Ümummilli liderimiz Heydər Əliyev hər il oktyabr ayının 10-nun “Yanğınsöndürənlərin peşə bayramı günü” kimi qeyd olunması haqqında Sərəncam imzalamışdır. 2002-ci ildən etibarən yanğınsöndürənlər hər il oktyabrın 10-da peşə bayramlarını qeyd edirlər.
1969-1982-ci illərdə Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi, yanğın təhlükəsizliyi orqanlarında da problemlər öz həllini tapmışdır. “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır”, – deyən ümummilli liderimizin ikinci dəfə ali hakimiyyətə qayıdışından sonra isə yanğın təhlükəsizliyi sisteminin davamlı inkişafını təmin edən ardıcıl tədbirlər görülmüşdür. Yanğından mühafizə xidmətinin maddi-texniki və normativ-hüquqi bazasının təkmilləşdirilməsi, kadr ehtiyatının yaradılması, şəxsi heyətin döyüş və peşə hazırlığının artırılması kimi vacib məsələlər öz həllini tapmışdır. 1997-ci ildə “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunması yanğın təhlükəsizliyi və dövlət yanğın nəzarəti sisteminin təşkilinin hüquqi əsaslarını və prinsiplərini müəyyən etmişdir. Sonrakı illərdə həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində yanğından mühafizə sistemi daha da təkmilləşdirilmiş, şəxsi heyətin sosial-məişət şəraiti yüksəlmiş, təminat və təchizat məsələləri öz uğurlu həllini tapmışdır.
Muxtar respublikada ilk yanğın komandası 1927-ci il iyunun 15-də yaradılmışdır. 8 nəfərdən ibarət yanğın komandasının şəxsi heyətinin sayı sonrakı illərdə artırılaraq 14 nəfərə çatdırılmış və yanğın maşınları ilə təchiz edilmişdir. Naxçıvan şəhərində yaradılmış peşəkar yanğın hissəsi 1981-ci ildə hərbiləşdirilmiş yanğın hissəsinə çevrilmiş, rayonlarda peşəkar yanğın hissələri fəaliyyətə başlamışdır. Naxçıvan Muxtar Respublikasında da etibarlı yanğından mühafizə sistemi formalaşdırılmış, yanğınların qarşısının alınması və nəticələrinin aradan qaldırılması diqqət mərkəzində saxlanılmışdır.
Ölkəmizin iqtisadi inkişafına dayaq olan, əhalinin əmlakını qoruyan yanğın təhlükəsizliyi orqanları Naxçıvan Muxtar Respublikasında diqqət və qayğı ilə əhatə olunmuş, texniki bazanın gücləndirilməsi, şəxsi heyətin maddi rifah halının yüksəldilməsi və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində müvafiq qərarlar qəbul edilmişdir. Belə ki, 2002-ci ildə Sədərək rayonunda yeni ştat vahidləri verilməklə hərbiləşdirilmiş yanğın hissəsi yaradılmış və onun fəaliyyətinin təmin edilməsi üçün inzibati bina və texniki qaraj tikilmiş, 2003-cü ildə isə Ordubad və Şahbuz rayonlarında peşəkar yanğın hissələri hərbiləşdirilmiş yanğın hissələrinə çevrilmişdir. 2004-cü ildə Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinə idarə statusu verilmiş, onun yerli qurumları xidmətdən şöbəyə çevrilmiş, Kəngərli rayonunda yeni ştat vahidləri verilməklə hərbiləşdirilmiş yanğın hissəsi yaradılmışdır.
2006-cı ildə Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi və onun yerli qurumlarının Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin tabeliyinə verilməsi ilə yanğın təhlükəsizliyi orqanlarının fəaliyyətində yeni mərhələnin başlanğıcı qoyulmuşdur. Həmin dövrdən başlayaraq Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi və Naxçıvan Şəhər Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin inzibati binaları əsaslı təmir edilmiş, Kəngərli, Şahbuz, Ordubad, Şərur, Babək və Sədərək Rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbələri üçün yeni inzibati binalar və texniki qarajlar tikilərək istifadəyə verilmişdir. Naxçıvan şəhəri, Şərur, Babək və Sədərək Rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin yanğınsöndürmə avtomobilləri müasirtipli radiostansiyalarla təmin olunmuş, nazirlik və onun struktur qurumları ilə etibarlı rabitə əlaqəsi yaradılmışdır. Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi və onun yerli qurumlarının maddi-texniki bazasının möhkəmləndirilməsi və müasirləşdirilməsi üçün xeyli sayda texnika, xüsusi geyimlər, texniki vasitələr, cihazlar və avadanlıqlar da alınmışdır.
Ötən müddət ərzində yanğın təhlükəsizliyi orqanlarında xidmətin təşkili, döyüş və peşə hazırlığı üzrə beynəlxalq təcrübənin öyrənilməsi, texniki təchizat və təminatın müasir standartlara uyğunlaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılmışdır. Yanğın təhlükəsizliyi orqanlarının ixtisaslı kadrlarla komplektləşdirilməsi, gənc kadrların hazırlanması məqsədilə 2006-2017-ci illərdə, ümumilikdə, 117 nəfər Azərbaycan, Belarus və Ukraynadakı akademiyalara, həmçinin Bakı Yanğın Texniki Kollecinə təhsil almağa göndərilmişdir. Sevindirici haldır ki, onlardan 103 nəfəri təhsillərini başa vuraraq bu gün Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi və onun yerli qurumlarında xidmətlərini layiqincə davam etdirir.
Yanğın təhlükəsizliyi məsələləri ilə bağlı əhalinin maarifləndirilməsi istiqamətində müxtəlif növ təbliğat materiallarından və videomateriallardan istifadə edilmiş, idarə, müəssisə və təşkilatlarda maarifləndirici tədbirlər keçirilmiş, bu işdə kütləvi informasiya vasitələrinin imkanlarından geniş istifadə olunmuşdur. Muxtar respublikada sahibkarlıq fəaliyyəti ilə məşğul olan 535 subyektin əmlakı qanunvericiliklə müəyyən edilmiş qaydada yanğından icbari sığorta olunmuşdur.
Yanğın təhlükəsizliyi orqanlarının əməkdaşları muxtar respublika ərazisində baş vermiş yanğınların qarşısının alınması və söndürülməsi ilə yanaşı, yol-nəqliyyat qəzalarının nəticələrinin aradan qaldırılmasında, subasmaya məruz qalan ərazilərdən suyun çəkilməsi və xilasetmə işlərinin aparılmasında nazirliyin mülki müdafiə qüvvələri ilə birgə fəaliyyət göstərərək qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirmişlər.
Görülən işlər və əldə olunan nailiyyətlər onu deməyə əsas verir ki, bu gün Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri əhalinin təhlükəsiz yaşamasının, iş və istirahətinin təmin olunması üçün hazırdır. Şəxsi heyət bundan sonra da öz fəaliyyətini müasir dövrün tələbləri səviyyəsində quracaq, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyinin etibarlı təmin olunması naminə səy və bacarığını əsirgəməyəcəkdir.
Naxçıvan Muxtar Respublikası
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti