Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif TALIBOV: Müdriklər dövlətlərin qüdrətini onun ordusunun qüdrəti ilə ölçürdülər. İtalyan filosofu və mütəfəkkiri Nikolo Makiavelli özünün məşhur “Hökmdar” əsərində göstərirdi ki, “bütün dövlətlərdə hakimiyyətin əsasını yaxşı qanunlar və yaxşı ordu təşkil edir”. Ümummilli liderimiz Azərbaycana hər iki rəhbərliyi dövründə dövlət və ordu quruculuğu məsələlərini diqqətdə saxlamış, ordu quruculuğu sahəsində təxirəsalınmaz tədbirlər həyata keçirmişdir.
Yazıçı Aqil Abbasın ssenarisi əsasında çəkilən “Dolu” filmində bir epizod var:
Əsgərlərimiz düşmənlə meşəlik ərazidə qeyri-bərabər döyüşə girirlər. Erməni səngərlərində gizlənən tank və digər zirehli texnikalar biz tərəfə atəş aça-aça tez-tez mövqelərini dəyişirlər. Həmin an filmin əsas qəhrəmanları “Drakon” və “Pələng” arasındakı dialoq diqqətdən yayınmır: “Bu BTR-lərdən 4-5-i bizdə olsaydı, Əsgəranı çoxdan şumlamışdıq”.
Bu gün gərək
Hər anımız Vətən! – desin
Bəli, ötən əsrin 90-cı illərində vətənpərvərliyimiz, milli ruhumuz, düşmənə nifrətimiz aşıb-daşsa da, vahid komandanlıqda birləşən ordumuz, silah-sursat və texnikamız yox idi. Həmin vaxt Naxçıvanda yaşananlar heç də Dağlıq Qarabağ cəbhəsində yaşananlardan geri qalmırdı. İşğalçı Ermənistan sərhədboyu hücuma keçərək qədim diyarı işğal və məhv etmək üçün bütün qüvvələrini səfərbər etmişdi. Lakin yenicə Moskvadan Naxçıvana qayıdan ulu öndər Heydər Əliyev bütün naxçıvanlıları öz ətrafında birləşdirdi. Əhalinin ümummilli liderə böyük etimad və inamı hər şeyi kökündən dəyişdi. İnsanlar süngü-bıçaqla, ov tüfəngi ilə doğma torpağın müdafiəsinə qalxdılar. Ulu öndər Heydər Əliyev Naxçıvanı, Naxçıvan da Onu qorudu.
70 il ürəyimizdə dalğalanan üçrəngli bayrağımız başımızın üstünə qalxdı. Dövlət müstəqilliyimizin də ilk addımları atıldı və həmişə arzusunda olduğumuz ilk milli ordu qurumumuz – Naxçıvanda ilk milli hərbi hissə yaradıldı. Və o zaman bizə böyük ruh verən ilk hərbi parad da məhz Naxçıvanda keçirildi. Canlı qüvvə və texnika sarıdan çox zəif olsaq da, bu paradda milli ruhumuz bir daha coşmuşdu. “Ordumuz olsa idi, ermənilər bir qarış torpağımızı da işğal edə bilməzdi” prinsipinin nə qədər məntiqli olduğuna bir daha şahidlik etmişdik...
Qılıncımız, qalxanımız
Vətən! – desin
Düz 25 il sonra səhər tezdən, tarixi bir gündə – 18 oktyabr – Dövlət Müstəqilliyi Günündə yuxudan qalxıb böyük həyəcanla hazırlaşıram. Çünki bir azdan vaxtilə ulu öndərin Naxçıvanda yaratdığı ilk milli hərbi hissənin 25-ci ildönümü qeyd ediləcək, möhtəşəm hərbi parad keçiriləcəkdi.
Budur, Naxçıvan şəhərinin Heydər Əliyev prospektindən Salvartı zirvəsinə uzanan yol sanki Naxçıvan dağlarının əzəmətindən, vüqarından güc alaraq dalğalanır. Böyük izdihamın gözü sıra meydanında dayanan aslan ürəkli əsgər və zabitlərimizdədi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov, Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənov zabit və əsgərlərimizi hərarətlə salamlayır, onları əlamətdar bayramlar münasibətilə təbrik edir. Çıxışlardan sonra keçirilən təlimlərdə döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artıran şəxsi heyət nizami addımlarla irəlilədikcə ayaq səsləri ürəklərimizin səsinə qoşulur. Sanki o an ətrafdakı hər kəsin ürəyindən əsgər olmaq, səngərdə dayanmaq keçir.
Heydər Əliyev adına Hərbi Liseyin kursantları, xüsusi təyinatlılar, kəşfiyyatçılar, sərhədçilər, motoatıcılar, rabitəçilər, qorxmaz şahinlərimiz bir-bir bizi salamlayır...
Buluddağıdan topların, ov silahlarının dövrü çoxdan bitib... Budur, Əlahiddə Ümumqoşun Ordunun arsenalında olan ən müasir silah və texnikalar gözümüzün önündən keçir. Onların səsi Ağrıdağdan Haçadağa, Haçadağdan Murova qədər yayılıb. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasındakı Əlahiddə Ümumqoşun Ordusunun birləşmə və hissələrinin 2 min nəfərə yaxın şəxsi heyəti, 160-dan çox hərbi texnika və silah sistemləri, o cümlədən ondan artıq döyüş vertolyotu və təyyarəsi hərbi paradı izləyən minlərlə muxtar respublika sakininin qəlbini riqqətə gətirirdi.
Ordumuzun mexanikləşdirilmiş, motoatıcı, xüsusi təyinatlı, kəşfiyyat, dağ atıcı, tank, reaktiv artilleriya, hava hücumundan müdafiə və rabitə bölmələrinin, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayının şəxsi heyətləri nizami addımlarla yeri-göyü titrədirdilər.
Nə yoxdu, tank əleyhinə idarə olunan “SPAYK” raket kompleksləri, Azərbaycanda istehsal olunan və beynəlxalq sərgilərdə böyük maraqla qarşılanan “Marauder” zirehli döyüş maşınları, pilotsuz uçuş aparatları, reaktiv artilleriya kompleksləri, minaatanlar, tank əleyhinə toplar, “Qrad”lar, “Sakarya”, “Qasırğa”, “Smerc” yaylım atəşli reaktiv sistemləri, döyüş maşınları, zenit raket kompleksləri, zirehli transportyorlar, özüyeriyən tank əleyhinə komplekslər, müasir tanklar və özüyeriyən artilleriya qurğuları...
“SU-25” döyüş təyyarələri, “Mİ-17-1V” və “Mİ-35M” vertolyotları ulu Naxçıvan səmasını fəth edərək Azərbaycan Silahlı Qüvvələrinin muxtar respublikadakı birləşmə və hissələrinin güc və qüdrətini bir daha nümayiş etdirdilər.
Həmin gün həm də Əlahiddə Ümumqoşun Ordunun yeni Təlim-Tədris Mərkəzinin istifadəyə verilməsi ilə əlamətdar oldu.
Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dediyi kimi: “Naxçıvan ordusu bu gün güclü ordudur və Naxçıvan ordusunun hərbi texnika ilə təminatı ən yüksək səviyyədə təşkil edilir”.
Ölənlərin əvəzinə
Qalanımız Vətən! – desin
Deyirlər, torpaq su ilə suvarılanda palçıq, qan ilə suvarılanda VƏTƏN olur. Bu gün üstündə gəzdiyimiz bu Vətəni öz qanları bahasına qoruyan şəhidlərimizin ruhu qarşısında baş əyirik. Bu torpağı, bu Vətəni bir də ona görə sevirik ki, o, bizə şəhidlərimizin əmanətidir. Biz onlarla yaşayırıq, biz onlarla yaşadırıq, biz onlarla yaşlanırıq... Böyük türk şairi Məhmət Akifin təbirincə desək:
Basdığın yerləri “torpaq” deyərək keçmə, tanı:
Düşün altındakı minlərlə kəfənsiz yatanı!!!
Müdriklər deyirlər ki, boş zaman yoxdu, boşa keçirilmiş zaman var. Bugünkü parad bir daha sübut etdi ki, Naxçıvanda ötən 25 ilin bir anı belə, boşa keçirilməyib, qədim diyar başdan-başa tikilib-qurulmaqla, yenilənməklə bərabər, həm də gücünə güc qatıb. Əlincə yenilməzliyi qazanıb, tarixinin ən mübariz ordusuna sahib olub.
Düzdür, biz həmişə qurub-yaratmışıq, tikmişik, amma dəfələrlə işğalçılar Naxçıvanı yerlə yeksan edib, külə döndəriblər...
Deyirlər ki, QƏLƏBƏ – qələbə mənimdir, – deyib Vətən üçün qan tökənindir.
İnanın, paradda şəxsi heyətə və döyüş texnikalarına “dur” komandası verilməsəydi, onlar qədim şəhərimizə – İrəvana qədər gedib çıxardılar. Bax budur iş, budur yaratmaq eşqi, budur vətənpərvərliyin Naxçıvan nümunəsi.
Vətən! – desin
Qəlbimizin hər duyğusu,
hər vurğusu Vətən! – desin
Az qalıb, çox az qalıb. Bu gün parada çıxan zirehli texnikaların səsi Naxçıvana çox yaxın olan Şuşada, Kəlbəcərdə, Xankəndidə, Laçında da eşidildi. Çox keçməz, özləri də orda görünərlər. Təki qəlbimizin hər vurğusu, hər duyğusu Vətən desin. Və bir də hər birimiz özümüzə əsgər forması alıb onu geyinəcəyimiz günü səbirsizliklə gözləyək...
Fərqi yoxdur, harda olaq,
Zamanımız, məkanımız
Vətən! – desin...
Sahil Tahirli
jurnalist