Azərbaycan xalqı tarixboyu özünün dövlətçilik ənənələrinə malik olmuş, işğalçılara qarşı mübarizə aparmış, XX əsrdə iki dəfə öz müstəqilliyini elan etmişdir. XX əsrin əvvəllərində yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamış, Azərbaycanın adı Şərqin və Türk dünyasının tarixinə ilk respublikanın qurulduğu ölkə kimi düşmüşdür.
XX əsrin sonlarında Azərbaycan ikinci dəfə müstəqilliyini əldə etmişdir. Bu müstəqillik ötən əsrin 80-90-cı illərində dünyada baş verən ictimai-siyasi proseslərin və Azərbaycan xalqının müstəqillik uğrunda əzmkar mübarizəsinin nəticəsi olmuşdur. Məlumdur ki, XX əsrin 80-ci illərinin sonunda keçmiş SSRİ-də siyasi, ictimai, iqtisadi böhran başlamış, bu isə ittifaq respublikalarında milli azadlıq hərəkatlarının güclənməsinə şərait yaratmışdır. Azərbaycanın müstəqilliyə hazırlanması isə daha əvvəl, ümummilli lider Heydər Əliyevin ölkəmizə ilk rəhbərlik etdiyi illərdən başlanmışdır. O zaman ulu öndər böyük uzaqgörənliklə hərbi, iqtisadi, sosial, ideoloji tədbirlərin həyata keçirilməsinə nail olmuş, beləliklə də, Azərbaycanın gələcək müstəqilliyinin təməlləri hazırlanmışdır. Hələ sovet dövlətinin kifayət qədər güclü olduğu və milli əqidəli insanlara qarşı barışmaz mövqe nümayiş etdirdiyi bir dövrdə dahi öndər Azərbaycan ziyalılarını qorumuş, onları sovet zindanlarında çürüməkdən xilas etmişdir. Bununla yanaşı, ümummilli lider Azərbaycan gənclərinin Sovetlər Birliyinin nüfuzlu ali məktəblərində təhsil almalarına nail olmaqla, gələcək müstəqil Azərbaycan üçün milli kadr potensialını hazırlamışdır.
1990-cı ilin iyul ayında Naxçıvana gələn ulu öndər 30 sentyabr 1990-cı ildə keçirilən seçkilərdə yekdilliklə Azərbaycan SSR-in və Naxçıvan MSSR-in deputatı seçildi. 1990-cı il noyabrın 17-də Naxçıvan MSSR Ali Sovetinin ulu öndərin sədrliyi ilə keçirilən ilk sessiyasında, ümumən, Azərbaycanın gələcək müstəqillik müqəddəratı baxımından son dərəcə böyük əhəmiyyətə malik olan taleyüklü qərarlar qəbul edildi. Sessiyada Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarıldı, Naxçıvan MSSR Ali Soveti Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırıldı. Milli istiqlal rəmzi olan üçrəngli bayrağımız ilk dəfə bu sessiyanın tarixi qərarı ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edildi, həmin bayrağın Azərbaycan Respublikasının rəsmi dövlət rəmzi kimi tanınması haqqında Azərbaycan SSR Ali Soveti qarşısında vəsatət qaldırıldı. Naxçıvan Muxtar Respublikası Аli Məclisinin ilk sessiyasında Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edən mühüm məsələlər – 1990-cı il 20 Yanvar faciəsi və Dağlıq Qarabağ münaqişəsi də müzakirə edildi. 31 dekabrın “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” kimi qeyd olunması ilə bağlı tarixi qərar qəbul edildi. Rus qoşun hissələri muxtar respublikadan çıxarıldı, Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin təşkili nəticəsində Naxçıvanın müdafiəsi üçün sistemli tədbirlər görüldü, ölkəmizdə ilk dəfə Naxçıvanda nizami ordu hissələri yaradıldı. Bir sözlə, Naxçıvan xalqımızın demokratiya və müstəqillik uğrunda başlanan mübarizəsinin mərkəzinə çevrildi.
18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Lakin müstəqilliyin qazanılması onu qorumaq uğrunda aparılacaq daha gərgin mübarizələrin başlanğıcı idi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin də dediyi kimi: “Müstəqillik yolu qədər çətin yol yoxdur. Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması ondan da çətindir”.
Bu çətinlik özünü bütün sahələrdə göstərirdi. 1991-1993-cü illərdə ölkədə hərc-mərclik, özbaşınalıq, siyasi-iqtisadi tənəzzül baş alıb gedirdi. Xarici təcavüz, doğma torpaqlarımızın 20 faizinin işğalı, yüzlərlə insanın şəhid olması, qaçqın və məcburi köçkün problemləri, siyasi qarşıdurmalar son həddə çatmış, separatçı meyillər daha da güclənmişdi. Azərbaycan sonu görünməyən dəhşətli bir uçurum – müstəqil dövlət kimi dünya xəritəsindən silinmək təhlükəsi qarşısında qalmışdı. Müstəqilliyimizin qorunub saxlanılması, qarşıya qoyulmuş məqsədlərə nail olmaq, milli həmrəylik və iradə nümayiş etdirmək üçün əsas birləşdirici qüvvə olan “milli lider” şəxsiyyətinə olan zərurət özünü bütün kəskinliyi ilə göstərirdi. Xalqı arxasınca aparmaqla müstəqil Azərbaycanı yaşada bilən, zəngin dövlət idarəçiliyi təcrübəsinə malik olan liderə böyük ehtiyac var idi. Belə bir lider yalnız müdrik şəxsiyyət Heydər Əliyev ola bilərdi...
