 diametrlik su borusu, 50 metr polietilen örtük alınıb.
Yol Təmir-Tikinti İdarəsi tərəfindən 2 avtoqreyder, 1 ədəd buldozer, 3 KAMAZ, 2 ekskavator və digər maşın-mexanizmlər təmir olunub, 146 ton qum ehtiyatı yaradılıb.
Rayonun elektrik təsərrüfatının qış mövsümündə fasiləsiz fəaliyyəti üçün də tədbirlər görülüb. Belə ki, 142 kilometr məsafəni əhatə edən hava xətti məftillərinin keçdiyi ərazilərdə ağaclarda budama işləri aparılıb. 470 transformator yarımstansiyasında yağışdan mühafizə işləri görülüb. 47 transformator yarımstansiyasında təmir işləri həyata keçirilib. 62 transformator yarımstansiyasında sınıq izolyator, yanmış kabel və məftillər dəyişdirilib. 50 transformatora yağ əlavə edilib. Şərur şəhərindəki yaşayış binalarında elektrik şitləri və binaların zirzəmilərində olan kabellər qaydaya salınıb, yeni xətlər çəkilib, binalarda elektrik xətlərinin yüklənməsi tarazlaşdırılıb. Qışa hazırlıqla əlaqədar 2 transformator, 5000 metr məftil, 25 dib gövdə, 18 dayaq, 500 metr katanka məftili, 15 keçid izolyatoru, 300 metr kabel, 800 kiloqram transformator yağı və 1 ədəd xəttayırıcı alınaraq şəbəkənin anbarına təhvil verilib.
Rayonun yaşayış məntəqələrinin və inzibati binalarının qış mövsümündə fasiləsiz olaraq qazla təminatı üçün də ardıcıl tədbirlər həyata keçirilib. Rayonun yaşayış məntəqələrində qaz xətlərinin qış mövsümünə davamlılıq vəziyyəti yoxlanılıb, bəzi xətlərdə cari təmir işləri aparılıb. Qış mövsümündə 107 dövlət, 237 özəl müəssisə, 46 təhsil müəssisəsi və 17 çoxmərtəbəli yaşayış binasının istilik sistemləri mavi yanacaqla işləyəcək. Bu binaları istiliklə təmin edən qazanxanalarda nəzarət yoxlamaları aparılaraq çatışmazlıqlar aradan qaldırılıb. Rayon ərazisində quraşdırılmış müasirtipli 242 qazpaylayıcı şkafdan 120-si hazırda istismardadır. 122 qazpaylayıcı şkafın qış mövsümündə istismara verilməsi üçün hazırlıq işləri görülüb.
Rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrində qış mövsümü ilə əlaqədar yoxlamalar aparılıb, aşkar olunmuş nöqsanlar aradan qaldırılıb.
Rayon Rabitə İdarəsi tərəfindən 240 rabitə dirəyi yenisi ilə əvəz olunub, 95 dirəyin yeri dəyişdirilib, yeraltı rabitə xətlərinin quyu və borularında, generator qurğularında təmir işləri aparılıb.
Şərur Rayon Suvarma Sistemləri İdarəsinin balansında 481 artezian quyusu vardır. 230 quyudan suvarma, 251-dən isə içməli su üçün istifadə olunur. Rayon ərazisində olan artezianlarda təmir işləri aparılıb, baş verə biləcək qəza hallarının aradan qaldırılması üçün 200 metr müxtəlifölçülü məftil, 4 mühərrik, 3 nasos, 12 avtomat açar, 4 ədəd buraxıcı və digər avadanlıqlar alınaraq ehtiyat yaradılıb.
Rayonda qış mövsümünə hazırlıqla bağlı həyata keçirilən tədbirlər bu aylarda bütün sahələrdə fasiləsiz iş ahənginin təmin olunmasına şərait yaradacaq.
Nail ƏSGƏROV