25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılmasının 10 illiyi münasibətilə tədbir keçirilib. Əvvəlcə komitənin kollektivi ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin ­mərkəzində ucaldılan abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyində eksponatlarla tanış olub.

Tədbirdə komitə sədri Ramilə Seyidova çıxış edərək əməkdaşları yubiley münasibətilə təbrik edib və bildirib ki, ölkəmizdə ailə, qadın və uşaq siyasətinin təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub, bu sahədə zəngin qanunvericilik bazası yaradılıb.
Muxtar respublikada da ailə, qadın və uşaq problemləri dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 28 sentyabr tarixli ­Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb, 2007-ci il 25 ok­tyabr tarixli Fərmanla komitənin Əsasnaməsi təsdiq edilib. Ötən müddət ərzində Əsasnaməyə müvafiq dəyişikliklər edilib, muxtar respublikada ailə, qadın və uşaq siyasətinin formalaşmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini, inkişafını təmin etmək əsas fəaliyyət istiqaməti kimi müəyyənləşdirilib. Komitənin fəaliyyəti üçün lazımi şərait yaradılıb.

Qeyd olunub ki, fəaliyyəti dövründə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi muxtar respublikada ailə institutunun qorunması, ailə dəyərlərinin möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər görür. Komitə tərəfindən ailələrin möhkəmləndirilməsində əsas faktor kimi ailədaxili münasibətlər, ailə modelinin formalaşmasında gənc­lərin rolu, sosial şəbəkələr və informasiya-kommunikasiya texnologiyalarından düzgün istifadə edilməməsinin ailə münasibətlərinə mənfi təsiri, ailələrdə sağlam həyat tərzinin aşılanması, reproduktiv sağlamlıq, erkən nikahların fəsadları ilə bağlı muxtar respublikanın rayon və kənd mərkəzlərində gənclər və qadınlar arasında 311 konfrans və maarifləndirici tədbir keçirilib.
Diqqətə çatdırılıb ki, aztəminatlı ailələrin sosial problemlərinin həlli üçün aidiyyəti orqanlarla birlikdə 248 aztəminatlı ailəyə baş çəkilib, ailə institutunun möhkəmlənməsi, qorunması və gələcək nəsillərə ötürülməsi məqsədilə uzunömürlü ailələrlə gənclərin görüşü təşkil edilib. 72 uzunömürlü nümunəvi ailənin yubileyi (gümüş, qızıl, brilyant, zümrüd, dəmir toyları) qeyd olunub.
Komitənin fəaliyyətində qadınların qarşılaşa biləcəyi problemlərin aradan qaldırılmasının, onların ictimai-mədəni həyatdakı rolunun artırılmasının mühüm yer tutduğunu vurğulayan Ramilə Seyidova deyib ki, müvafiq dövlət proqramlarına uyğun olaraq sağlamlıq imkanları məhdud və aztəminatlı ailənin üzvü olan 4897 qadınla əlaqə saxlanılaraq söhbətlər aparılıb, onlardan 184-nün müvafiq peşə kurslarına cəlb olunması üçün aid təşkilatlara məlumatları göndərilib.
Milli və xalq tətbiqi sənəti növləri üzrə qadınlar arasında özünüməşğulluğun inkişaf etdirilməsi, onların sosial vəziyyətlərinin yaxşılaşdırılması və istedadlı qadınların üzə çıxarılması məqsədilə muxtar respublikanın rayonlarında və Naxçıvan şəhərində istedadlı qadınların əl işlərindən ibarət 22 sərgi-satış təşkil olunub. Bu sərgi-satışlarda və komitənin “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində fəaliyyət göstərən əl işləri mağazasında yüzlərlə istedadlı qadının 27 min 285 manat dəyərində 3099 əl işi satılaraq dəyəri iş sahiblərinə ödənilib.
Bildirilib ki, komitənin fəaliyyətində uşaqların sağlamlıqlarının qorunması, təhsil alması, xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası, uşaq hüquqları və uşaq problemləri ilə bağlı geniş maarifləndirmə işinin aparılması və bir sıra digər tədbirlərin həyata keçirilməsi prioritet məsələdir. Belə ki, milli dəyərlər və uşaqlar, yeniyetməlik dövrünün çətinlikləri, uşaqlara hüquqlarının aşılanması, erkən nikahların doğurduğu fəsadlarla bağlı ümumtəhsil məktəblərində 110 maarifləndirici seminar keçirilib.
Komitə tərəfindən xüsusi qayğıya ehtiyacı olan 364 uşağa məktəbli paltarı və dərs ləvazimatları, eləcə də qış geyimləri verilib, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 126 uşağın yaşadığı ünvanda monitorinqlər təşkil edilib, eləcə də valideynlərini itirmiş və valideyn himayəsindən məh­­­­rum olmuş 91 uşağın və övladlığa götürül­müş 57 uşağın ümumi uçotu aparılıb.
Vurğulanıb ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı”na uyğun olaraq uşaq müəssisələrində 33, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 24 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”na uyğun olaraq 103 monitorinq təşkil edilib. Komitədə uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı yaradılıb, burada on mindən artıq uşaq haqqında müvafiq məlumatlar yerləşdirilib.
Qeyd olunub ki, müvafiq dövlət proqramlarına və verilən tapşırıqlara uyğun olaraq komitə tərəfindən sağlamlıq imkanları məhdud 6635 uşağın valideynləri ilə əlaqə saxlanılıb, bu uşaqlardan 735 nəfəri məktəbəqədər, məktəbdənkənar və ümumtəhsil müəssisələrinə, reabilitasiya mərkəzlərinə cəlb olunub, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün 9 ekskursiya, hemofiliyalı və talassemiyalı uşaqlar üçün 7 dəfə qanvermə aksiyası keçirilib.
Bildirilib ki, komitə əməkdaşlarının fəaliyyətinə də dövlətimiz tərəfindən yüksək qiymət verilib, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Dövlət qulluğunda fərqlənməyə görə” və “Tərəqqi” medalları ilə təltif ediliblər. Ramilə Seyidova göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
10 illik fəaliyyəti geniş təhlil edən komitə sədri vurğulayıb ki, qurumun əməkdaşları göstərilən qayğıdan və yaradılan şəraitdən səmərəli istifadə edərək bundan sonra da öz vəzifə borclarını uğurla yerinə yetirəcək və cəmiyyətin özəyi olan ­ailələrin sağlam, milli ruhda formalaşmasına, qadınların ictimai fəaliyyətinin güclənməsinə, uşaqların sağlam, vətənpərvər, layiqli vətəndaş kimi yetişməsinə çalışacaq, öz işini günün tələbləri səviyyəsində ­quracaqdır.
Sonda fəaliyyətində fərqlənən əməkdaşlara fəxri fərman və pul mükafatları verilib.

Gülcamal Tahirova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR