VII əsrdə Azərbaycanda İslam dininin qəbul edilməsi xalqın müqəddəratında ciddi dönüşün başlanğıcı olub. Zaman keçdikcə türk və qeyri-türk etnoslar arasında yaranan dini birlik bütün Azərbaycan ərazisində vahid adət-ənənələrin təşəkkülünə, qohumluq əlaqələrinin genişlənməsinə, qaynayıb-qarışma prosesinin dərinləşməsinə şərait yaradıb. İslamı qəbul etmiş etnoslar Cənubi Qafqazı bütünlüklə xristianlığın təsir dairəsinə salmağa çalışan Bizans imperiyasına qarşı türk-islam bayrağı altında birləşib.
Əsrlərdən bəri ölkəmiz müsəlman intibahının bərqərar olmasında mühüm rol oynayıb. Sovet dövründə Azərbaycanda dinlə bağlı sərt qadağaların mövcud olmasına baxmayaraq, ölkəmizdə, eləcə də onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda İslam mədəniyyəti ənənələri uzun illər qorunub saxlanıb və bu gün də həmin dəyərlər yaşadılaraq gələcək nəsillərə çatdırılır.
Azərbaycanın İslam aləmində qazandığı nüfuz müstəqillik illərində – 2009-cu ildə Bakı şəhərinin İslam mədəniyyətinin paytaxtı elan olunması ilə öz ifadəsini bir daha tapıb. Bu çərçivədə həyata keçirilən çoxsaylı tədbirlər ölkəmizin islami dəyərlərə bağlı olduğunu, tarixboyu bu dəyərləri qoruyub saxladığını və ona ehtiramla yanaşdığını bir daha təsdiq edib. Bütün bunlar respublikamızın tarixində ən böyük mədəniyyət hadisəsi olmaqla, Azərbaycanın İslam dünyasına inteqrasiyası sahəsində yeni dövrün başlanğıcını qoyub. Qürur duyuruq ki, 2018-ci ildə bu missiyanı Naxçıvan şəhəri yerinə yetirəcək.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 2016-cı il 2 iyun tarixli Sərəncama əsasən Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. Komitənin ötən il noyabrın 15-də keçirilən ilk iclasında hazırlıq işləri ilə bağlı məsələlər müzakirə olunub, görüləcək işlərin istiqaməti müəyyənləşdirilib.
Bununla bağlı Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarənin rəisi Vüqar Babayevlə həmsöhbət olduq. O bildirdi ki, bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri 2017-ci il yanvarın 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı–2018” loqotipinin hazırlanması haqqında” imzaladığı Sərəncamdır. Sərəncama əsasən loqotipin hazırlanması məqsədilə müsabiqə elan edilib. Müsabiqənin nəticələrinə görə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü Tapdıq Həmzəyevin hazırladığı eskiz “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı–2018”in loqotipi kimi qəbul edilib. Digər bir məsələ rəsmi internet səhifəsinin yaradılmasıdır ki, hazırda bu sahədə iş aparılır. Naxçıvanın İslam mədəniyyətinin paytaxtı olmasını əks etdirən videoçarxlar, suvenirlər, zərf və poçt markaları hazırlanır. Muxtar respublikada mövcud olan türk-islam mədəniyyət nümunələrinin, dini abidələrin tanıdılması ilə bağlı onlardan bəzilərinin İSESCO-nun siyahısına salınması istiqamətində işlərin aparılması, qədim diyarın dini abidələri, məscid və ziyarətgahları haqqında kitabların nəşri, milli və mənəvi dəyərlərimizə həsr olunmuş sənədli və televiziya filmlərinin hazırlanması da diqqət mərkəzində saxlanılıb. Təşkilat Komitəsi elmi-kütləvi tədbirlərin təşkilinə ciddi önəm verir. Naxçıvanda “İslam filmləri həftəsi”nin keçirilməsi, İslam ölkələrinin folklor və rəqs qruplarının iştirakı ilə festivalların, müxtəlif idman yarışlarının təşkili üçün hazırlıq işləri başlanılıb.
Vüqar Babayevin sözlərinə görə, Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutan Naxçıvanın yerləşdiyi ərazi bəşər sivilizasiyasının mühüm ocaqlarından biri olub. Hazırda dünyanın bəzi ölkələrində müharibələr gedir, məscidlər və dini abidələr dağıdılır. Lakin Azərbaycanda sabitlikdir, bütün sahələr inkişaf etdirilir, məscidlər, dini ziyarətgahlarımız, milli və mənəvi dəyərlərimiz qorunub yaşadılır. Bəşər mədəniyyətinin əvəzsiz inciləri olan Əlincəqala, Möminə xatın, Gülüstan türbələri, Xanəgah Abidə Kompleksi kimi onlarca abidəyə həyat verilib. Ən böyük dini inanc və turizm obyekti olan “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi, imamzadələr, məscidlər bərpa olunub.
Bu gün muxtar respublikada 209 məscid fəaliyyət göstərir. Bu məscidlərdən 72-si yeni tikilib, 95 məscid və 23 pir isə yenidən qurulub və ya bərpa olunub. Nuh Peyğəmbərin məzarüstü türbəsinin yaxınlığında inşa olunan məscid kompleksi isə muxtar respublikanın ən böyük və memarlıq quruluşu ilə fərqlənən ibadət ocağı olacaqdır.
Bəşəriyyətin ikinci atası sayılan Nuh Peyğəmbərin məzarüstü türbəsinin burada olması, “Qurani-Kərim”də adıçəkilən Əshabi-Kəhf ziyarətgahı, imam övladlarının dəfn olunduğu imamzadələr, pirlər, məscidlər Naxçıvanda islami dəyərlərin illərlə qorunaraq günümüzədək gəlib çatmasından xəbər verir. Xalqımız İslam dinini qəbul etdikdən sonra bütün bölgələrimizdə, o cümlədən Naxçıvanda abidələrin əksəriyyətində “Qurani- Kərim”dən ayələr əks edilib. Ümumilikdə, bölgədə İslam mədəniyyətinin izlərini yaşadan abidələr, həmçinin mədrəsələr, təkyələr, xanəgahlar, qədim tarixə malik məscidlər çoxluq təşkil edir ki, bu da Naxçıvanı İslam dünyasının müqəddəs və tarixi məkanı kimi səciyyələndirir.
İdarə rəisinin sözlərinə görə, milli ornamentləri və yüksək memarlıq xüsusiyyətləri ilə Naxçıvan abidələri bu gün nəinki İslam ölkələrindən, dünyanın dörd bir yanından gələn turistləri heyran etməkdədir. 1200-dən artıq tarixi abidəyə malik olan Naxçıvan özündə dünya əhəmiyyətli 57 abidəni hifz etməklə bəşər mədəniyyətini zənginləşdirir. İslam Konfransı Təşkilatının tərkibinə daxil olan 52 ölkənin nümayəndələrinin muxtar respublikaya gəlməsi burada formalaşan böyük mədəniyyətin, onun zəngin turizm potensialının təkcə İslam ölkələrində deyil, həm də dünyada təbliği baxımından əvəzsiz imkanlar yaradacaqdır. İslam mədəniyyətinin paytaxtı kimi 2018-ci il Naxçıvanın tarixinə şərəf və qürurla yazılacaq bir il olacaq.
İslam dini humanistliyi, dincliyi, qardaşlığı, sülhü, Naxçıvan isə bu dəyərləri aşılayan zəngin mədəni irsi ilə qapılarını İslam dünyasına açacaq. O qapıdan keçən hər kəs Naxçıvanın qazandığı nailiyyətlərin, tarixi abidələrinə, dini-mənəvi dəyərlərinə ehtiramın, mədəni həyatındakı yeniliklərin bilavasitə şahidi olacaq. İslam mədəniyyətinin paytaxtı olacaq Naxçıvan İslam həmrəyliyinin möhkəmləndirilməsinə də öz töhfəsini verəcək.
Gülcamal TAHİROVA