Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı 18 oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə “Naxçıvandan başlayan istiqlaliyyət salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirib.
Konfransı giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərli “Naxçıvan müasir Azərbaycan istiqlalının beşiyidir” mövzusunda çıxış edib. Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin 1990-cı il iyulun 22-də Moskvadan doğma Naxçıvana qayıdışı müasir tariximizin son dərəcə ağır və mürəkkəb dövründə dövlətçiliyimizin xilasının başlandığı gün və mühüm tarixi hadisədir. Bu qayıdış Vətənin məşəqqətli və böhranlı günlərində obyektiv tarixi zərurətin və istiqlalımız naminə ali missiyanın təntənəsinə çevrildi. Bu tarixi missiya, ilk növbədə, 1990-cı il noyabrın 17-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan MSSR Ali Sovetinin ilk sessiyasının qəbul etdiyi mühüm qərarlarda özünü göstərdi.
1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyasında muxtar respublika Ali Məclisinin Sədri seçilən ümummilli liderimiz öz fəaliyyəti ilə bir daha sübut etdi ki, müstəqilliyimizin qorunması və əbədiləşdirilməsi onun siyasi ideyalarının əsasını təşkil edir. 1991-ci il dekabrın 16-da Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi “31 dekabr Dünya Azərbaycan türklərinin Həmrəylik və Birlik Günü haqqında” qərarla bu gün artıq yüksəliş mərhələsini yaşayan bütün dünya azərbaycanlılarının vahid bayraq altında birləşməsinin əsası qoyuldu, 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində qısa müddətdə ümumxalq və dövlətçilik partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yaradıldı. Naxçıvanda taleyüklü tarixi qərarların qəbul edildiyi bir vaxtda ölkəmizdə naşı, səriştəsiz şəxslərin yarıtmaz siyasəti vətəndaş müharibəsinə, milli dövlətçiliyimizin real məhvolma təhlükəsi ilə üz-üzə qalmasına səbəb oldu. Məhz bu zaman xalqımız təkidlə görkəmli şəxsiyyət Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıtmasına nail oldu.
Diqqətə çatdırılıb ki, ümummilli liderin siyasi xətti ölkəmizdə bu gün də dönmədən həyata keçirilir. Müstəqillik dövründə, xüsusən son 22 ildə Naxçıvan Muxtar Respublikası öz tarixinin ən böyük sosial-iqtisadi inkişaf mərhələsini yaşayıb.
Naxçıvan Dövlət Texniki Kollecinin kimya-biologiya müəllimi Samirə Mustafayeva “Müstəqil Azərbaycan dövlətinə xidmətdə keçən ömür”, Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Gənclər Birliyinin sədri Cəbi Quliyev “Ümummilli lider Heydər Əliyev və müstəqil Azərbaycan” mövzularında çıxış ediblər.
Bildirilib ki, tariximizin yarıməsrə yaxın bir dövrü bilavasitə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1991-ci ildən öz istiqlalına qovuşmuş xalq qısa müddətdə yenidən müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdi. Ulu öndərin belə bir taleyüklü anda, 1993-cü il iyunun 15-də yenidən siyasi hakimiyyətə qayıdışı xalqımızı müsibətlərdən, dövlətimizi isə məhv olmaq təhlükəsindən xilas etdi.
Qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının fəaliyyətdə olduğu 25 ildə həyata keçirilən tədbirlər, daxili və xarici siyasət sahəsində, hüquqi-demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində əldə olunmuş nailiyyətlər dövlət müstəqilliyimizin daha da möhkəmlənməsinə və davamlı xarakter almasına xidmət edib.
Konfransda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini, müstəqil Azərbaycan dövlətinin quruculuğu və Naxçıvan Muxtar Respublikasının inkişafı prosesini əks etdirən slaydlar nümayiş etdirilib.
* * *
Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatı ölkəmizin dövlət müstəqilliyinin 26-cı ildönümünə həsr olunmuş “Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir” adlı tədbir keçirib. Şahtaxtı Kənd Mərkəzinin iclas zalında keçirilən tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevda Quliyevanın geniş məruzəsi dinlənilib.
Bildirilib ki, Azərbaycan xalqının ən böyük sərvəti olan dövlət müstəqilliyimizin əldə edilməsi hər bir Azərbaycan vətəndaşı üçün müstəsna əhəmiyyət daşıyır. Lakin müstəqilliyin ilk illərində dövlət rəhbərliyində olan səriştəsiz adamların yeritdikləri səhv siyasət, daxildə gedən siyasi çəkişmələr, yaranmış xaos və anarxiya uzun illər arzusunda olduğumuz bu əvəzedilməz sərvətin itirilməsi təhlükəsini yaratmışdı. Belə bir ağır dövrdə böyük təcrübəyə malik, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı ilə bu təhlükə aradan qaldırıldı. Məhz ulu öndərin əvəzsiz xidmətləri sayəsində Azərbaycan xalqının XX əsrin sonlarına doğru yenidən qazandığı milli müstəqillik qorunub saxlanıldı, respublika inkişaf yoluna qədəm qoydu.
Vurğulanıb ki, bu gün ulu öndər Heydər Əliyevin siyasi kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının rəhbərliyi altında bu gün müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib.
Zamanın sınağından uğurla çıxmış Heydər Əliyev siyasəti Naxçıvanda da qətiyyətlə davam etdirilərək muxtar respublikamızın inkişafına xidmət edir. Məhz Heydər Əliyev siyasətinə sədaqətin ifadəsidir ki, Naxçıvan Muxtar Respublikası blokadanın çətinliklərini aşıb, böyük tərəqqiyə qovuşub.
Tədbirdə Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının Şura üzvü Səfər Qazıbəyov, rayon Təhsil Şöbəsinin müdiri Emin Məmmədxanlı, təşkilatın Gənclər Birliyinin üzvü Kənan Məmmədov mövzu ilə bağlı çıxış ediblər.
Tədbirdə Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunmuş bir qrup gəncə üzvlük vəsiqələri təqdim edilib, Müstəqillik Gününə həsr olunmuş videomateriala baxış olub.
Xəbərlər şöbəsi