Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının növbəti şura iclasında 2017-ci ilin doqquz ayında görülmüş işlər müzakirə edilib, qarşıda duran vəzifələr müəyyənləşdirilib. Gündəlikdə duran məsələ ilə əlaqədar partiyanın rayon təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayevin məruzəsi dinlənilib.
Qeyd edilib ki, 25 il bundan əvvəl ulu öndər Heydər Əliyevin ətrafında sıx birləşən, mütərəqqi insanların arzu və istəyi ilə yaradılan Yeni Azərbaycan Partiyası dahi şəxsiyyətin ideyalarının işığında əsl ümumxalq partiyası kimi özünü təsdiqləyib. Ötən illər müstəqil Azərbaycanın taleyində bir sıra mühüm hadisələrlə yaddaqalan olub. Azərbaycan dövlətini və onun vətəndaşlarını azad, firavan günlərə qovuşduran güclü iqtisadiyyat yaradılıb, qüdrətli ordu formalaşıb, dövlətçilik möhkəmləndirilib, təhsildə, elmdə, mədəniyyətdə islahatlar aparılıb, qeyri-neft sektoru, xüsusilə kənd təsərrüfatı yüksək inkişaf mərhələsinə qədəm qoyub, idman sahəsində uğurlu nəticələr əldə olunub.
Məruzəçi bildirib ki, 2017-ci ildə də muxtar respublika həyatının bütün sahələrində inkişaf təmin edilib, əvvəlki illərdə olduğu kimi tikinti-quruculuq, abadlaşdırma, yaşıllaşdırma işləri geniş vüsət alıb, iqtisadi inkişafa nail olunub, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılıb. Bütün bu uğurlar Azərbaycanda, eyni zamanda muxtar respublikamızda Heydər Əliyev quruculuq xəttinin ardıcıllıqla davam etdirilməsi nəticəsində əldə edilib.
Partiyanın rayon təşkilatının ilin ötən dövründəki fəaliyyətindən danışan Əmir Babayev təşkilatın xətti ilə bir sıra tədbirlər keçirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, cari ildə də Şərur rayonunda hərtərəfli sosial-iqtisadi inkişafın təmin olunmasında, quruculuq tədbirlərinin geniş vüsət almasında, qarşıda duran vəzifələrin yerinə yetirilməsində partiyanın üzvləri fəallıq nümayiş etdiriblər. Rayon təşkilatının 3 şura, 10 idarə heyəti yığıncağı keçirilib. Qadınlar Şurasının, Gənclər Birliyinin xətti ilə tarixi və əlamətdar günlər, bayramlar münasibətilə dəyirmi masalar, elmi-praktik konfranslar, idman yarışları, tarixi və mədəni yerlərə ekskursiyalar təşkil olunub.
Diqqətə çatdırılıb ki, hazırda təşkilatın əhatə etdiyi 87 ərazi ilk partiya təşkilatının qeydiyyatında 10 min 387 nəfər partiya üzvü vardır. Bunların 3 min 47 nəfərini, yəni 29 faizini qadınlar, 3 min 185 nəfərini, yəni 30,6 faizini gənclər təşkil edir. Doqquz ay ərzində Yeni Azərbaycan Partiyası sıralarına 84 nəfər qəbul olunub ki, bunların da 40 nəfərini qadınlar, 78 nəfərini gənclər təşkil edir. Bundan sonrakı dövrdə də gənclərlə iş diqqət mərkəzində saxlanılmalı, ona nail olunmalıdır ki, əsasən, bacarıqlı, təşəbbüskar, ictimai işlərə maraq göstərən gənclər partiyanın sıralarına qəbul edilsinlər.
Əmir Babayev qarşıda duran vəzifələrdən də danışaraq qeyd edib ki, əsas vəzifə ötən dövr ərzində müxtəlif sahələrdə qazanılan uğurları xalqa çatdırmaq, əhali arasında ideya-siyasi işi gücləndirmək, partiya üzvlərinə təmsil etdiyi təşkilatın işində fəal olmağı aşılamaqdan ibarət olmalıdır. Hər bir üzv partiyanın Proqram və Nizamnaməsinin tələblərinə, prinsiplərinə əməl etməli, ictimai-siyasi proseslərdə, mədəni-kütləvi tədbirlərdə və qarşıya qoyulan digər vəzifələrin həyata keçirilməsində daha fəal olmalıdır.
Bu il Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi ilə əlaqədar olaraq Təşkilat Komitəsinin yaradıldığını deyən Əmir Babayev görüləcək işlərə dair Tədbirlər Planı hazırlandığını bildirib. Vurğulayıb ki, Tədbirlər Planına uyğun olaraq yığıncaqların, elmi-praktik konfransların keçirilməsi, ekskursiyaların təşkili nəzərdə tutulub. Yerlərdə, ərazi ilk partiya təşkilatlarında keçiriləcək tədbirlər rayon mərkəzində təşkil olunacaq ümumrayon tədbiri ilə yekunlaşacaqdır.
Sonra “Kapital Bank” Şərur Rayon Filialı ərazi ilk partiya təşkilatının sədri Fazil Mehdiyev, Təhsil Şöbəsi ərazi ilk partiya təşkilatının sədri Ədalət Əhmədov və başqaları məruzə ətrafında çıxış ediblər.
Şura iclasında müzakirə olunan məsələlərlə əlaqədar qərar qəbul edilib.
Elman MƏMMƏDOV