25 Dekabr 2024, Çərşənbə

Culfa rayonu, ümumilikdə, 22 kənd və 1 rayon mərkəzindən ibarətdir. Bu kəndlərin, demək olar ki, əksəriyyətində tikinti-quruculuq işləri aparılıb, onlar müasir yaşayış məntəqələrinə çevriliblər. Bu günlərdə rayonun Bənəniyar kəndində olduq.
Bu yaşayış məntəqəsi Zəngəzur silsiləsinin ətəyində, Əlincə çayının sağ sahilində 58,33 kvadratkilometr ərazidə yerləşir. Bəzi ədəbiyyatlarda Bənəniyar ilə yanaşı, “Bənənigar” adı da qeydə alınıb. Bu toponim bənən (bələn) və yar (yarğan, dərə) komponentlərindən ibarət olub, dağ boynunda yarğan, dağ aşırımında çuxur, yer mənalarını bildirir. Kəndin coğrafi mövqeyi də ifadə olunan mənaya uyğun gəlir.
Muxtar respublikamızda həyata keçirilən quruculuq strategiyası Culfa rayonunun digər kəndləri kimi, Bənəniyar kəndinə də yeni görkəm gətirib. Burada 2014-cü ildə başlanılan kompleks quruculuq işləri 2015-ci ildə başa çatdırılıb, həmin ilin fevral ayının 5-də kənd tam orta məktəbinin və uşaq musiqi məktəbinin, kənd və xidmət mərkəzlərinin, həkim ambulatoriyasının yeni binaları istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov kənd tam orta məktəbinin yeni binasının açılışı münasibətilə məktəbin kollektivini təbrik etmiş, onlara tədrisdə uğurlar arzulayaraq demişdir: “Məktəblərin informasiya-kommunikasiya texnologiyaları və lazımi tədris avadanlıqları ilə təminatı, müəllimlərin hazırlıq səviyyələrinin artırılması, şagirdlərin bilik və dünyagörüşlərinin formalaşdırılması müasir tədrisin qarşıya qoyduğu əsas vəzifələrdir. Çünki gənclərin hərtərəfli hazırlanması müasir dövrün tələbinə çevrilmişdir. Ölkəmizin hansı bölgəsində yaşamasından asılı olmayaraq, gənc nəsil dünyada gedən prosesləri yaxından izləməli, yaxşı təhsil almalı, gələcəkdə dünyanın və ölkəmizin istənilən universitetlərində ali təhsillərini davam etdirməlidirlər”.
Məlumat üçün bildirək ki, bu təhsil ocağının əsası 1969-cu ildə qoyulub. Üçmərtəbəli yeni məktəb binası 666 şagird yerlikdir. Binada 4-ü elektron lövhəli olmaqla, 37 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 3 kompüter və 2 şahmat otağı, kitabxana, bufet, idman zalı və açıq idman qurğuları vardır. Məktəbin kitabxanasının fondu 12 minə yaxın kitabla zənginləşdirilib. Kitabxana hər il yeni kitablarla təmin olunur.
Hazırda məktəbdə 428 şagird təhsil alır, eyni zamanda 33 uşaq məktəbəqədər hazırlıq qrupuna cəlb olunub. Burada 57 kompüter mövcuddur və bu kompüterlərin hər biri internetə qoşulub, elektron dərsliklərlə təmin olunub. Dərslər elektron lövhəli sinif otaqlarında keçilir. Məktəbin 7-ci sinif şagirdlərinin tarix fənni dərsində iştirak etmək imkanımız oldu. Şagirdlərin fəallıqları, dərsə münasibətləri bir daha həmin fənnin yüksək səviyyədə tədris olunduğunu göstərdi. Təhsil ocağında şagirdlərə rus, alman, ingilis, fars dilləri olmaqla, 4 xarici dil tədris edilir.
Fəaliyyət göstərdiyi dövrdə Bənəniyar kənd tam orta məktəbinin məzunları yüksək nəticələr əldə ediblər. Bu baxımdan 2016-2017-ci tədris ili də istisna deyil. Həmin ilin məzunlarının 11 nəfəri ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunub.
Məktəbdə sinifdənxaric və məktəbdənkənar tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılır, şagirdlərin müxtəlif müsabiqələrdə, bilik və idman yarışlarında iştirakları təmin edilir. Bu da onların mükəmməl, hərtərəfli təhsil almalarına imkan verir.
Bənəniyar kəndində istifadəyə verilmiş uşaq musiqi məktəbinin yeni binasında yaradılan şərait, burada qazanılan uğurlar muxtar respublikada mədəniyyətin, musiqi təhsilinin inkişafına göstərilən diqqət və qayğının təzahürüdür. Uşaq musiqi məktəbinə doğru üz tutarkən kinoaktyor Silvester Stalloninin “Musiqi insan hisslәrinin riyaziyyatı, riyaziyyat isә insan tәfәkkürünün musiqisidir” fikrini xatırladım.
Məktəbin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Azər Cəfərli musiqi məktəbinin 1982-ci ildə əsasının qoyulduğunu və artıq 35 ildir ki, fəaliyyət göstərdiyini bildirdi. Məktəb müasir avadanlıqlarla, o cümlədən 9 fortepiano və digər musiqi alətləri ilə təchiz olunub, şagirdlərin nəzəri və ixtisas biliklərinə yiyələnmələri üçün hər cür şərait yaradılıb. Hazırda təhsil ocağında 37 sinif, orkestr və konsert zalları, musiqi alətlərinin təmiri otağı, kitabxana və bufet vardır. Burada 128 şagird təhsil alır, 7 ixtisas tədris olunur: tar, kamança, xanəndə­lik, skripka, fortepiano, nağara və qarmon. Rayonun 14 yaşayış məntəqəsindən buraya şagirdlər təhsil almaq üçün gəlirlər.
Məktəb fəaliyyət göstərdiyi dövrdə xeyli uğurlara imza atıb. 2016 və 2017-ci illərdə muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri arasında keçirilən “Lira” musiqili-intellektual oyununun qalibləri bəhs edilən dövrdə Bənəniyar kənd uşaq musiqi məktəbinin şagirdləri olub, onlara diplomlar təqdim edilib. Onu da qeyd edək ki, musiqi məktəbində təhsil alanlar indiyədək onlarla fəxri fərman və diplomlar qazanıb, dəfələrlə birincilik əldə ediblər. Bu da, öz növbəsində, müəllimlərin işlərinə məsuliyyətlə yanaşdığının göstəricisidir.
Kompleks quruculuq tədbirləri çərçivəsində kənddə həkim ambulatoriyası üçün də yeni bina inşa olunub. Ambulatoriya 8 otaqdan – baş həkim, stomatoloq üçün kabinə, 2 çarpayılı palata, aptek, doğuş, peyvənd, manipulyasiya və qeydiyyat otaqlarından ibarətdir. Burada 6 tibb işçisi sakinlərin sağlamlığının keşiyində dayanır. Aparılan yenidənqurma işləri tibbi xidmətin daha səmərəli təşkilinə imkan verib. Otaq və kabinələrin hər biri təyinatı üzrə müasir avadanlıqlar və lazımi dərman vasitələri ilə təchiz olunub. Ambulatoriyada həm də aptek fəaliyyət göstərir.
2015-ci ildə Bənəniyar sakinlərinin istifadəsinə müasir səviyyədə tikilmiş kənd mərkəzi də verilib. Kənd mərkəzində rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, mədəniyyət evi, klub və 60 yerlik iclas zalı yerləşir.
Bənəniyar kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Səid Məmmədov deyir ki, bu yaşayış məntəqəsində aparılan abadlıq işləri çərçivəsində 1100 metr kənddaxili yola asfalt örtük salınıb, 151 metr uzunluğunda beton kanal çəkilib, 9 su keçidi qoyulub. Rabitə, elektrik və qaz şəbəkələrində yenidənqurma işləri aparılıb, 500 metr fiber-optik kabel çəkilib, 5 min 920 metr elektrik xətti yenilənib, yeni tikililərə 400 metr uzunluğunda qaz xətti çəkilib. Kəndin içməli su təchizatı da yaxşılaşdırılıb, mövcud kaptajın uzunluğu 100 metr artırılıb, 1500 metr yeni su xətti çəkilib və kənddəki 712 ailənin hamısı içməli su ilə təmin olunub.
Səid Məmmədov onu da vurğuladı ki, kənddə aparılan quruculuq tədbirləri bənəniyarlıların gün-güzəranının yaxşılaşdırılmasına, onların həyat səviyyəsinin yüksəldilməsinə hesablanıb. Görülən işlər hesabına kəndin əvvəlki görünüşündən əsər-əlamət qalmayıb. Biz bununla qürur duyur, kəndimizdə yaradılan gözəllikləri layiqincə qiymətləndirir, öhdəmizə düşən vəzifələri yerinə yetirmək üçün əlimizdən gələni edirik.

Nəzrin MƏMMƏDOVA
Naxçıvan Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyat
müəllimliyi ixtisası üzrə II kurs tələbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR