25 Dekabr 2024, Çərşənbə

Muxtar respublikanın iri yaşayış məntəqələrindən olan Babək rayonunda da hər il yeniləşən kəndlərin sayı artır, sosialyönümlü layihələr uğurla icra olunur. Cari ildə rayonun Payız kəndində kompleks quruculuq işləri aparılıb, məktəb binası əsaslı şəkildə yenidən qurulub, kənd və xidmət mərkəzləri inşa olunub, yol infrastrukturu yenilənib və köhnə dəyirmana ikinci həyat verilərək bərpa olunub. Ötən günlərdə Ali Məclis Sədrinin iştirakı ilə bir gündə 4 yeni sosial obyektin və kənd yolunun istifadəyə verilməsini payızlılar dərin minnətdarlıqla xatırlayırlar.

Babək rayonunun ucqarlarında – Məkkəzdağın sərin mehinin tumarladığı bir kənd var. O kənddən üzü­aşağı çay boyunca səpələnən Gülşən­abad və Cəhri kəndləri əzəmətli, vüqarlı görünür. Bu kənd çoxlarına doğma ana yurdu, isti ocaqdır. Sərin meşəsini, barlı-bəhərli meyvə bağlarını, füsunkar təbiətini, insanlarının qonaqpərvərliyini sözlə ifadə etməkçün coşqun təbiətli şair olmaq lazımdır. Bu kənd Payızdır. İlin elə bir vədəsində həmin kəndə üz tutmuşduq ki, təbiət bir az miskin, kənd həyatı isə olduqca qaynar idi. Çünki son günlər bu yurd yerinin həyatında əlamətdar hadisə baş verib. Payız müasirləşib, sovet dönəmindən bəri yığılıb qalan sosial problemlər həllini tapıb. Artıq bu kənd öz müasir görkəmi ilə təbiətin indiki ahənginə tabe olmaq istəmir. Fürsətdən istifadə edib redaksiyamızın arxivində qalan və bir neçə il əvvəl Payızda çəkilmiş kənd məktəbinin binasının fotoşəklini oxucularımızla bölüşürük. Gəlin həmin vaxtla indini biz yox, fotolar özü müqayisə etsin…

 

Kənd məktəbinin uğurları artır

Qeyd edək ki, kənd məktəbi 1984-cü ildə inşa olunub. Məktəb kollektivi yeni tədris ilində və yeni məktəbdə uğurların daha da artacağına əmindir. Direktor Turan Məmmədli söhbət zamanı bildirdi ki, ötən tədris ilində məzun olan 9 şagirddən 3-ü, 2016-cı ilin məzunlarından isə 1-i ali, 2-si isə orta ixtisas təhsili müəssisələrinə qəbul olub. Məktəbdə hərbi-vətənpərvərlik tərbiyəsinin düzgün təşkili də diqqət mərkəzində saxlanılır. Heydər Əliyev adına Hərbi Liseyin kursantı adını qazanan Hüseyn Oğuz və Nihad Səfərli 300-400 intervalında bal toplayıb. Aşağı siniflərdə də nəticələr ürəkaçandır. 500-700 intervalında bal toplayan şagirdlərin sayı kifayət qədərdir.
“Dörd ildir ki, bu dağ kəndinin məktəbində təyinat əsasında çalışıram və tarix fənnini tədris edirəm. Zaman sürətlə dəyişir və bir də görürsən ki, dünən əlçatmaz kimi görünənlər bu gün artıq reallığa çevrilib”, – deyən müsahibimiz Elman Babazadə bildirdi ki, muxtar respublikada sürətlə reallaşdırılan tikinti-quruculuq tədbirləri Payız kəndini də əhatə edib. 2017-ci il 15 sentyabrda Bilik Günü münasibətilə Ali Məclisin Sədri tərəfindən bizə ərməğan edilən və hər cür şəraitə malik olan kənd məktəbi məsuliyyətimizi bir az da atırıb, yüksək nəticələrin əldə edilməsinə stimul verib.

Bir vaxt var idi, heç nə yox idi...

Bu yarımbaşlıq altında Payızın dünəni barədə çox danışmaq olar. 63 ildir, evli olan Həsən əmi və Zərxanım nənənin qonağı olub, o günlərdən soraq aldıq. Bizi dağ kənd­lərinə məxsus qonaqpərvərliklə qarşılayan bu uzunömürlü ailə tərəfindən süfrəyə halal nemətlər düzülür və ev yiyəsi söhbətə başlayır:
– Təzə “çırpılmış” cəvizdən nuş edin. Payızda elə bir ev tapa bilməzsən ki, həyətində cəviz ağacı olmasın. Ağaclardan bəzilərinin yaşı 50-yə, 60-a çatıb. Dağ kəndlərində yetişən cəvizin dadı isə hər kəsə məlumdur. Babək rayonunun Qaraqala, Qahab kəndlərində sort cəviz tinglərindən ibarət bağlar salınıb. Görün, dövlət bu işdə nə qədər maraqlıdır ki, sahibkarlara güzəştli kreditlər verib, onların suvarma imkanlarını yaxşılaşdırıb. Biz də hər il həyətlərdən bol məhsul tədarük edirik. Kiçik oğlum Alim kənddəki Mədəniyyət Evində çalışır və hər şənbə-bazar günləri həyətdəki alma, armud, cəvizi toplayıb üz tutur bazar və yarmarkalara. Naxçıvan bazarında bu məhsulların öz alıcısı var.
Bəli, vaxt var idi, heç nə yox idi. Hətta ötən əsrin sonlarında cərəyan edən hadisələrə görə kəndimizdəki su dəyirmanı belə, unuduldu. Kim idi dəyirman dalınca qaçan. Erməni quldurları bizdən bir az yuxarıda yerləşən Buzqov və Gərməçataq kəndlərini mərmi yağışına tutmuşdu. Ay oğul, uzun danışıb ovqatınızı təlx etmək istəmirəm. Ağır günlər yaşamışıq. Şükür, dövran dəyişdikcə bizim də gün-güzəranımız dəyişdi. Sentyabrın 15-də kəndimizdə bir neçə yeni tikilinin açılış mərasimində iştirak edən muxtar respublika rəhbərinin himayəsi və qayğısı ilə köhnə su dəyirmanına da ikinci həyat verildi. Çünki su dəyirmanları ta qədimdən xalq arasında xeyir-bərəkət rəmzi kimi dəyərləndirilib və ən əsası, onlar tariximizin bir parçasıdır. Naxçıvanda isə tarixə, milli kimliyə həmişə sahib çıxılır, onlar qorunaraq hifz olunur.