1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə yenidən Azərbaycanda hakimiyyətə gələn dahi siyasətçi ilk olaraq müstəqillik, Azərbaycançılıq ideologiyasını milli şüurda və psixologiyada, xalqın iradəsində bərqərar etməyə nail oldu, insanlarda Vətən, dövlətçilik, suverenlik, vətənpərvərlik hissiyyatları gücləndi, Azərbaycançılıq siyasi ideologiya səviyyəsinə qaldırıldı. Azərbaycanda demokratikləşmə milli inkişafın vacib faktoru kimi dövlət siyasətinin əsas istiqamətinə çevrildi. Ölkənin həyatında çox zəruri olan ictimai-siyasi sabitləşmə, demokratik prinsip və təsisatlar yaradıldı. Ulu öndərin uzaqgörən siyasəti nəticəsində atəşkəsə nail olundu, torpaqlarımızın işğalının qarşısı alındı, ordu quruculuğuna başlandı. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” sazişi imzalandı, neft strategiyasının və davamlı iqtisadi inkişafın əsası qoyuldu. Bununla da, Azərbaycan yenidən 1969-cu ildə əsası qoyulan tərəqqi və yüksəliş yoluna qayıtdı, 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi, insan hüquqlarının, fikir plüralizminin, söz və məlumat azadlığının, vətəndaş cəmiyyəti institutlarının formalaşdırılması və inkişafına etibarlı zəmin yarandı. Azərbaycan müstəqil, hüquqi dövlət kimi beynəlxalq qurumlar, dünya dövlətləri tərəfindən tanındı, demokratiya yolunda inamla irəliləməyə başladı. Qısa müddət ərzində Azərbaycan 150-dən artıq ölkə ilə diplomatik əlaqələr qurdu.
2003-cü ildən etibarən ümummilli liderin inkişaf strategiyasını inamla davam etdirən ölkə başçısı cənab İlham Əliyev Azərbaycanı regionun qüdrətli dövlətinə çevirmişdir. Müstəqil Azərbaycanın ötən dövrdə Prezident İlham Əliyevin rəhbərliyi altında ciddi uğurlara imza atması, iqtisadi inkişaf tempi ilə dünyada lider mövqelərini qoruyub saxlaması dövlət idarəçiliyinin uzun illər ərzində formalaşmış, təcrübədən uğurla çıxmış təkmil mexanizmlər əsasında həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Ölkəmiz iqtisadi və demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində böyük nailiyyətlər qazanmışdır. Yeni neft strategiyasının müvəffəqiyyətlə davam etdirilməsi, Azərbaycana xarici sərmayə qoyuluşunun artması, qeyri-neft sektoruna, regionların inkişafına yönəldilən investisiyanın ilbəil çoxalması, sahibkarlığın inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi dövlət başçısının iqtisadi siyasətinin əsasını təşkil edir.
Azərbaycan bu gün Şərqlə Qərbi birləşdirən bütün optimal nəqliyyat-kommunikasiya xətlərinin, habelə neft-qaz boru kəmərlərinin keçdiyi əlverişli tranzit məkan kimi təkcə Avropa üçün deyil, həm də Uzaq Şərq üçün strateji əhəmiyyət daşıyır. Bu gün ölkəmiz bir çox beynəlxalq əhəmiyyətli tədbirlərin nümunəvi ev sahibi və təşkilatçısıdır. Avropa Şurasında, İslam Əməkdaşlıq Təşkilatında, BMT-nin Təhlükəsizlik Şurasında, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında, YUNESKO-da, digər nüfuzlu təşkilatlarda Azərbaycanın xüsusi yeri vardır. Ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər, hərbi-sənaye kompleksinin yaradılması isə ölkəmizin qüdrətini daha da artırır.
Bu gün Azərbaycan müstəqil dövlət kimi yaşayır və inkişaf edir. Bu inkişafdan Naxçıvan Muxtar Respublikasına da yetərincə pay düşüb. Müstəqillik dövründə muxtar respublikamızın keçdiyi yolu xarakterizə etmək, inkişaf dinamikasını görmək üçün real həyata baxmaq kifayətdir. Əldə olunanlar dövlət müstəqilliyinin bəhrələridir. Son illər rayon mərkəzlərindən ucqar dağ kəndlərinədək hər yerdə aparılan genişmiqyaslı quruculuq prosesləri, muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı, əhalinin həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşması buna parlaq sübutdur. Naxçıvan Muxtar Respublikası müstəqil Azərbaycanın yenitipli məktəblərə, səhiyyə ocaqlarına, yeni texnologiya ilə təchiz olunmuş işlək sənaye müəssisələrinə, hər qarış torpağı əkilib-becərilən kənd təsərrüfatına malik inkişaf etmiş qabaqcıl diyarına çevrilmişdir. Azərbaycanın bu qədim diyarı Heydər Əliyev yoluna sədaqəti ilə milli müstəqilliyin əsl bəhrələrini görür.
Müstəqil Azərbaycan ümummilli liderimiz Heydər Əliyevin şah əsəridir. Bu gün hər bir azərbaycanlı dövlət müstəqilliyini həm də ümummilli liderin ən dəyərli mirası olaraq göz bəbəyi kimi qorumalı, doğma Azərbaycanın inkişafı, çiçəklənməsi naminə səylə çalışmalıdır. Bunun üçünsə, ilk növbədə, ölkəmizdə ulu öndər Heydər Əliyevin siyasi xətti davam etdirilməlidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Ötən hər ili göz önünə gətirəndə bir daha əmin oluruq ki, ölkəmizdə Heydər Əliyev siyasi kursunun alternativi yoxdur. Bu kurs, bu yol Azərbaycanda sosial-siyasi inkişafın yeni tələblər baxımından təmin olunmasının yeganə düzgün yoludur. Bu yol ölkəmizin bu gününün, sabahının və gələcəyinin yoludur”.
Bu, müstəqillik yoludur!
Mehriban Sultan