Naxçıvanda poçt-rabitə sistemi özünəməxsus inkişaf yolu keçib. Belə ki, ilk dəfə 1864-cü ildə Tiflis-Naxçıvan teleqraf xətti çəkilib. 1918-ci ildə Naxçıvan şəhərində ilk poçt kontoru açılıb, 1927-ci ildə isə muxtar respublikanın Ordubad, Culfa, Şərur şəhərlərində poçt-teleqraf şəbəkələri və Naxçıvan şəhərində Poçt-Teleqraf Agentliyi yaradılıb. 1996-cı ildən başlayaraq Naxçıvanda poçt xidmətlərinin keyfiyyəti mərhələ-mərhələ yüksəldilib, bu sahənin texniki imkanları genişləndirilərək böyük uğurlara imza atılıb.
Bəs bu gün muxtar respublikamızda poçt-rabitə sistemi hansı inkişaf mərhələsini yaşayır və bu sahədə nə kimi işlər görülür? Elə bu sualla “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru İlqar Sadiqova müraciət etdik. O bildirdi ki, poçt rabitə sisteminin ən geniş yayılmış sahələrindən biri olaraq, gündəlik istifadə edilən kütləvi əlaqə vasitəsidir. Poçt rabitəsi dövlətçiliyin möhkəmlənməsində, iqtisadiyyatın inkişafında, ictimai-siyasi proseslərin tənzimlənməsində, xalq təsərrüfatının, biznes əlaqələrinin genişlənməsində, əhalinin maariflənməsində mühüm və əvəzedilməz rola malikdir. Yaşadığımız müasir dövrdə texnikanın, xüsusilə elektronikanın, radionun, televiziyanın, internet xidmətlərinin yüksək inkişaf tempi poçta olan marağı azaltmayıb, əksinə poçt xidmətinin inkişafına müəyyən qədər müsbət təsir göstərib. İnkişaf etmiş dünya ölkələrinin təcrübəsi göstərir ki, əhali arasında poçt xidmətlərinin növləri, o cümlədən bağlamaların, məktubların, pul baratlarının mübadiləsi gündən-günə artmaqda davam edir. İnsanlar poçt vasitəsilə əlaqələrin inkişafına daha çox üstünlük verirlər, çünki rabitənin bu klassik xidmət növü keçmiş zamanlardan bəri istifadə olunan ən inanılmış rabitə vasitəsi olaraq qalmaqdadır.
İlqar Sadiqov rəhbərlik etdiyi müəssisənin fəaliyyəti, eləcə də gördüyü işlər haqqında danışaraq qeyd etdi ki, “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında” 2013-cü il 30 iyul tarixli Sərəncamı əsasında yaradılıb. Həmin sərəncamın icrası nəticəsində bu sahədə görüləcək işlərin miqyası daha da genişləndirilib. Regionda rabitə sahəsində gedən sürətli inkişaf, fiber-optik xətlərinin çəkilməsi, yüksəksürətli kompüter şəbəkəsinin yaradılması poçt sahəsində də xidmətlərin müasir tələblərə uyğun qurulmasına şərait yaradır. Əhaliyə göstərilən xidmətlərin yüksək səviyyədə təşkili məqsədilə həyata keçirilən tikinti-quruculuq işləri nəticəsində, demək olar ki, bütün poçt bölmələri yeni tikilən binalara köçürülüb, keyfiyyətli xidmət üçün lazımi şərait yaradılıb. Hazırda regionda 1 mərkəzi poçt şöbəsi, 7 rayon poçt filialı və 163 poçt bölməsi fəaliyyət göstərir. 159 poçt bölməsi Məlumat Hesablama Mərkəzi şəbəkəsinə qoşulub. Poçt məntəqələrində danışıq borclarının, elektrik, qaz və sudan istifadə haqlarının, bələdiyyə ödənişlərinin, Dövlət Yol Polisi cərimələrinin və sairin qəbulu həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin tərkibində yaradılan yeni “Naxtel” 4G mobil operatoru ilə müqavilə bağlanılıb, nömrələrin və danışıq kartlarının satışı poçt şöbə və bölmələri tərəfindən yerinə yetirilir. Hökumət Ödəniş Portalının şəbəkəsinə qoşulmaqla Azərbaycan Respublikasının 17 təşkilatının ödənişlərini həyata keçirmək imkanı əldə edilib. Poçt məntəqələrində nağdsız ödənişlərin təşkili üçün 155 ədəd POS-terminal qoyulub.
Texnologiyanın inkişaf tempi elektron imzadan istifadəyə də tələbatı artırıb. Çünki bu üsul vaxta qənaət etməyə imkan yaratdığı kimi istifadəçiyə harada olmasından asılı olmayaraq, istənilən sənədi imzalayaraq lazımi məsafəyə tam təhlükəsiz qaydada və vaxtında göndərmək imkanı da verir. Bundan başqa, fiziki və ya hüquqi şəxslər hər hansı sayt üzərindən müəyyən elektron xidmətlərdən yararlanmaq üçün də elektron imzadan istifadə edə bilirlər. İnsanların bu xidmətə olan tələbatını ödəmək məqsədilə elektron imzanın mərkəzi poçt şöbəsində verilməsi təşkil edilib. Bu məqsədlə Naxçıvan şəhərində server, kompüterlər, kart və pin kodların çapı üçün printerlər qoyulub, əməliyyat zalında ərizələrin qəbulu üçün bölmə yaradılıb.
İlqar Sadiqov onu da bildirdi ki, Naxçıvan şəhərində qaz və elektrik sayğaclarının daha təkmil olan smartkartla yüklənən sayğaclarla dəyişdirilməsinə başlanılıb. Poçt bölmələrində həmin kartların yüklənməsi işi təşkil olunub. Bunun üçün Naxçıvan Şəhər Rabitə İdarəsinin texniki binasında server qoyulub, şəbəkəyə qoşulması təmin edilib. Naxçıvan şəhərində 10 poçt bölməsində yeni kompüter, kartoxuyucu qoyulub, elektrik və qaz təsərrüfatı ilə məşğul olan idarələrdəki kompüterlər isə həmin şəbəkəyə qoşulub. Həmin serverlərə “Naxçıvanpoçt” MMC-nin mühəndisləri tərəfindən xidmət edilir, fasiləsiz işləməsi üçün vaxtında lazımi tədbirlər görülür. 2017-ci ilin 9 ayı ərzində 3 milyon 758 min 192 manatlıq smart sayğac kartı yüklənib. Həmçinin yeni texnologiyaların tətbiqi telefon və kommunal ödənişlərin internet üzərindən də həyata keçirilməsinə şərait yaradır və belə istifadəçilərin sayı ilbəil artır.
2016-cı ilin dekabr ayından “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində “İtirilmiş Əşyaların Sahibinə Çatdırılması Xidməti” fəaliyyətə başlayıb. Bu xidmət heç bir mükafat yaxud rüsum tələb edilmədən tam humanitar məqsədlə yaradılıb. Vətəndaşlar “Naxçıvanpoçt” MMC-nin www.naxcivanpoct.az internet saytında yerləşdirilmiş “İtirilən əşyaların qeydiyyatı” bölməsində fərdi qaydada tapdıqları, yaxud axtardıqları əşyalar haqqında məlumatı yerləşdirə bilərlər.
“Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətindən aldığımız məlumatlara əsaslanaraq deyə bilərik ki, bu gün bütün sahələrdə olduğu kimi, poçt sahəsi də dövlətimiz tərəfindən yüksək diqqət və qayğı ilə əhatə olunub. Bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi, hər il yeni rabitə evlərinin istifadəyə verilməsi həm poçt işçilərinin iş və maddi təminatının yüksəldilməsinə, həm də əhalinin müasir poçt xidmətlərindən istifadə etməsinə şərait yaradır.
Görülən işləri nəzərə alaraq əminliklə deyə bilərik ki, cəmiyyət bu sahəyə göstərilən diqqət və qayğıdan bəhrələnərək bundan sonra da səylə çalışacaq, yaradılan şəraitdən səmərəli istifadə edərək muxtar respublika sakinlərinə yeni və daha keyfiyyətli poçt xidmətləri təqdim edəcəklər.
Gülcamal TAHİROVA