Naxçıvan Dövlət Universitetində Heydər Əliyev lektoriyasının növbəti – 216-cı məşğələsi keçirilib.
5 oktyabr – Beynəlxalq Müəllimlər Günündə keçirilən məşğələni giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov “Mən dünyada müəllimdən şərəfli ad tanımıram”, – deyən ulu öndər Heydər Əliyevin Azərbaycanda milli təhsil sisteminin formalaşdırılması və inkişafı istiqamətində gördüyü işlərdən danışıb. Vurğulanıb ki, ümummilli lider Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə milli təhsilin inkişafı istiqamətində mühüm işlər görüb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. Ölkəmizdə təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməsinin nəticəsidir ki, son illərdə bu sahədə mühüm dövlət proqramları icra olunur və kompleks tədbirlər həyata keçirilir. Azərbaycan bu gün dünyada özünün müasir təhsil infrastrukturu və ənənələri ilə seçilir. Təhsil sistemimizin hərtərəfli qayğı ilə əhatə olunması dövlətin öz gələcəyini daha etibarlı və işıqlı görmək əzmindən xəbər verir.
“Ulu öndər Heydər Əliyev və müasir Azərbaycan təhsili” mövzusunda çıxış edən Pedaqogika və psixologiya kafedrasının müdiri, psixologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Orucova qeyd edib ki, milli təhsil sisteminin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq son illərdə ölkəmizdə, o cümlədən muxtar respublikamızda yeni məktəb binaları və müasir təhsil komplekslərinin tikilib istifadəyə verilməsi əvvəlki dövrlərlə müqayisəyəgəlməz dərəcədə çoxluq təşkil edir. Sevindirici haldır ki, bu proses nəinki şəhər və rayon mərkəzlərini, ən ucqar kəndləri də əhatə edir.
Qeyd olunub ki, muxtar respublikamızda müəllimlərin sosial vəziyyətlərinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır, onların əməyi layiqincə qiymətləndirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 3 oktyabr tarixli sərəncamları ilə muxtar respublikanın təhsil işçilərindən 4 nəfərinin “Tərəqqi” medalı ilə təltif olunması, 4 nəfərin isə “Azərbaycan Respublikasının Əməkdar müəllim”, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin həmin tarixdə imzaladığı Sərəncamla 4 nəfərə “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adı verilməsi buna parlaq sübutdur.
Məşğələnin sonunda ulu öndər Heydər Əliyevin Azərbaycanda milli təhsil sisteminin inkişafı istiqamətində gördüyü işlərdən bəhs edən film nümayiş etdirilib.
Səadət ƏLİYEVA