Salam Vətən, Anam Vətən
Vətən müqəddəsdir, Vətən ülvidir. Vətən ana südü qədər şirin, ana nəfəsi kimi doğmadır. Vətəni yaşadan, qoruyan da elə onun qəhrəman, igid övladlarıdır. Vətənin uca zirvələrində məskən salıb keşiyimizi çəkən oğullar hər birimizin sevgisinə layiqdirlər.
“Yerləşdikləri coğrafi mövqe şəhər mərkəzindən xeyli uzaqdadır. Amma həyata keçirdikləri böyük missiya ilə doğma Vətənimizin hər yerində sülhü, təhlükəsizliyi, əmin-amanlığı, tərəqqini təmin edən Azərbaycan Ordusu ilə xalqımız arasında bu gün qırılmaz vəhdət vardır. Möhkəm tellərlə bağlanan bu birlik Silahlı Qüvvələrin hər bir üzvünü inamlı xidmətə səsləyən başlıca amildir”, – deyən məsul zabit Nəriman Nəcəfov lap uzaqdan seçilən boz təpələri, dağları nişan verərək qeyd edir ki, həmin zirvələrdə Azərbaycan əsgəri dayanıb. Özü də məğrur, qorxmaz, mübariz şəkildə.
Əlavə olaraq deyir ki, Babək rayonunun Gərməçataq kəndində yerləşən ön xətdəki bölmələrə sərt qayaların, zirvələrin sinəsi yarılaraq rahat yol çəkilib. Yol-nəqliyyat infrastrukturu həm kənd sakinlərinə, həm də hərbçilərimizə əvəzsiz töhfədir. Məsul zabit onu da qeyd edir ki, ön xətdə yerləşən bölmələrdə xidmət etmək hər bir əsgər, çavuş, gizir və zabit üçün böyük fəxrdir. Bu, olduqca çətin, amma şərəfli bir vəzifədir. Şəxsi heyət keşiyində dayandığı Vətən torpağını göz bəbəyi kimi qoruyur. Birazdan görüşüb xidməti fəaliyyətləri ilə tanış olacağımız əsgərlər də onlardandırlar.
Yaradılan şərait nümunəvi xidmətin əsasını təşkil edir
Bölmənin dayaq məntəqəsində yaradılan şəraitdən söz açan zabit Elnur Mustafayev deyir ki, çətinliklərə sinə gərməyi bacaran və doğma yurdunu anası kimi sevən bu oğullar Vətəni qorumağı özlərinə borc bilirlər. Ölkəmizin müxtəlif yerlərindən olan igidlər bir yumruq kimi birləşib, belə desək, doğmalaşıb, qardaşlaşıblar. “Bir nəfər hamı üçün, hamı bir nəfər üçün” şüarı əldə rəhbər tutulur. Digər bir tərəfdən isə dövlət-xalq-ordu birliyi şəxsi heyətin döyüş əzmini daha da artırır. Bayram və əlamətdar günlərdə kənd sakinlərinin və ictimaiyyətin nümayəndələri bölmələrə gəlir, onların xidmət və məişət şəraitləri ilə tanış olurlar. Bölmənin daxilində şəxsi heyətin məişət qayğıları lazımınca öz həllini tapıb. Hərbi qulluqçuların asudə vaxtlarının səmərəli təşkili üçün tədbirlər görülüb.
Vətən bizə əmanətdir
Bir qədər uzaqda dağları yarıb keçən ziqzaq xətti görürəm. Bu, mətin oğullarımızın düşmənə qarşı qurduğu möhkəm qala divarı – səngərlərdir. Bu səngərlərdən qarşıda görünən ərazilər də elə əzəli Azərbaycan torpağı olan Zəngəzurun əzəmətli dağ silsiləsidir.
Bölmənin zabiti Xəyal Mustafayev bizi qarşılayır. Əyinlərində zirehli gödəkcə, başlarında dəbilqə, yaraqlı-yasaqlı bir neçə əsgər də sırada dayanıb. Onlar mövqelərdəki silahdaşlarını əvəz etməyə gedirlər. Döyüşçülərimiz dayandıqları yerdən vəziyyətə tam nəzarət edirlər. Sədlər və səngərlər isə istehkam nöqteyi-nəzərdən olduqca yaxşı hazırlanıb. Hər səngər bir qalaya çevrilib. Bu qalanın müdafiəçiləri sayıqlıqla torpaqlarımızın keşiyini çəkirlər.
Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun bölmələrində xidmətin nümunəvi təşkil olunması üçün yaradılan şərait də buna imkan verir. Hərbi hissənin zabiti Namiq İsgəndərov bir neçə ildir ki, ordu sıralarında xidmət edir. Təcrübəli zabit qeyd edir ki, ötən əsrin sonlarında ulu öndər Heydər Əliyevin məhz Naxçıvanda əsasını qoyduğu ordu quruculuğu prosesi bu gün uğurla davam etdirilir. Bölmələrin müasir atıcı silahlarla təminatı diqqət mərkəzində saxlanılır, şəxsi heyətin məişət şəraiti yaxşılaşdırılır, maddi-texniki təchizat möhkəmləndirilir. Xidmət etdiyim bölmə barəsində də eyni fikirləri demək olar. Fəxr edirəm ki, ulu öndər Heydər Əliyevin doğulub boya-başa çatdığı Naxçıvanda xidmət edirəm. Muxtar respublikanın düşmən dövlətlə həmsərhəd olması onun müdafiə əhəmiyyətini daha da artırır. Biz də fasiləsiz olaraq ön xətdə ayıq-sayıq xidməti təşkil edirik. Əsgərlərimiz döyüş növbəsini məsuliyyətlə aparırlar. Təlim görmüş əsgərlərimiz silahlardan istifadə qaydasını mükəmməl bilir, tapşırıqları vaxtında yerinə yetirirlər. Xidmətimiz yalnız bir məqsədə – şəxsi heyətin döyüş hazırlığının artırılmasına yönəlib.
Hazırlıq yüksək olanda…
Təsdiq olunmuş döyüş hazırlığı planına uyğun olaraq şəxsi heyət müntəzəm olaraq dərs və məşğələlər keçir. Minaatanın taktiki-texniki xüsusiyyətlərini əsgərlərə çatdıran zabit Samir Baqiri qeyd edir ki, bu dərslər əsgərlərin daha hazırlıqlı və çevik olmalarına gətirib çıxarır. Bizim üzərimizə düşən əsas vəzifələrdən biri də ordu sıralarına ilk addımlarını atan gənc əsgərlərə hərbi bilik və döyüş vərdişlərini öyrətməkdir. Çalışırıq ki, məşğələnin hər dəqiqəsindən səmərəli istifadə edərək heyət üzvlərinə minaatan qurğusunun sirlərini daha dərindən öyrədək. Sırada dayanan mərd oğullar bir müddət əvvəl həqiqi hərbi xidmətə çağırılıblar. Amma buna baxmayaraq, qısa müddətdə xeyli bilik və döyüş vərdişinə yiyələniblər.
Qusar rayonundan olan Teymur İlyasov manqanın bacarıqlı əsgərlərindəndir. Bir neçə ay bundan öncə xidmətə başlayan əsgər deyir ki, bu gün tədris ocaqlarında gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi diqqət mərkəzində saxlanılır, tez-tez hərbi idman oyunları təşkil edilir. Bir sözlə, biz gənclərin çağırışaqədərki hazırlığı sınağa çəkilir. İndi isə ön xətdə döyüş növbətçiliyi aparıram. Bir vətəndaş olaraq dövlətim və xalqım qarşısındakı müqəddəs borcumu yerinə yetirirəm. Döyüş hazırlığı yüksək səviyyədə olan əsgər yoldaşlarım hər an, hər dəqiqə düşmən təxribatının qarşısını almağa qadirdir. Düşmən daim hiss edir ki, onun qarşısında qüdrətli, güclü bir ordunun yüksək döyüş hazırlığına malik olan şəxsi heyəti dayanıb. Biz qoynunda göz açdığımız Vətən torpağına ürəkdən bağlıyıq.
Sərxan Bayramov isə Babək rayon Nehrəm kəndindən həqiqi hərbi xidmətə çağırılıb.Onun dediklərindən:
– Azərbaycan xalqının zəngin hərbi ənənələri var. Bu ənənənin davamçıları aprel döyüşlərində düşmənə öz güclərini göstərdilər. Bunu düşmənin özü də etiraf edir. İşğalçı dövlətin ordusundakı hərbi intizamsızlıq, məişət şəraitinin olduqca aşağı səviyyədə olması onları məğlubiyyətə aparan əsas səbəblərdən oldu. Həmin döyüşlərdə düşməndən azad olunmuş torpaqlarda bu gün geniş abadlıq və quruculuq işləri aparılır. Bu, böyük Qayıdışın da xəbərçisidir.
Belə bir deyim vardır ki, səngərlər qorxaqları sevmir. Çünki bu yolda əzm və rəşadətlə xidmət aparmalı, üzərinə düşən vəzifəni layiqincə icra etməlisən. Bir sözlə, Vətən sənə güvənir, Azərbaycan əsgəri! Siz hünərinizlə bu yurdun tarixinə yeni qəhrəmanlıq səhifələrini yazırsınız.
Muxtar RZAZADƏ
“Şərqin səhəri” qəzetinin redaktoru