25 Dekabr 2024, Çərşənbə

Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının növbəti şura iclasında cari ilin 9 ayında görülən işlərdən və qarşıda duran vəzifələrdən danışılıb.
Tədbiri təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qadir İbrahimov giriş sözü ilə açaraq məruzə ilə çıxış edib. Bildirib ki, bu il noyabrın 21-də yaranmasının 25 ili tamam olan Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi həyatında mühüm yer tutub, xalqımızın inam və etimadını doğruldub, ümummilli lider Heydər Əliyev ideyalarını layiqincə həyata keçirən ümumxalq partiyasına çevrilib. Partiyanın ulu öndər tərəfindən müəyyənləşdirilən və ötən dövrdə uğurla həyata keçirilən əsas məramı Azərbaycanda dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsi, ölkənin ərazi bütövlüyünün təmin edilməsi, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulması, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü sosialyönümlü iqtisadiyyat yaratmaq olub. Bütün bunlar uğurla reallaşdırılıb.
Vurğulanıb ki, ümummilli liderimizin siyasi kursu bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasətin nəticəsidir ki, muxtar respublikamızda da bütün sahələrdə inkişaf təmin edilib, əhalinin sosial vəziyyəti yaxşılaşdırılıb, Naxçıvan çiçəklənən bir diyara çevrilib. Muxtar respublikanın quruculuq xəritəsində Culfa rayonu da xüsusi yerə sahibdir. Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının üzvləri də bu proseslərdə yaxından iştirak edir, bütün tədbirlərdə fəallıq göstərirlər.

Qadir İbrahimov məruzəsində qeyd edib ki, rayon təşkilatında nizam-intizama xüsusi diqqət yetirilir, yüksək mənəvi keyfiyyətə malik, Heydər Əliyev yoluna və siyasi irsinə böyük məhəbbət və inamı olan vətəndaşlar partiya sıralarına üzv qəbul edilirlər. Ərazi ilk təşkilatlarında ideoloji işin təşkilinə diqqət daha da artırılıb. Rayon təşkilatı cari ildə gənclərlə işi daim diqqət mərkəzində saxlayıb. Gənc­lər Birliyinin, Qadınlar Şurasının üzvləri vətənpərvərliyin təbliği işində yaxından iştirak ediblər, şəhər və kəndlərdə tez-tez görüşlər təşkil olunub. Ötən 9 ayda təşkilat tərəfindən idarə heyətinin 9, şuranın 3 iclası, 3 toplantı, 1 elmi-praktik konfrans keçirilib.
Diqqətə çatdırılıb ki, hazırda rayon təşkilatının 55 ərazi ilk partiya təşkilatının tərkibində 5 min 510 partiya üzvü var. Onlardan 2 min 604-ü qadınlar, 1701-i gənclərdir. Cari ildə partiya sıralarına 81 üzv qəbul olunub. Onlardan 38-i qadın, 68 nəfəri isə gənclərdir. Ötən 9 ay ərzində Naxçıvan Muxtar Respublika ərazisindəki ilk partiya təşkilatlarından 32 nəfər rayon təşkilatında qeydiyyata alınıb, başqa rayonlara getməsi ilə əlaqədar 8 nəfər qeydiyyatdan çıxarılıb.
Təşkilati işlərin bundan sonra da diqqətdə saxlanacağını vurğulayan Qadir İbrahimov qeyd edib ki, təşkilat üzvlərinin bir ali məqsədi olmalıdır: ümummilli lider Heydər Əliyev siyasi irsinə dərin sədaqət. Onlar təşkilati işləri daha da gücləndirməli, partiyamızın cəmiyyətdə tutduğu yüksək mövqeyin qorunub saxlanmasında üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidirlər.
Təşkilat Yeni Azərbaycan Partiyasının 25 illik yubileyinin yüksək səviyyədə keçirilməsi ilə əlaqədar tədbirlər planı hazırlayıb. Həmin tədbirlərin həyata keçirilməsində bütün üzvlər fəal iştirak edəcəklər.
Sonra Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatı Gənclər Birliyi İdarə Heyətinin üzvü Rauf Hüseynov, Qadınlar Şurasının sədri Xanım Tağıyeva, rayon təşkilatının şura üzvü Sevinc Mustafayeva, Culfa şəhər Uşaq musiqi məktəbi ərazi ilk partiya təşkilatının sədri Samirə Səfərova çıxış ediblər.
Şura iclasında müzakirə olunan məsələ ilə əlaqədar qərar qəbul edilib.

Hüseyn ŞƏKƏRƏLİYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR