25 Dekabr 2024, Çərşənbə

Xəbər verdiyimiz kimi, oktyabrın 18-19-da Fransa Respublikasının ölkə­mizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşez geniş tərkibdə muxtar respublikaya səfər edib.

Səfir ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsi önünə gül dəstələri qoyub, dahi rəhbərə hörmət və ehtiramını ifadə edib. Daha sonra fransalı qonaqlar tərəfindən Heydər Əliyev Muzeyi ziyarət olunub.
Orelia Buşez Naxçıvan Biznes Mərkəzində də olub. Burada səfirə məlumat verilib ki, mərkəzdə muxtar respublikada 100-ə yaxın istehsal və xidmət müəssisəsi tərəfindən istehsal edilən məhsullar nümayiş olunur. Sərgidə Naxçıvanın yerli məhsulları olan kərpicdən mebel dəstinə, kiçik plastik hissələrdən dam örtüyünə, mineral sulardan ərzaq məhsullarına, Naxçıvan duzundan konservləşdirilmiş qovurmaya qədər xeyli çeşiddə müxtəlif məhsullar yer alıb. Muxtar respublikada iri özəl sektor təmsilçiləri olan “Gəmiqaya Holdinq”, “Dizayn Holdinq”, “Cahan Holdinq” şirkətlər ittifaqları, “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyəti, Babək “Sirab” Açıq Səhmdar Cəmiyyəti ilə yanaşı, çox sayda digər orta və kiçik biznes qurumlarının məhsulları da burada nümayiş etdirilir.
Fransalı diplomat Naxçıvan Dövlət Universitetində yaradılan şəraitlə də tanış olub, tədris prosesi ilə maraqlanıb.
Orelia Buşez “Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyətində də olub. Burada səfirə məlumat verilib ki, mineral suyun butulkalara doldurulması üçün istehsal sahəsində Fransanın “SİDEL” şirkətinin avadanlıqları quraşdırılıb. “Badamlı” mineral suyu beynəlxalq sərgilərdə yüksək qiymətləndirilir. Bu mineral suyun xarici ölkələrə ixrac olunması diqqət mərkəzində saxlanılıb, ötən il ilk dəfə olaraq mineral su dünya bazarının mühüm mərkəzlərindən biri olan Dubayda satışa çıxarılıb.
Diplomatın diqqətini çəkən tarixi yerlərdən biri də I Kültəpə yaşayış yeri olub. AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev qonaqlara məlumat verib ki, 2016-cı ilin avqust ayında bölmənin arxeoloji ekspedisiyası Fransa Milli Araşdırmalar Mərkəzinin arxeoloqları ilə birlikdə I Kültəpə yaşayış yerində tədqiqat işlərinə başlayıb. Fransa alimlərinin naxçıvanlı elm adamları ilə birlikdə Naxçıvanda arxeoloji tədqiqatlar aparması təkcə tariximizin öyrənilməsi baxımından deyil, həm də qədim tariximizin dünyada təbliği baxımından böyük əhəmiyyət daşıyır.
Duzdağ Fizioterapiya Mərkəzinə gələn səfirə bu müalicə ocağının fəaliyyəti haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, Fransa Respublikasının ölkə­mizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşez səfər çərçivəsində Dövlət Bayrağı Meydanı və Muzeyində, Naxçıvan Dövlət Xalça Muzeyində, “Xan Sarayı” Dövlət Tarix­-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində olub, tarixi abidələr və mədəniyyət obyektləri haqqında ətraflı məlumat alıb.

*  *  *

Orelia Buşez: “Naxçıvanın gözəlliyi, təmizliyi və abidələrinin
qədimliyi dünya üçün bir nümunədir”

Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşez səfər təəssüratları barədə qəzetimizə müsahibəsində deyib: “Mən Naxçıvanın bir çox yerlərində oldum və zəngin təəssüratlarım var. Amma bilmirəm ki, hansından başlayım. Sizin şəhərinizdə çox gözəl məqamları kəşf etdim. Naxçıvan əhalisinin yüksək qonaqpərvərliyi məni valeh etdi. Mən Duzdağdakı Fizioterapiya Mərkəzinə heyran qaldım və burada olduğuma görə çox məmnunam. İnanıram ki, mənimlə gələnlər də burada gördüklərini heç vaxt unutmayacaqlar. Bu yer çox qeyri-adidir. Burada insanlar rahatlıq və şəfa tapa bilirlər. Bu, çox yaxşıdır”.
Səfər çərçivəsində muxtar respublikada keçirdiyi görüşlər barədə də danışan diplomat bildirib ki, burada bütün sahələrdə əlaqələri müzakirə etmək və bu əlaqələrin inkişafının mümkünlüyü barədə söhbət etmək imkanımız oldu. Təbii ki, əməkdaşlıq bir çox sahələrdə inkişaf etdirilir. Məsələn, təhsil, mədəniyyət sahəsində, universitetlər arasında. Xüsusilə universitetlər arasında əlaqələr fransız dilinin öyrənilməsi üçün böyük rol oynayır.
Orelia Buşez deyib: “Bildiyiniz kimi, fransız arxeoloqlar 10 ildən artıqdır ki, Naxçıvanda çalışırlar. Onların burada fəaliyyət göstərmələri üçün hər cür şərait yaradılıb". 
Naxçıvanın gözəlliyinin, təmizliyinin və abidələrinin qədimliyinin dünya üçün bir nümunə olduğunu vurğulayan səfir qeyd edib ki, bu abidələr Azərbaycanın tarixi və mədəniyyəti haqqında bizə çox şeylər danışır.
O deyib: “Mən burada Möminə xatın türbəsini və Bayraq meydanını çox bəyəndim. Naxçıvanqala Naxçıvanın tarixini yaşadır. Həmçinin Nuh Peyğəmbərin də məzarüstü türbəsi heyranedicidir. Bir sözlə, naxçıvanlılara qonaqpərvərliklərinə görə “çox sağ ol” deyirəm. Mən burada olduğuma görə çox xoşbəxtəm”.

 Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR