Qədim Naxçıvan əhalisi əsrlərlə dünyada sülh və inkişafı təmin etmək gücünə malik olan bir dinə – İslam dininə inanıb. Onun bütün dəyərləri xalqımız üçün müqəddəs olub, bu dəyərlər Naxçıvanda yaşadılıb, inkişaf etdirilib. Məlumdur ki, Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunub. Bununla bağlı hazırlıq işləri uğurla davam etdirilir. Eyni zamanda Naxçıvanın İslam mədəniyyətinin inkişafında oynadığı tarixi rola da bir daha nəzər salınır. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Fəxrəddin Səfərli ilə söhbətimiz də elə bu mövzuda oldu.
– Fəxrəddin müəllim, Naxçıvanda İslam dininin təşəkkül tapması barədə nə deyə bilərsiniz?
– Bir yaşayış məskəni kimi əsası çox qədimlərdə qoyulan, təxminən, 5 min il bundan əvvəl şəhər kimi formalaşan Naxçıvan çox böyük inkişaf yolu keçmişdir. Bu inkişafın nəticəsi olaraq Naxçıvan şəhəri hələ eramızın əvvəllərindən mühüm inzibati mərkəz kimi tanınmışdır. Həmin dövrdə şəhər Sasanilər dövlətinin mühüm dayaq məntəqələrindən biri olmuş, hətta bəzi vaxtlar mərzbanlar öz iqamətgahlarını buraya köçürmüşdülər. Qədim yaşayış məntəqəsinin bu inkişafı əhalinin islamlaşmasından sonra da davam etmişdir.
Məlumdur ki, ilk xəlifələr zamanı İslam dini Ərəbistan yarımadası çərçivəsindən çıxmış, ətraf ərazilərdə yayılmağa başlamışdır. Belə yerlərdən biri də Naxçıvan ərazisi olmuşdur. Bura da bir sıra Azərbaycan şəhərləri kimi sülh yolu ilə – müqavilə bağlamaqla xilafətin tərkibinə daxil olmuşdu. Ərəblərlə bağlanan müqaviləyə görə Naxçıvan əhalisi “əhli-kitab” sırasına daxil edilir, müqavilənin şərtini gözləməklə onların şəxsi və mülki toxunulmazlıqlarına zəmanət verilirdi. Başqa yerlər kimi, Naxçıvanın da İslam dünyası qarşısında vəzifələri bu dinin təlimini təbliğ etmək, ona etiqad etmək, vergi və xərac vermək idi. Bunun müqabilində isə xilafət onları xarici hücumlardan müdafiə etməli, əhalinin siyasi hüquqlarının və etiqad azadlıqlarının qorunub saxlanılmasını təmin etməli, onların şəxsi işlərinə qarışmamalı, mal-dövlətlərinə, şəxsiyyətlərinə hörmət etməli idi.
Ərəblər Naxçıvana böyük diqqətlə yanaşırdılar. Onlar bu diyarın hərbi-strateji əhəmiyyətini nəzərə alaraq özlərinin iqamətgahını Naxçıvanda yerləşdirməklə bölgəni hərbi-inzibati mərkəzə və Bizansa qarşı əsas dayaq nöqtəsinə çevirmişdilər.
– Qədim mədəniyyət mərkəzi kimi Naxçıvanda İslamla bağlı abidələr də çoxluq təşkil edir. Bu abidələr ümumislam mədəniyyətində hansı yeri tutur?
– Xilafətin yaranması ilə onun tərkibinə daxil olan digər xalqlar, o cümlədən Azərbaycan da özünün əldə etdiyi mədəni-elmi nailiyyətlər ilə birlikdə ümumislam mədəniyyət xəzinəsinə daxil oldu. Bundan sonra Azərbaycanda, o cümlədən Naxçıvanda əldə edilən bütün mədəni nailiyyətlər yerli türk ənənələrini saxlamaqla, həm də islami mahiyyət kəsb etdi və bu zəmində çoxlu tarix-mədəniyyət abidələri yaradıldı. Azərbaycanın hər yerində olduğu kimi, onun qədim mədəniyyət mərkəzlərindən olan Naxçıvanda da yaranan, bir qismi zəmanəmizədək salamat və ya yarımdağılmış vəziyyətdə gəlib çatan bu tarixi abidələrə ötən yüzillikdə, ateizm təbliğatına geniş meydan verilən sovet hakimiyyəti illərində biganə münasibət bəslənilmiş, hətta onların bir qismi qəsdən dağıdılmışdır. Ancaq Azərbaycan öz müstəqilliyini bərpa etdikdən, “Dini etiqad azadlığı haqqında” Qanun qəbul edildikdən, xüsusilə ümummilli lider Heydər Əliyevin respublikada hakimiyyətə qayıdışından sonra xalqımızın mədəni irsinə münasibət dəyişildi. Tarix-mədəniyyət abidələri, o cümlədən memarlıq nümunələri, geniş mənada, ümumislam mədəniyyətinə aid olan bütün abidələr lazımi dövlət qayğısı ilə əhatə olundu.
Qədim diyarımızda da bu sahədə çox böyük işlər görülmüşdür. İlk növbədə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2005-ci il 6 dekabr tarixdə imzaladığı “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” Sərəncamdan irəli gələn vəzifələrə uyğun olaraq Naxçıvan bölgəsində 1218 tarix-mədəniyyət abidəsi qeydə alınaraq, pasportlaşdırılmışdır. Böyük bir qismi orta əsrlər dövrünə, başqa sözlə desək, Azərbaycanda İslamın qəbul edilməsindən sonrakı vaxtlara aid olan bu abidələr əsasında “Naxçıvan abidələri ensiklopediyası” hazırlanaraq 2008-ci ildə Azərbaycan və ingilis dillərində nəşr etdirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə 60-dan artıq müxtəlif təyinatlı tarix-mədəniyyət abidəsi bərpa olunaraq əvvəlki görkəminə salınmış, onlara yeni həyat verilmiş, tədqiqi və təbliği sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir.
Bu abidələrin əksəriyyəti məscidlər, imamzadələr, xanəgahlar, türbələrdir. Qeyd etmək kifayətdir ki, təkcə 2016-cı ildə Azərbaycan xalqının məğlubedilməzlik rəmzi olan Culfa rayonundakı Əlincəqalada, XII əsr Azərbaycan memarlığının təkrarolunmaz nümunələrindən sayılan Gülüstan türbəsində, Şərur rayonunun Xanlıqlar (Parçı) kəndindəki imamzadədə bərpa işləri başa çatdırılmış, Babək rayonunun Nehrəm kəndində möhtəşəm məscid inşa edilərək əhalinin istifadəsinə verilmiş, Kəngərli bölgəsində XII-XIV yüzilliklərə aid Qarabağlar Türbə Kompleksində, Şərur rayonunun Yengicə kəndindəki tarixi hamamda bərpa işlərinə başlanmışdır. Həmçinin son illərdə muxtar respublikada bir sıra yaşayış məskənlərində möhtəşəm İslam memarlığı abidələri, xüsusilə məscidlər inşa edilərək əhalinin istifadəsinə verilmişdir. Bu iş sistemli şəkildə uğurla davam etdirilməkdədir.
– Naxçıvanın Böyük İpək Yolu üzərində yerləşməsinin İslam mədəniyyətinin formalaşmasında hansı rolu olub?
– Məlumdur ki, Avropa ilə Asiyanı birləşdirən Böyük İpək Yolu keçdiyi ölkələrin ərazilərində yaşayan xalqların iqtisadi-mədəni həyatında mühüm rol oynamışdır. Bu yolun üzərində yerləşən strateji məntəqələrdən biri də qədim Azərbaycan torpağı olan, ancaq tarixin müəyyən çağlarında süni surətdə Azərbaycanın əsas hissəsindən ayrı salınan Naxçıvan ərazisidir. Qeyd etmək lazımdır ki, Naxçıvanın orta əsrlər zamanı böyük iqtisadi və mədəni yüksəlişinə səbəb olan faktorlardan biri də məhz bu ticarət yolu üzərində yerləşməsidir. Xüsusilə şəhərin Yaxın Şərq və digər ölkələrlə çoxsahəli mədəni-iqtisadi əlaqələrinin artması onun inkişafına əsaslı təsir göstərmişdir. Böyük İpək Yolu ilə şərqdən-qərbə və əksinə hərəkət edən ticarət karvanları ilə bölgəyə gələn tacirlər, səyyahlar, alimlər Naxçıvanın bu inkişafını görmüş, öz yol qeydlərində bu haqda bəhs etmişlər. Ona görə də orta əsr qaynaqlarında Naxçıvan ərazisi, xüsusilə Naxçıvan şəhəri haqqında çox dəyərli və maraqlı məlumatlara rast gəlirik. Məsələn, bu qaynaqlarda Naxçıvan şəhəri “Yer üzündə bundan daha çox əhalisi olan şəhər yoxdur”, “Təbriz və Bağdaddan sonra Naxçıvan kimi cəlallı və əzəmətli şəhər yoxdur”, “Şəhərdə çoxlu saray, köşk və eyvan vardır... Köşklərin çoxu qəsrlər kimi üç-dördmərtəbəlidir” və sair bu kimi ifadələrlə, “Nəqşi-cahan” (“Dünyanın bəzəyi”) epiteti ilə tərənnüm olunmuşdur. Xüsusilə XVII yüzilliyin ortalarında Naxçıvanda olan türk səyyahı Övliya Çələbinin şəhərdə 10 min 200 evin, 70 Came məscidinin, 40 məscidin, 20 mehmanxananın, 7 hamamın, təqribən 1000 dükanın olması haqqında verdiyi məlumat çox böyük maraq doğurur. Əlbəttə, orta əsr müəlliflərinin verdikləri bu və digər çox maraqlı məlumatlar bölgəmiz, xüsusilə onun mərkəzi olan Naxçıvan şəhərinin orta əsrlər dövründəki yüksək mövqe və ehtişamından xəbər verir, onun haqqında obyektiv tədqiqatların aparılmasında mühüm rol oynayır.
– 2018-ci ildə Naxçıvana İslam mədəniyyətinin paytaxtı missiyasının həvalə olunmasını necə dəyərləndirirsiniz?
– Əlbəttə, bu qərar heç də təsadüfən verilməmişdir. Heç şübhəsiz ki, bu qərar verilməmişdən öncə İslam Əməkdaşlıq Təşkilatının nümayəndələri şəhərin tarixi ilə maraqlanmış, şəhərlə, muxtar respublikadakı şəraitlə tanış olmuşlar. “İslam mədəniyyətinin paytaxtları” proqramının tələblərinə görə, hər hansı bir şəhərə bu statusun verilməsi üçün həmin paytaxtın ölkə və region səviyyəsində mühüm tarixi keçmişə, İslam və bəşər mədəniyyətində elm, incəsənət, ədəbiyyat sahəsində töhfələrə, elmi-tədqiqat, arxeoloji təhsil mərkəzlərinə, fərdi və kollektiv şəkildə tədbirlər təşkil edən mədəni qurumlara malik olması vacib şərtdir. Məhz bütün bu tələblərə cavab verdiyi üçün İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabr ayında Bakı şəhərində keçirilən VI konfransında Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu istiqamətdə görüləcək tədbirlərlə bağlı 2016-cı il 2 iyun tarixdə “Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Sərəncam imzalamışdır. Sərəncamda qeyd olunur: “Həmin qərar sivilizasiyalararası dialoqa mühüm töhfələr verən Azərbaycanın bu qədim diyarındakı zəngin mədəni-mənəvi irsə yüksək qiymətin təzahürüdür. Tarixən Yaxın və Orta Şərqin əzəmətli şəhərlərindən biri kimi Naxçıvan bütün böyük keçmişi ərzində İslam mədəniyyətinin çoxəsrlik nailiyyətlərinin layiqincə qorunub yaşadılmasında özünəməxsus rol oynamışdır”.
– Artıq Naxçıvanın İslam mədəniyyətinin paytaxtı olmasına bir neçə ay qalıb...
– Bəli, yuxarıda qeyd etdiyimiz Təşkilat Komitəsinin 25 noyabr 2016-cı ildə ilk iclası keçirilmişdir. İclasda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılan Təşkilat Komitəsinin sədri cənab Vasif Talıbov çıxış edərək Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmasına dair qəbul edilən qərar haqqında demişdir: “Bu qərar əsaslıdır. Ona görə ki, Azərbaycanın 5 min illik tarixə malik qədim şəhəri olan Naxçıvan islam mədəniyyəti nümunələri ilə zəngindir və bəşər sivilizasiyasına dəyərli töhfələr vermişdir”.
Həmin çıxışda bu möhtəşəm tədbirlə əlaqədar qarşıda duran vəzifələrdən bəhs edilərkən bir sıra məsələlərlə yanaşı, muxtar respublikanın türk-islam mədəniyyəti nümunələri, dini abidələrlə zəngin olduğu diqqətə çatdırılmış, bu abidələrin tanıdılması ilə bağlı onlardan bəzilərinin İSESKO-nun siyahısına salınması istiqamətində iş aparılmasının, muxtar respublikanın ərazisində indiyədək gəlib çatan türk-islam mədəniyyəti abidələri haqqında kitablar nəşr olunmasının nəzərdə tutulduğu da vurğulanmışdır.
İlk iclasdan sonra ötən müddət ərzində bir sıra işlər görülmüş, mühüm tədbirlər həyata keçirilmişdir. İlk növbədə, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması ilə əlaqədar loqotipin hazırlanması üçün müsabiqə elan olunmuş və müsabiqəyə təqdim edilmiş layihələr arasından loqotip seçilərək qəbul olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurası tərəfindən “Naxçıvanın türk-islam mədəniyyəti abidələri” və “İslamda müdrik kəlamlar” kitabları, uzun illər boyu apardığımız tədqiqatların bəhrəsi olan “Naxçıvanın türk-islam mədəniyyəti abidələri” adlı monoqrafiya hazırlanaraq “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yüksək poliqrafik keyfiyyətdə nəşr etdirilmişdir.
Həmçinin “Naxçıvanın türk-islam abidələri” adlı televiziya filmi çəkilmişdir. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı seçilməsi ilə əlaqədar silsilə tədbirlər sırasında 2017-ci il iyul ayının 7-8-də “Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” mövzusunda keçirilən beynəlxalq konfrans mühüm yer tutur. Amerika Birləşmiş Ştatlarından, Türkiyə Respublikasından, İran İslam Respublikasından, Bakı şəhərindən gəlmiş qonaqların və yerli alimlərin iştirakı ilə keçirilən konfransda Naxçıvanın türk-islam mədəniyyəti abidələri ilə bağlı maraqlı məruzələr dinlənilmişdir. Konfransın plenar iclasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov proqram xarakterli, dərin məzmunlu, istiqamətverici çıxış etmişdir. Çıxışında Naxçıvanda türk-islam mədəniyyəti abidələrinin meydana gəlməsi, Naxçıvan memarlıq məktəbinin yaranması, müasir dövrdə bu abidələrə diqqət və qayğı məsələlərindən bəhs edən Ali Məclisin Sədri demişdir: “Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 iyun tarixli Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsi tərəfindən keçirilən “Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” beynəlxalq konfransı Naxçıvan Muxtar Respublikası ərazisindəki türk-islam mədəniyyəti abidələrinin öyrənilməsi və təbliğində yeni mərhələnin əsasını qoyacaqdır”.
Ali Məclisin Sədri bu sözləri ilə bir sıra aid təşkilatların, o cümlədən AMEA Naxçıvan Bölməsinin, bütövlükdə Naxçıvanda yaşayıb-yaradan tədqiqatçıların qarşısında böyük vəzifələr qoymuş və bu istiqamətdə aparılan işlərlə yeni mərhələnin başlanmasına start verilmişdir. Ona görə də naxçıvanlı alimlər qüvvələrini səfərbərliyə almalı, muxtar respublika rəhbərinin tövsiyə və tapşırıqlarının yüksək səviyyədə yerinə yetirilməsi üçün səylə çalışmalıdırlar.
– Maraqlı müsahibə üçün sağ olun.
Ramiyyə ƏKBƏROVA