25 Dekabr 2024, Çərşənbə

Sentyabrın 28-də Naxçıvan şəhərindəki 12 nömrəli tam orta məktəbdə “Nağdsız ödənişlər” mövzusunda maarifləndirici tədbir keçirilib. Naxçıvan Muxtar Respublikası Vergilər, Təhsil nazirliklərinin və Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri məktəbin direktoru Əli Novruzov açıb.

Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin əməkdaşı Azər Səfərov və “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan Muxtar Respublika Baş İdarəsinin əməkdaşı Hidayət Məmmədov “Nağdsız ödənişlər və texnoloji yeniliklər” mövzusunda tədbir iştirakçılarına məlumat veriblər.
Muxtar respublikanın Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi Zahid Qənbərov “Ödəniş kartları nağdsız əməliyyatlar üçün əsas vasitələrdəndir” mövzusunda çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 2 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”a əsasən Vergilər Nazirliyi və bank orqanları qarşısında bir sıra vəzifələr qoyulub. Bu vəzifələr sırasında maliyyə əməliyyatlarının nağdsız hesablaşmalar vasitəsilə aparılması, belə ödənişlərin həcminin əhəmiyyətli şəkildə artırılması, POS-terminallardan səmərəli istifadə edilməsi və sair vardır. Keçirilən tədbirin də əsas məqsədi ondan ibarətdir ki, nağdsız əməliyyatların əhəmiyyəti və ödəniş kartlarının üstünlükləri haqqında hər kəs məlumatlı olsun.

Qeyd edilib ki, nağdsız ödənişlərin bir çox üstünlükləri var. Çünki kart vasitəsilə edilən bütün əməliyyatların dəqiq uçotu aparılır. Yəni kart sahibi ondan istifadəyə dair məlumatları istənilən anda əldə edə bilər. Təcrübə göstərir ki, nağd alış-verişlə müqayisədə kredit kartı ilə alınan malları geri qaytarmaq daha asandır. Həmin şəxsin kredit kartını aldığı bank, zərurət yarandıqda, hüquqların qorunması üçün hər zaman öz müştərisinin yanında olur.
Vurğulanıb ki, bu gün iqtisadiyyatın müasirləşməsində, şəffaf idarəetmə sisteminin qurulmasında nağdsız ödəniş sisteminin genişləndirilməsinin rolu danılmazdır. Dünya təcrübəsi də sübut edir ki, ölkənin maliyyə və sosial-iqtisadi fəaliyyətində hesabatlığın və şəffaflığın təmin edilməsi sahəsində mühüm tədbirlərdən biri də nağdsız ödəniş sisteminə keçiddir.
Ödəniş kartlarının əhəmiyyətindən bəhs edən şöbə rəisi diqqətə çatdırıb ki, ödəniş kartları malların, iş və xidmətlərin dəyərinin ödənilməsi, öz hesabından digər şəxsin hesabına pul vəsaitinin köçürülməsi, habelə nağd pul vəsaitinin əldə edilməsi üçün istifadə olunan bir ödəmə aləti hesab edilir. Vurğulanıb ki, müasir dövrdə nağdsız hesablaşmalar, əslində, birbaşa olaraq vətəndaşın yaşam tərzinin asanlaşdırılmasına yönəlib. Bu gün muxtar respublikamızda əhalinin bu cür hesablaşmalardan istifadəsi üçün lazımi şərait yaradılıb. Belə ki, 2017-ci il 1 sen­tyabr tarixinə muxtar respublika ərazisində 573 ədədi Naxçıvan şəhərində, 681 ədədi rayon və kənd mərkəzlərində olmaqla, cəmi 1254 ədəd POS-terminal elektron qaydada qeydiyyatdan keçirilərək quraşdırılıb. Cari ilin yanvar ayından sentyabrın 1-dək aparılan nağdsız əməliyyatların həcmi 20 milyon 798 min 864 manat təşkil edib. Hazırda muxtar respublika ərazisində 104 bankomat var, ödəniş kartlarının sayı isə 256 min 577-dir.
Zahid Qənbərov onu da qeyd edib ki, 2014-cü ildən başlayaraq Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi tərəfindən nağdsız ödənişlərin həcminin artırılması məqsədilə hər 6 ayda bir dəfə “Nağdsız ödəyin, hədiyyə qazanın” adlı həvəsləndirici tədbir keçirilir. Bu həvəsləndirici tədbirlər çərçivəsində ötən dövr ərzində nağdsız hesablaşmalardan (o cümlədən bankomat, internet və POS-terminallar vasitəsilə) istifadə edərək ödəniş aparan vətəndaşların ödədikləri məbləğə müvafiq olaraq 1288 vətəndaşa 85 min manat dəyərində müxtəlif hədiyyələr təqdim edilib.
Tədbirə Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin direktoru Əli Novruzov yekun vurub.
Tədbirdə mövzuya uyğun olaraq slaydlar nümayiş etdirilib, iştirakçıların sualları cavablandırılıb.

Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR