Xəbər verdiyimiz kimi, Norveç Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bard İvar Svendsen oktyabrın 16-17-də Naxçıvan Muxtar Respublikasında səfərdə olub. Səfər çərçivəsində qonaq muxtar respublikanın tarixi abidələri, təhsil, mədəniyyət və istehsal müəssisələri ilə tanış olub.
Diplomat əvvəlcə müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoyub, ulu öndərin xatirəsini dərin ehtiramla yad edib.
Bard İvar Svendsen Heydər Əliyev Muzeyini ziyarət edərək ümummilli lider Heydər Əliyevin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxıb.
Norveç Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Naxçıvan Dövlət Universitetində də olub.
Universitetlə tanışlıqdan sonra Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində səfir Bard İvar Svendsen tələbələrlə görüşüb, Azərbaycan-Norveç əlaqələrinə dair mühazirə oxuyub.
Səfir mühazirəsində iki ölkə arasında əməkdaşlığın əsasının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdırıb, ötən dövrdə ikitərəfli əlaqələrin inkişafı sahəsində görülən işlərdən danışıb, norveçli alim Tur Heyerdalın Qobustan qayaüstü təsvirləri ilə bağlı araşdırmaları haqqında ətraflı məlumat verib, alimin Azərbaycanın bəşər sivilizasiyasının mərkəzi olması haqqında fikirlərini tələbələrin diqqətinə çatdırıb.
Tələbələri maraqlandıran suallar cavablandırılıb, universitetlərarası gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.
Səfir “Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Badamlı” zavodunda da olub. Burada bildirilib ki, Naxçıvan şəhərində 2,1 hektar ərazini əhatə edən və ümumi sahəsi 9 min 590, istehsal sahəsi isə 3 min 600 kvadratmetr olan istehsal müəssisəsi 2009-cu ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.
“Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi ilə tanışlıq zamanı Norveçin Azərbaycandakı səfirinə Əshabi-Kəhfin sirli tarixi barədə ətraflı məlumat verilib.
Naxçıvan Günəş Elektrik Stansiyasına gələn qonağa məlumat verilib ki, 2015-ci il dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilən stansiya uğurla fəaliyyət göstərir. Bu il sentyabrın 8-də muxtar respublikada 2 meqavat gücündə yeni Günəş Elektrik Stansiyası da istifadəyə verilib. Yeni stansiyanın istifadəyə verilməsi ilə Naxçıvan Günəş Elektrik Stansiyasında il ərzində istehsal ediləcək elektrik enerjisinin həcmi artırılaraq 33 milyon kilovat-saata çatdırılıb.
Qeyd edək ki, Bard İvar Svendsen Naxçıvan Dövlət Xalça Muzeyi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi, Heydər Əliyev Sarayı, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Naxçıvan Biznes Mərkəzi, Naxçıvan Avtomobil Zavodu və Duzdağ Fizioterapiya Mərkəzi ilə də tanış olub.
Oktyabrın 17-də Norveç Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bard İvar Svendsenin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb.
Qonaq səfər təəssüratlarını “Şərq qapısı” qəzetinin müxbiri ilə bölüşüb. O, əvvəlcə səfərinin məqsədi barədə danışaraq deyib: “Naxçıvan Muxtar Respublikasına səfərimin məqsədi qədim diyarın iqtisadi potensialı ilə yaxından tanış olmaqdan ibarət idi. Burada keçirdiyim görüşlərdə bu barədə də ətraflı məlumat əldə etdim”.
Norveç Krallığı ilə Azərbaycan arasındakı əlaqələrin, əsasən, neft və qaz sektorunda əməkdaşlıqla səciyyələndiyini bildirən səfir, son illər ərzində mədəniyyət sahəsində də əlaqələrin genişləndiyini qeyd edib. O bildirib ki, muxtar respublikanın tanınmış ali təhsil ocağı olan Naxçıvan Dövlət Universiteti ilə Norveçdəki universitetlər arasında qarşılıqlı əməkdaşlıq imkanları mövcuddur.
Diplomat deyib: “Səfər çərçivəsində muxtar respublikanın bir sıra tarixi yerlərində və mədəniyyət müəssisələrində oldum. Bunların içərisində ən yaddaqalanı “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi idi. Burada insan sanki mənəvi rahatlıq tapır”.
Xəbərlər şöbəsi