Sakinlər minnətdarlıq edirlər

Qədim xalq sənəti dəmirçiliklə məşğul olan Nurəli Qasımovun dediklərindən:
– İlin elə bir vədəsində kəndimizə təşrif buyurmusunuz ki, sevincimizin həddi-hüdudu yoxdur. Ürəyinizdə nə varsa, hamısını yaddaşınıza, dəftərçənizə qeyd edin. Müstəqillik illərinin bəhrəsini çoxdan görmüşük. İllərdir, muxtar respublikanın bütün yaşayış məntəqələrində olduğu kimi, Payızda da fasiləsiz elektrik enerjisi və təbii qazdan istifadə edilir. Naxçıvan şəhərindən başlayan rahat yol kəndimizdən keçib ən ucqar sərhəd kəndləri olan Buzqov və Gərməçatağa kimi uzanır. Şəxsən mən yolları iqtisadiyyatın, inkişafın qan damarı adlandırardım. Uzun illərdən bəri baxımsızlıq üzündən bərbad hala düşmüş yollarımız müstəqillik illərində yenidən quruldu. Artıq bu sarıdan heç bir çətinliyimiz yoxdur. Bu günlər yaşından asılı olmayaraq, hər bir payızlının xatirində əbədi olaraq qalacaq.
Ceyhun Hüseynov isə məsələyə başqa bir prizmadan yanaşır. Həmsöhbətim deyir ki, mövsümdə yerli və xarici turistlərin ən çox üz tutduqları məkanlardan olan “Payız meşəsi” də məhz bu kənddə yerləşir. Kəndin həyatında baş verən yeniliklər, gözəlliklər həm də gələcəkdə bura turist marağını daha da artıracaq. Növbəti turizm mövsümündə Payıza gələn qonaqlar bu yurd yerindən zəngin təəssüratlarla ayrılacaqlar. Rahat yol, sürətli internet, sinədolusu udmaq istəyəcəyi təmiz hava, təbiətin bəxş etdiyi nemətlər, bir sözlə, turist üçün nə lazımdırsa, o da Payızda var.

İqtisadiyyatın hədəfi – kənd təsərrüfatı

Həmid Qurbanov kəndin tanınmış təcrübəli arıçılarındandır. Sahibkar deyir:
– Ötən il keçirilən “Arıçılıq məhsulları – bal” festivalında kəndimizdən bir neçə arıçı ilə yanaşı, mən də iştirak etmişəm. Məhsullarımız alıcılar tərəfindən rəğbətlə qarşılandı. Elə mən özüm də 50 kiloqrama yaxın bal satdım. Dövlət tərəfindən arıçılara lazım olan dərman preparatlarının pulsuz verilməsi bu işə marağı daha da artırıb. Ümumiyyətlə, bu gün kənd təsərrüfatının inkişafına lazımi köməklik göstərilir. Odur, qonşum Mübariz bu il təsərrüfatını genişləndirərək iribuynuzlu heyvanın sayını 20-yə çatdırıb. Cins mal-qaranın bəslənməsində Ələsgər də yaxşı təcrübəyə malik təsərrüfatçılardandır. Yasin və Dilavər Məmmədovlar isə bu il 10 hektar sahədə şum qaldırıblar.

*   *  *

Kənd sakini Səbuhi Hüseynov avqustun 3-də Babək rayonunda keçirilən əmək yarmarkasında iştirak edib və göndəriş alaraq Naxçıvan Regional Peşə Tədris Mərkəzində bərbər peşəsinə yiyələnib. Məşğulluğu təmin olunan gənc saç ustası deyir ki, həmin yarmarkada iştirak edən həmkəndlilərim Aytac və Gültəkin də yeni istifadəyə verilən xidmət mərkəzində gözəllik ustası və dərzi kimi çalışırlar.
Haşiyə: Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” uğurla icra olunur, işaxtaranların, o cümlədən sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin məşğulluğu təmin edilir.
Milli poeziyamızın iftixarı olan Xalq şairi Məmməd Arazın başlıca ilham mənbəyi tarixi minilliklərə söykənən və tarix səhnəsində həmişə öz sözü, mövqeyi olan Azərbaycan olub. O Azərbaycan ki “Qayalarda bitən bir çiçək, çiçəklərin içində qayadır”. İndi müstəqillikdən güc alan bu ölkənin hər bir şəhər, qəsəbə və kəndi gündən-günə yeniləşir, inkişaf edir, müasirləşir. Artıq Payız da bugünkü siması ilə müasir Azərbaycan kəndinə nümunədir. Bu inkişaf barədə isə yazılası, deyiləsi çox söz var.

Muxtar RZAZADƏ
“Şərqin səhəri” qəzetinin redaktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR