Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının növbəti şura iclasında 2017-ci ilin doqquz ayında görülmüş işlər müzakirə edilib, qarşıda duran vəzifələr müəyyənləşdirilib. Gündəlikdə duran məsələ ilə əlaqədar partiyanın rayon təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı İsa Məmmədovun məruzəsi dinlənilib.
Bildirilib ki, 25 il bundan əvvəl ümummilli liderimiz, görkəmli dövlət xadimi Heydər Əliyevin ətrafında sıx birləşən mütərəqqi insanların arzu və istəyi ilə yaradılan Yeni Azərbaycan Partiyası dahi şəxsiyyətin ideyalarının işığında əsl ümumxalq partiyası kimi özünü təsdiqləyib. Ölkəmizin bugünkü inkişafında partiyanın böyük xidmətləri olub. Əsası ulu öndər tərəfindən qoyulan siyasi xətt bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və müstəqil Azərbaycan inkişaf yolunda inamla irəliləyir. Gündən-günə gözəlləşən, yeniləşən Naxçıvan Muxtar Respublikası da məhz Heydər Əliyev ideyalarından güc alaraq özünün yeni inkişaf mərhələsini yaşayır. Babək rayonu da muxtar respublikamızda həyata keçirilən uğurlu siyasətin nəticəsində tərəqqiyə qovuşub.
Vurğulanıb ki, Babək rayonunda əhalinin rahat, firavan yaşayışı üçün həyata keçirilən tədbirlər dövlətimizin və partiyamızın amalını, məqsədini bütün aydınlığı ilə ifadə edir. Cari ildə rayon İcra Hakimiyyətinin inzibati binası, Nehrəmdə Heydər Parkı və üzümçülük təsərrüfatı, eləcə də Şıxmahmud və Xəlilli kəndlərini Naxçıvan şəhərinə birləşdirən yol və su-kanalizasiya sistemi istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə Bilik Günündə ucqar dağ kəndi olan Payızda 4 sosial obyekt və kənd yolu sakinlərin ixtiyarına verilib. Bütün bu uğurlar muxtar respublikamızda Heydər Əliyev quruculuq xəttinin ardıcıllıqla davam etdirilməsi nəticəsində əldə edilib.
Partiyanın rayon təşkilatının fəaliyyətindən danışan İsa Məmmədov deyib ki, bu ilin 9 ayı ərzində Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının 3 şura və 9 idarə heyəti yığıncağı keçirilib. Bundan başqa, tarixi və əlamətdar bayram günləri ilə əlaqədar müxtəlif tədbirlər təşkil olunub.
Rayon təşkilatının sədri bildirib ki, bu gün 55 ərazi ilk partiya təşkilatının, ümumilikdə, 6 min 848 nəfər üzvü var. Bunlardan 2 min 831-i qadın, 2 min 268 nəfəri isə gənclərdir. Hesabat dövrü ərzində partiya sıralarına 79 nəfər qəbul olunub ki, bunlardan 57 nəfəri gənc, 36-sı isə qadınlardır. Qarşıda duran vəzifələrdən də danışan İsa Məmmədov qeyd edib ki, nizam-intizama əməl olunması, yaradıcı və istedadlı gənclərin partiya sıralarına cəlb edilməsi istiqamətində fəaliyyət daha da gücləndirilməlidir.
Tədbirdə Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatı Gənclər Birliyinin sədri Elnur Abbasov, Təşkilatın Qadınlar Şurasının sədri Turan Məmmədli və Nehrəm ərazi ilk partiya təşkilatının sədri Tofiq Abutalıbov çıxış ediblər.
Şura iclasında müzakirə olunan məsələlərlə əlaqədar qərar qəbul olunub.
Xəbərlər şöbəsi