Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 2017-ci ilin sentyabr ayında bir sıra qərarlar qəbul etmişdir.
Belə ki, Nazirlər Kabinetinin 2017-ci il 9 sentyabr tarixli 86 nömrəli qərarı ilə “Naxçıvan Muxtar Respublikasında dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları” təsdiq edilmişdir. Qaydalara əsasən test imtahanından keçmiş namizəd imtahanın nəticələri elan edildiyi gündən 10 (on) iş günü müddətində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet saytında dövlət qulluğu üzrə müraciət formasını doldurur. Formaya daxil edilmiş məlumatların və sənədlərin düzgünlüyünün yoxlanılması mümkün olmadığı halda və ya Formaya daxil edilmiş məlumatları və sənədləri eyniləşdirmə məqsədilə test imtahanında müvəffəqiyyət qazanmış namizəd şəxsiyyəti təsdiq edən sənədin, ali təhsil haqqında sənədin, əmək kitabçasının (olduğu halda) və müvafiq dövlət qulluğu vəzifəsi üzrə malik olduğu sertifikatın surətini, kadrlar uçotunun şəxsi vərəqəsini 5 (beş) iş günü müddətində Komissiyaya təqdim etməlidir. Müsahibədə iştirakla bağlı müraciət etmək istəyən namizəd Forma vasitəsilə sayta daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda müvafiq düzəlişləri edir və müsahibə elanı verildiyi gündən 30 (otuz) gün müddətində həmin müsahibədə iştirak üçün Komissiyaya müraciət edir.
Nazirlər Kabinetinin 2017-ci il 9 sentyabr tarixli 87 nömrəli qərarı ilə “Lisenziya blanklarının və əlavələrinin hazırlanmasına sifarişin verilməsi, onların bölgüsünün həyata keçirilməsi, blanklardan istifadənin uçotunun və hesabatının aparılması Qaydası”nın və lisenziya, ümumi lisenziya, xüsusi lisenziya blanklarının və əlavələrinin formalarının təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2016-cı il 3 sentyabr tarixli 87 nömrəli qərarında dəyişiklik edilmişdir. Həmçinin Nazirlər Kabinetinin 2017-ci il 28 sentyabr tarixli 90 nömrəli qərarı ilə Babək rayonunun ərazisində yerləşən qış otlaq sahəsinin daha səmərəli istifadəsini təmin etmək məqsədi ilə kateqoriyası dəyişdirilmişdir.
Qeyd olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar. nakhchivan.az) tanış olmaq mümkündür.