25 Dekabr 2024, Çərşənbə

Qədim Naxçıvan torpağında yaşı ululardan ulu, igid, qəhrəman vətən övladlarının daşına, qayasına qanlarıyla tarix yazdıqları bir yurd yeri var. Xeyirin şərə qələbə çaldığı, düşmənin canına vəlvələ salan əzəmətiylə, qorxmaz insanlarıyla, yağının inadına onun gözü önündə salınan möhtəşəm tikililəri, bağ-bağatlarıyla, qoynunda vətən uğrunda canlarından keçmiş şəhidlərinə yer vermiş bu diyar Sədərəkdir. O Sədərək ki, Naxçıvanın ən çətin günlərdə düşmənin qarşısında səddə çevrilib. O yurd yeri ki, xalqımızın ən ali dəyərlərindən, qeyrət və şücaət daşlarından qurulan qalasının qapılarını düşmən üzünə bağlayıb, döyüşüb, mübarizə aparıb və qalib gəlib. İgid ərənlərimiz, fədailərimiz bu məkanın həm vətən torpaqlarının həm ilk, həm də son sərhədi olduğunu ən yüksək səslə hayqırıblar və sübuta yetiriblər ki, vətən sərhədi ana laylası, ana südü kimi müqəddəsdir, bu müqəddəsliyə heç kim xələl gətirə bilməz.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Sədərək rayonunun sosial-iqtisadi inkişafı haqqında” 2000-ci il 15 mart tarixli Sərəncamı rayonun, eləcə də Heydər­abad qəsəbəsinin inkişafında mühüm rol oynayıb. Heydərabad qəsəbəsi dövlətimizin diqqət və qayğısı sayəsində inkişaf edir, çiçəklənir. Bu yurd yeri ulu öndərimizin əsasını qoyduğu, muxtar respublika rəhbərinin uğurla davam etdirdiyi quruculuq siyasətindən maksimum bəhrələnir.

Hazırda Sədərək rayonunda üç quruculuq ünvanında işlər davam etdirilir. Sərhəd-keçid məntəqəsi üçün yeni kompleks inşa olunur, Heydərabad qəsəbəsində yaşayış binası tikilir, rayon Mədəniyyət Evinin binasının yenidən qurulması isə yekunlaşdırılır. Qəsəbədə tikilməkdə olan yeni yaşayış binası Ermənistanla sərhəddən cəmi bir kilometr məsafədə yerləşir. Obyektdə qəlib-beton işləri aparılır. Zirzəmi ilə birlikdə 7 mərtəbədən ibarət olacaq binada 48 mənzil əhalinin istifadəsinə veriləcək. Rayonun Sədərək kəndindəki Mədəniyyət Evinin yenidən qurulması isə artıq başa çatıb. Binada son tamamlama işləri görülür. Elektrik və kommunikasiya xətləri çəkilib, pəncərələr salınıb, istilik sistemi quraşdırılıb. Hazırda binaya qaz xətti çəkilib, boya işləri görülüb. Binanın həyəti də abadlaşdırılır. Uşaq kitabxanası, tamaşa zalı və rayon Mədəniyyət Şöbəsinin fəaliyyət göstərəcəyi bina həm Sədərəkdə təhsil və mədəniyyətin inkişafına öz töhfəsini verəcək, həm də bu kəndin simasına yeni çalarlar qatacaq.
Rayonun sosial-iqtisadi inkişafına təkan verən sahələrdən biri də sənayedir. Bu sahənin inkişafına göstərilən dövlət dəstəyi nəticəsində təkcə bu ilin 8 ayında sərhəd rayonunda 2890,6 min manatlıq sənaye məhsulu istehsal olunub. Bu göstərici ötən ilin müvafiq dövrünün nəticələrindən yüksəkdir. Təbii ki, sənayenin inkişafı əhalinin məşğulluğuna da öz təsirini göstərib. Bəhs edilən dövrdə Sədərək rayonunda sənaye sahəsi üzrə 285 nəfər işçi çalışıb. Bir işçiyə hesablanmış orta aylıq nominal əməkhaqqı 275,7 manata çatıb.
Bu ilin ötən dövründə tikinti sahəsinə ayrılan investisiyaların həcmində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə artım müşahidə olunur. Belə ki, bu ilin yanvar-avqust aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 14721,6 min manat və ya 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz çox investisiya yönəldilib. Tikinti-quraşdırma işlərində istifadə olunmuş investisiyanın dəyəri bir il öncəyə nisbətən 1,9 faiz artaraq 13443 min manat təşkil edib. Bəhs edilən dövrdə rayonda tikinti sahəsində 240 nəfər işçi çalışıb. Tikinti sektorunda bir işçiyə hesablanmış orta aylıq nominal əməkhaqqı 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz artaraq 395,6 manat olub. Təbii ki, bu sektorda çalışanların əməkhaqlarındakı artım onların sosial durumuna da öz müsbət təsirini göstərir.
Muxtar respublikamızın bütün bölgələrində olduğu kimi, Sədərək rayonunun təsərrüfatlarında da torpaq mülkiyyətçiləri tərəfindən aparılan əkin işləri davam etdirilir. Muxtar respublikamızda torpaq mülkiyyətçilərinə göstərilən dövlət qayğısı, onlar üçün hərtərəfli şəraitin yaradılması, texnika və gübrə ilə təchizatda tətbiq olunan güzəştlər sədərəkli torpaq mülkiyyətçiləri tərəfindən minnətdarlıqla qarşılanır, onları daha həvəslə işləməyə sövq edir. Bu il sentyabrın 1-nə olan məlumata görə, 2476 hektar dənli və dənli-paxlalı bitkilərin əkini sahəsindən 7 min 968 ton məhsul yığılmışdır. Məhsuldarlıq hər hektardan orta hesabla 32,2 sentner olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yığım sahəsi 24,9 faiz, yığılmış məhsul 24,4 faiz çoxdur. Bəhs edilən dövrdə 1706 hektar buğda əkini sahəsindən 5374 ton məhsul toplanıb. Orta hesabla hər hektardan məhsuldarlıq 31,5 sentner olub. 1 sen­tyabr 2016-cı illə müqayisədə yığım sahəsi 48,1 faiz, yığılmış məhsul 49 faiz, məhsuldarlıq 0,6 faiz artıb. Arpa əkilmiş sahələrin də məhsuldarlığı ötən illə müqayisədə yüksəkdir. Belə ki, 734 hektar arpa əkini sahəsindən 2485 ton arpa yığılıb. Orta hesabla hər hektardan məhsuldarlıq 33,9 sentner olub. ­ 36 hektarlıq dənli-paxlalılar əkini sahəsindən 109 ton məhsul əldə edilib. Orta hesabla hər hektardan məhsuldarlıq 30,3 sentner təşkil edib. Ötən ilin 8 aylıq dövrü ilə müqayisədə yığım sahəsi 2,9 faiz, yığılmış məhsul 2,8 faiz artıb.
Rayonun torpaq mülkiyyətçiləri son illərdə qarğıdalı əkinlərinə də üstünlük verirlər. Bu da onunla əlaqədardır ki, qarğıdalı əkinləri bol qazanc vəd edir. Elə bunun nəticəsidir ki, 39 hektar dən üçün qarğıdalı əkilmiş sahənin 51,3 faizindən 112 ton məhsul yığılıb. Məhsuldarlıq orta hesabla 56 sen­tner/hektar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə məhsuldarlıq 1,4 faiz çoxdur.
Bu gün Sədərək rayonunda əkinçilik sahəsində şaxələnmə müşahidə edilir. İndi rayonda aqrar sahənin bir qolunu da günəbaxan əkinləri təşkil edir. Bu da onunla əlaqədardır ki, günəbaxan çox əhəmiyyətli yağlı bitkidir. Rayonda 23 hektar dən üçün günəbaxan əkilmiş sahənin 95,7 faizindən 49 ton məhsul yığılıb. Hər hektardan məhsuldarlıq orta hesabla 22,3 sentner olub. 1 sentyabr 2016-cı illə müqayisədə yığılmış məhsul 2,1 faiz, məhsuldarlıq 2,3 faiz çoxdur.
Kartofçuluq Sədərək rayonunda kənd təsərrüfatının aparıcı sahələrindən birini təşkil edir. Bu vacib sahənin intensiv amillər hesabına inkişaf etdirilməsi ikinci çörək hesab edilən kartofun bolluğuna gətirib çıxarır. Odur ki, son bir neçə il ərzində kartof istehsalı artan templə inkişaf etdirilib. Bu ilin 8 ayında rayonda 102 hektar kartof əkilmiş sahənin 96,1 faizindən 1864 ton kartof yığılıb. Sədərəklilər gələn il kartof əkini sahələrini daha da genişləndirməyi planlaşdırırlar.
“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan vəzifələrin Sədərək rayonunda da uğurla yerinə yetirilməsinə xüsusi diqqət göstərilir. Bu ilin 8 ayında 416 hektar tərəvəz bitkiləri əkilmiş sahənin 96,4 faizindən 4805 ton tərəvəz məhsulları yığılıb, hər hektarın məhsuldarlığı orta hesabla 119,8 sentner olub. 189 hektar bostan bitkiləri əkilmiş sahənin 98,4 faizindən 2137 ton bostan məhsulları toplanıb. Meyvəçilik sahəsində də ilbəil artım müşahidə olunur. Bu ilin ötən dövrü ərzində meyvə bağlarından 496 ton məhsul yığılıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 15 dekabr tarixli Sərəncamında üzümçülüyün əsas istiqamətləri, müasir vəziyyəti, inkişafının məqsəd və vəzifələri, maliyyə mənbələri və gözlənilən nəticələr müəyyənləşdirilmişdir. Üzümçülüyün yenidən genişləndirilməsi muxtar respublika iqtisadiyyatının daha da inkişaf etdirilməsinə, əhalinin, xüsusilə kənd təsərrüfatı və emal sənayesində gəlirlərin artırılmasına əhəmiyyətli dərəcədə təsir göstərəcəkdir. Sədərək rayonunda da bu sahənin inkişafına xüsusi diqqət yetirilir. Bu il barverən üzüm bağlarından 526 ton məhsul yığılıb. Məhsuldarlığın gələn il daha yüksək olacağı gözlənilir. Artıq Sədərəkdə yeni üzüm bağlarının salınması üçün hazırlıqlara başlanılıb, bunun üçün ötən il qələm üsulu ilə artırılan tinglərdən istifadə ediləcəkdir.
Bu gün Sədərək rayonunun əkin sahələrində qızğın iş gedir. Kənd əməkçiləri müasir texnikaların köməyi ilə şum qaldırılmasına başlamışlar. İşlərin sürətli gedişatı belə deməyə əsas verir ki, gələn ilin bol məhsulunun təməli elə bu gündən qoyulur. Statistik göstəricilərə nəzər salsaq, görərik ki, cari ilin 1 sen­tyabrına 207 hektar sahədə payız əkini üçün şum qaldırılıb.
Rayonda heyvandarlığın da inkişafına xüsusi diqqət yetirilir. Hazır­da burada 2230 baş iribuynuzlu, 17 min 300 baş xırdabuynuzlu heyvan bəslənilir. Uzun illərdir, heyvandarlıqla məşğul olan Rəşid Əsgərov dedi ki, rayonda baytarlıq xidmətinin yüksək səviyyədə həyata keçirilməsi, heyvandarlar üçün lazımi şəraitin yaradılması bu sahədə daha yaxşı nailiyyətlər qazanılmasına imkan verir. Vaxtilə heyvandarlığa o qədər də maraq göstərməyən kənd sakinləri indi daha həvəslə çalışırlar. Çünki istehsalçıların bazara çıxış imkanları da artırılıb.
Bu ilin 8 ayında rayonda diri çəkidə 257 ton ət, 1478 ton süd, 1145 min ədəd yumurta, 16,7 ton yun istehsal edilib. 2016-cı ilin yanvar-avqust ayları ilə müqayisədə ət və yun istehsalı hər iki halda 1,2 faiz, süd istehsalı 8,8 faiz, yumurta istehsalı 11,4 faiz artıb. Ümumiyyətlə, rayonda kənd təsərrüfatı sektorunda 11698,3 min manatlıq məhsul istehsal edilib. Bu da 2016-cı ilin yanvar-avqust ayları ilə müqayisədə 3,3 faiz çoxdur.
İllər uzunu əhalinin qarşılaşdığı çətinliklərdən olan suvarma suyuna olan tələbatın dolğun ödənilməsi istiqamətində görülən işlər öz bəhrəsini verir, böyük vəsaitlər hesabına salınan kanallar, tikilən nasos stansiyaları, qazılan artezian quyuları vaxtilə susuz çöllərə həyat verir, insanları əkib-becərməyə, vətən torpağının bu parçasın­­da güllük-gülüstanlıq yaratmağa ruhlandırır.
Bəhs edilən dövrdə Sədərək rayonunda əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə əmtəə dövriyyəsi 1,1 faiz artaraq 27067 min manata çatmışdır. Bunun 4 faizini və yaxud 1081,2 min manatını iaşə əmtəə dövriyyəsi təşkil edib. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 1,4 faiz yüksələrək 2996,8 min manat təşkil edib. Pullu xidmətlərin 20,3 faizi və yaxud 608,5 min manatı məişət xidmətlərinin payına düşür ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz çoxdur. 2017-ci ilin yanvar-iyul aylarında Sədərək rayonunda muzdla işləyənlərin orta aylıq əməkhaqqı 448,8 manat təşkil edib. Ən yüksək orta aylıq əməkhaqqı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, topdan və pərakəndə ticarət, dövlət idarəetməsi və icbari sosial təminat, yaşayışın təşkili və ictimai iaşə sahələrində çalışan işçilərdə qeydə alınıb.
Rayonda təhsil, səhiyyə, nəqliyyat, informasiya, rabitə, infrastruktur quruculuğu, elektrik, su və mavi yanacaqla təminat və digər sahələrdə əldə olunan nəticələr davamlı sosial-iqtisadi inkişafdan xəbər verir. Əminliklə demək olar ki, 28 avqust 1990-cı ildə Şərur rayonunun tərkibindən ayrılaraq rayon statusu alan bu sərhəd bölgəmiz qısa zamanda böyük bir inkişaf yolu keçib. Təbii ki, bu inkişafın təməlində bölgəyə göstərilən hərtərəfli dövlət qayğısı dayanır.

Sərxan İSMAYILOV
“Oğuz yurdu” qəzetinin redaktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR