25 Dekabr 2024, Çərşənbə

Doğma diyarımıza təbiət min bir çalar, naxış vurub, ona nadir rəssam fırçası ilə ülvi gözəlliklər bəxş edib. Bu gün qədim Naxçıvan, onun ən ucqar bölgələri belə, ayrı bir büsatdadır. Hər yer müasirlik donuna bürünüb. İllər öncə bu yurd yerinə yolu düşənlər indi Naxçıvana gələrkən buranı tanıya bilmirlər. Şərur rayonu da gözəlliyə qovuşan bölgələrimizdən biridir. Bu gün rayon mərkəzi ilə yanaşı, kənd yaşayış məntəqələri də tanınmaz dərəcədə dəyişib. Belə ünvanlardan biri də qədim tarixi olan Oğlanqala kəndidir. Ulu əcdadlarımızın yaratdığı qədim mədəniyyətin izlərini və zəngin tarixi özündə yaşadan Oğlanqala kəndi bu gün həm də müasir görkəmi ilə diqqəti çəkir.
Bu ərazinin coğrafi cəhətdən əlverişli sahədə yerləşməsi, münbit və bərəkətli torpaqları, rəngarəng təbiəti ulu babalarımızın da diqqətindən yayınmayıb. Ona görə də eramızdan əvvəl II minilliyin sonu, I minilliyin əvvəllərində eyniadlı kəndin ərazisindəki Qaratəpə dağının ətəyində yurd salıb, yuva qurublar. “Oğlanqala” tarixi abidəsi bu gün də eyniadlı kəndin rəmzi sayılır. Qədimliyini özündə saxlayan bu yurd yerinə bu gün yolu düşən hər kəs buradakı yeniliyin, müasirliyin, inkişafın şahidi olur. Muxtar respublikamızda geniş vüsət alan tikinti-quruculuq tədbirləri bu yaşayış məntəqəsini də əhatə edib. Belə ki, 2016-cı il fevral ayının 15-də Oğlanqalada bir neçə sosial obyekt istifadəyə verilib.

Cəmiyyətin tərəqqisinə, mədəni-intellektual intibahına təsir göstərən ən qüdrətli vasitə elm və təhsildir. Muxtar respublikamızda təhsilin inkişafına göstərilən qayğıdan Oğlanqala kəndinə də pay düşüb. Kənddə yenidən qurulan üçmərtəbəli, 576 şagird yerlik məktəb binası müəllim və şagirdlərin istifadəsinə verilib. Burada 4-ü elektron lövhəli olmaqla, 32 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 2 kompüter otağı, şahmat və müəllimlər otaqları, 8 minə yaxın müxtəlif dərslik və bədii ədəbiyyat olan kitabxana, bufet, idman zalı və açıq idman qurğuları vardır. Məktəbin elektron tədris bazası da gücləndirilib, 38 kompüter internetə qoşulub, distant təhsilin tətbiqi üçün elektron lövhələrdə internetə çıxış imkanı yaradılıb.
Oğlanqaladakı yeni quruculuq ünvanlarından biri də sakinlərin rahatlığını və burada fəaliyyət göstərən qurumların işinin səmərəliliyini təmin edən kənd mərkəzidir. İkimərtəbəli binada inzibati ərazi dairəsi üzrə nümayəndəlik, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, bələdiyyə, mədəniyyət evi, 12 mindən artıq ədəbiyyatı olan kitabxana, polis və baytarlıq məntəqələri üçün otaqlar ayrılıb. Binada 74 yerlik iclas zalı var. Buradakı rabitə evində 384 nömrəlik yeni ATS və poçt şöbəsi yaradılıb.
Kənddə tikilən həkim ambulatoriyası sakinlərin sağlamlıqlarının qorunmasına və lazımi tibbi xidmətlə təmin olunmasına imkan verib. İki mərtəbədən ibarət ambulatoriya binası xəstəxana tiplidir. Səhiyyə məntəqəsi müasir tibbi avadanlıqlar və dərman vasitələri ilə təmin edilib.
Oğlanqaladakı yeni xidmət mərkəzi sakinlərin gündəlik tələbatının ödənilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Burada bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və sənaye malları mağazaları fəaliyyət göstərir.
Kənddə aparılan quruculuq işləri zamanı 1,3 kilometr yola asfalt örtük salınıb, 4,2 kilometr məhəllələrarası yola çınqıl qatı verilib, yolboyu 11 su keçidi və 745 metr beton kanal tikilib, rabitə, elektrik və qaz xətləri təzələnib.
Bu günlərdə həmin yaşayış məntəqəsində olduq, sakinlərlə görüşdük. Onların ürək sözlərini eşitdik. Kənd adamları ilin yaxşı gəldiyini, bol məhsul yetişdiyini bildirdilər.
Arpaçayın sağ sahilində yerləşən yaşayış məntəqəsindəki 3 min 153 nəfər sakin 896 təsərrüfatda birləşib. Kənddə əkinçilik və heyvandarlıq əsas məşğuliyyət sahələridir. Ümumi ərazisi 650 hektar olan Oğlanqalada taxılçılığa maraq ildən-ilə artır. Arzu Abdullayev, Elşən Mirzəyev, Abdulla Cəfərov və başqaları bildirdilər ki, cari ilin məhsulu üçün ötən ilin payızında 108 hektar sahədə əkin keçirmiş taxılçıların zəhməti hədər getməyib. Artıq kənd adamları gələn ilin bol taxılının əsasını qoymaq üçün şum qaldırılması ilə məşğuldurlar. Onlar bu işi tezliklə başa çatdırmağa çalışırlar. Bunun üçün kənd adamlarının istifadəsində kifayət qədər texnika var. Ona görə də əmindirlər ki, payızlıq taxıl əkini kampaniyası uğurla başa çatacaq.
Sakinlər əkinçiliyin digər sahələrinə də üstünlük verirlər. Ötən il kənddə qarğıdalı, kartof əkini sahələrindən əldə edilən məh­suldarlıq yüksək olduğundan mülkiyyətçilər cari ildə də bu məhsulların yetişdirilməsinə önəm veriblər.
“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar Oğlanqalada da bu sahələrin inkişafına xüsusi önəm verilir. Bunun nəticəsidir ki, sahələrdə bol tərəvəz məhsulları yetişdirilib. Torpaq mülkiyyətçiləri hasilə gətirdikləri məhsulları rayon mərkəzində və Naxçıvan şəhərində təşkil olunan kənd təsərrüfatı məhsullarının satış yarmarkalarına çıxarır və yaxşı gəlir əldə edirlər.
Qədim yaşayış məntəqəsi həm də dadlı-tamlı meyvələri ilə tanınır. Oğlanqalada son illər 3 hektaradək yeni meyvə bağları salınıb.
Bu gün muxtar respublikamızın sosial-­iqtisadi inkişafını bir kəndin timsalında açmağa çalışdıq. Təqdirəlayiq haldır ki, bu inkişaf ucqar dağ və sərhəd kəndlərini də əhatə edir. Bu yüksəliş, tərəqqi muxtar respublikamızda yaşayan insanları qırılmaz tellərlə doğma torpağa bağlayır.

Elman MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR