Kitabların insan həyatında rolu danılmazdır. Cəmiyyətin inkişafında, insanın formalaşmasında, dünyagörüşünün artmasında, doğma yurduna, mənsub olduğu xalqa, onun tarixi keçmişinə məhəbbət ruhunda tərbiyə olunmasında əsas rol oynayan amillərin başlıcası kitabdır. Hər kitab ayrıca bir xəzinədir. Bu xəzinəni oxuduqca ona sahib olursan. Kitab oxuduqca insan onun aləminə qapılır, az da olsa, özünü o aləmdə hiss edir və ona faydalı ola biləcək məsləhətləri götürür. Bütün bunlar kitabın ən böyük xəzinə olması fikrini bir daha təsdiq edir. Bu xəzinədən istifadə edənlər, ondan bəhrələnənlər isə daxili aləmini zənginləşdirir, özlərində yüksək əxlaqi-mənəvi keyfiyyətlər formalaşdırıb, cəmiyyətdə layiq olduqları mövqeyi qazana bilirlər.
Məlum olduğu kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2017-ci il avqustun 28-də “Oxunması zəruri olan kitablar haqqında” Sərəncam imzalayıb. Bu sərəncam muxtar respublikamızda sağlam gəncliyin formalaşması baxımından müstəsna əhəmiyyətə malikdir. Sərəncama əsasən gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşmasına xidmət edən “Oxunması zəruri olan kitabların Siyahısı” təsdiq edilib.
Əvvəlcə qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bu sərəncamı Kəngərli rayonunun ziyalıları və ictimaiyyəti tərəfindən də maraqla qarşılanıb.
Kəngərli Rayon Təhsil Şöbəsinin əməkdaşı Yusif İmanov bizimlə söhbətində bildirdi ki, kitab hər bir insanın dünyagörüşünün formalaşmasında, ona həyat yolunda əsl bələdçi olmaqda ən etibarlı yoldaşdır. İnsanlar kitablar vasitəsilə biliklərə, müəyyən peşəyə və yaxud sənətə yiyələnir, xarici dil öyrənirlər. Sevindirici haldır ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin oxunması zəruri olan kitablarla bağlı sərəncamı gənc nəslin, ümumilikdə isə bütün ictimaiyyətin marağına səbəb olub.
Rayonun ağsaqqal sakinlərindən biri, Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının Kəngərli Rayon Təşkilatının sədri İsmayıl Hüseynquliyev isə bildirdi ki, indi bəzən gənc nəsli kitab oxumamaqda çox qınayırıq. Amma mən bu fikirlə razı deyiləm. Doğrudur, əvvəlki dövrlərə görə ola bilər ki, indi kitab oxuyan azdır. Reallıqdır ki, elektron informasiya vasitələri kitabların oxunma sayına öz təsirini göstərib. Bizdə belə bir ənənə mövcuddur ki, hər zaman böyüklərimiz gənclərimizə müxtəlif tövsiyələr verib, onlara bu və ya digər istiqamətdə yol göstəriblər. Hörmətli Ali Məclis Sədrinin bu addımı da, hesab edirəm ki, gənclərimizə, tələbə və şagirdlərimizə tövsiyə edilən faydalı bir yoldur.
Digər rayon ziyalısı Şirvan Abbasov qeyd etdi ki, sovet dövründə kitab oxumaq mədəni istirahət hesab olunurdu. Əslində, elə indi də kitab həvəskarları bunu belə qəbul edirlər. Ancaq nəzərə alaq ki, o dövrdə kitabların sayı indiki kimi çox deyildi. Dünya ədəbiyyatına aid kitablar isə çox məhdud sayda idi. Kitabxanalarda və kitab satışı mağazalarında yalnız rus, bəzi hallarda isə Azərbaycan dilinə tərcümə olunmuş az sayda kitablara rast gəlmək olardı. İndi isə vəziyyət tamamilə fərqlidir. Kitablar çox, oxuyan isə azdır. Doğrudur, indiki oxucunu təəccübləndirmək də asan deyil. Ancaq fakt ondadır ki, indi oxunaqlı kitablar əvvəlkindən də çoxdur. Sovet dövründə yazılmış kitabların böyük əksəriyyəti ideoloji xətt üzərində qurulurdu. İndi də fərqli ideoloji cərəyanlar var. Odur ki, oxucu indi seçim etməlidir: hansı kitabı oxuyum? Məhz Ali Məclis Sədrinin bu sərəncamı oxucunun köməyinə çatır. İnanıram ki, oxucularımız, xüsusilə gənclərimiz siyahıda adları qeyd olunmuş kitabları oxuyacaq, nəticədə, onların dünyagörüşü daha da artacaqdır.
Qeyd edək ki, yuxarıda adıçəkilən sərəncama uyğun olaraq muxtar respublikamızın təhsil və mədəniyyət müəssisələrinin kitabxanalarında müvafiq kitab guşələrinin yaradılması nəzərdə tutulub. Bununla bağlı olaraq Kəngərli Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində və onun kənd filiallarında, eyni zamanda məktəb kitabxanalarında oxunması zəruri olan kitablardan ibarət xüsusi guşələr yaradılıb. Bu guşələrdə həmin siyahıda nəzərdə tutulmuş kitablar yerləşdirilib.
Kəngərli Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Dərya Dursunova məlumat verdi ki, hazırda sərəncamın icrası ilə bağlı rayonumuzun kitabxanalarında müvafiq tədbirlər həyata keçirilir. Kitabxanaya gələn oxuculara məlum siyahıda adı qeyd olunan kitablar haqqında ümumi məlumatlar verir, bu kitabların oxunmasının zəruriliyini onlara tövsiyə edirik. Müsahibimiz bildirdi ki, tövsiyə olunan kitablar tariximiz, mədəniyyətimiz və milli kimliyimiz haqqında dolğun məlumat verir, gənc nəslin həyat yolunun müəyyənləşdirilməsinə və dünyagörüşünün artırılmasına xidmət edir. Eyni zamanda adıçəkilən kitabların müzakirəsi ilə bağlı tədbirlər də hazırda tərəfimizdən görülən işlərin əsasını təşkil edir.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların Siyahısı”na 30 kitab daxil edilib. Siyahıya Azərbaycan ədəbiyyatının seçmə nümunələri ilə yanaşı, dünya ədəbiyyatının məşhur yazarlarının da əsərləri salınıb. Bu baxımdan oxucular bu kitabları oxumaqla milli ədəbiyyat nümunələrimizlə yanaşı, dünya klassiklərinin də əsərləri ilə yaxından tanış ola biləcəklər.
Asimə CƏFƏROVA
“Yeni həyat” qəzetinin əməkdaşı