Tbilisi Dövlət Universitetində Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Rza Talıbovun gürcü dilində çapdan çıxan “Asiya ölkələri beynəlxalq münasibətlər sistemində” kitabının təqdimatı keçirilib.
Azərbaycanın bu ölkədəki səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbir Azərbaycanla Gürcüstan arasında diplomatik münasibətlərin 25 illiyinə həsr olunub.
Universitetin prorektoru Mixeil Çxenkeli ölkələrimiz arasında əlaqələrin sürətlə inkişaf etdiyini, bu cür kitabların elm və təhsil sahəsində münasibətlərimizin inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb, “Asiya ölkələri beynəlxalq münasibətlər sistemində” kitabının sanballı tədqiqat əsəri və tədris vəsaiti olduğunu bildirib.
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov çıxışında iki ölkə arasındakı qədim dostluq əlaqələrindən danışıb, ümummilli lider Heydər Əliyevin səyi nəticəsində münasibətlərin yeni müstəvidə daha da inkişaf etdiyini vurğulayıb. O bildirib ki, Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Səfir iki ölkə arasında diplomatik münasibətlərin 25-ci ildönümü ərəfəsində bu cür tədbirlərin keçirilməsinin, Azərbaycan və Gürcüstan alimlərinin əsərlərinin hər iki dilə tərcümə olunmasının vacibliyini qeyd edib.
Kitabın tərcüməçisi, professor Cabuki Kiriam, tarixçi-alim, professor Quram Marxuliya və başqaları çıxış edərək əsərin elmi əhəmiyyətindən danışıblar. Bildirilib ki, Rza Talıbovun “Asiya ölkələri beynəlxalq münasibətlər sistemində” kitabı qitə ölkələrinin dünya siyasətində və beynəlxalq xarici əlaqələrdəki yerinin və əhəmiyyətinin, həm də Azərbaycanla əlaqələrinin dərindən tədqiq və təhlil edildiyi yüksək elmi-təcrübi əhəmiyyətə malikdir. Əsər müasir siyasi elmin uğurlarından biri olmaqla, həm də beynəlxalq münasibətlər ixtisasında təhsil alan tələbələr, tədqiqatçılar, siyasətçilər, gənc müəllimlər üçün faydalı mənbədir.
Qeyd edək ki, Azərbaycan Təhsil Nazirliyinin dərslik kimi təsdiq etdiyi “Asiya ölkələri beynəlxalq münasibətlər sistemində” adlı kitab ali məktəblərdə dərslik kimi istifadə olunur. Həmçinin kitab MDB ölkələrinin bir çoxunun ali məktəblərində də tədris olunur.
Naxcivantv.az