Naxçıvan şəhərinin, onun qəsəbə və kəndlərinin kompleks inkişafı ilə paralel aparılan istilik təchizatı tədbirlərinin yüksək sürət və keyfiyyətlə həyata keçirilməsi əhəmiyyətli nəticələrin əldə edilməsinə imkan verib.
Son illərdə muxtar respublikada yeni elektrik stansiyalarının qurulması və enerji təhlükəsizliyinin təmin olunması, əhalinin ilboyu dayanıqlı təbii qaz, elektrik enerjisi və içməli suya olan tələbatının ödənilməsi, istilik sistemlərinin yenilənməsi, yaşayış məntəqələrində aparılan quruculuq işləri və yaradılan şərait payız-qış mövsümündə müşahidə olunan problemləri aradan qaldırıb. Bütün bunlara baxmayaraq, muxtar respublikanın iqlim şəraiti nəzərə alınaraq bu mövsümə hazırlıq tədbirləri hər il diqqətdə saxlanılır, mövcud infrastruktur daha da təkmilləşdirilir və müvafiq tədbirlər həyata keçirilir.
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsindən aldığımız məlumata görə, qarşıdan gələn payız-qış mövsümü ilə əlaqədar olaraq idarə tərəfindən bir sıra tədbirlərin həyata keçirilməsinə başlanılıb. Bu tədbirlər çərçivəsində mərkəzləşdirilmiş və fərdi qazanxanalarda əsaslı və cari təmir işlərinin aparılması davam etdirilib, istismara yararlı qazanlar ərpdən təmizlənib, ötən mövsümdə sıradan çıxan avadanlıqlar yeniləri ilə əvəzlənib. Beş ünvanda mərkəzləşdirilmiş qazanxananın xarici istilik xətti izolyasiya edilib, elektrik, qaz və su xətlərinə baxış keçirilib.
İdarədən verilən məlumatda o da bildirilib ki, cari ilin qış mövsümündə Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsi tərəfindən Heydər Əliyev prospektində 1, “Əlincə” məhəlləsində 2, Nizami və “İstiqlal” küçələrinin hər birində 3, “Çənlibel” məhəlləsində 2, Atatürk küçəsində 1 binanın daxili, “Əlincə” məhəlləsində 1 və “İstiqlal” küçəsində 1 binanın xarici istilik xətləri dəyişdirilib, bu xətlərdə izolyasiya işləri aparılıb. Bu da istilik enerjisinin payız-qış mövsümündə itkiyə getməsinin qarşısını əhəmiyyətli dərəcədə alacaqdır. Bundan başqa, 4 qazanxanada 1 ədəd 2 tonluq su çəni yenisi ilə əvəzlənib, 1 qazanxanaya əlavə istilik qazanı qoyulub, 2 fərdi qazanxanada istismar müddəti ötmüş qazanlar yenisi ilə əvəzlənib. Hazırda yaşayış binalarında daxili istilik xətlərinin dəyişdirilməsi davam etdirilir.
Qazanxanalarda və xətt təsərrüfatlarında baş verə biləcək hər hansı qəzanın vaxtında aradan qaldırılması üçün qəza briqadalarının 24 saat fəaliyyət göstərməsinə, inzibati və ictimai yaşayış binalarının istiliklə etibarlı təmin olunmasına hərtərəfli şərait yaradılıb. Noyabr ayının 1-dək bütün qazanxanalarda qış mövsümünə hazırlıq işləri başa çatdırılacaqdır.
Xatırladaq ki, bu mövsümdə də ötən illərdə olduğu kimi, 5 mərkəzləşdirilmiş, 38 fərdi qazanxana vasitəsilə 173 yaşayış binası, eləcə də 7 min 634 mənzil və 30 inzibati bina fasiləsiz olaraq istiliklə təmin olunacaqdır.
Onu da qeyd edək ki, son illər yeni inşa olunan binalarla yanaşı, mövcud inzibati və ictimai yaşayış binalarının istilik sistemlərinin yenidən qurulması ilə əlaqədar olaraq istilik şəbəkəsi ildən-ilə genişləndirilib, müasir texnoloji avadanlıqlar tətbiq olunmaqla fərdi qazanxanalar tikilib istifadəyə verilib. Bu qazanxanalardan inzibati və yaşayış binalarınadək olan məsafədə istilik xətləri tunellər vasitəsilə çəkilib ki, bu da həmin xətlərin korroziyaya uğramasının qarşısını alıb, yaranmış nasazlıqların yerüstü kommunikasiya xətlərinin zədələnmədən aradan qaldırılmasına və müntəzəm nəzarət olunmasına əlverişli şərait yaradıb.
Nail ƏSGƏROV