Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2017-ci il avqustun 28-də “Oxunması zəruri olan kitablar haqqında” Sərəncam imzalayıb. Sərəncam ölkə ictimaiyyəti tərəfindən maraqla qarşılanmış, ictimai xadimlər, jurnalistlər və ziyalılar kütləvi informasiya vasitələrində bununla bağlı fikirlərini bildirmiş, informasiya saytlarında və qəzetlərdə məqalələr dərc etmişlər. Həmin məqalələri təqdim edirik.
İsa Həbibbəyli: “Vasif Talıbovun sərəncamı kitaba yenidən qayıdışdır”
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov avqustun 28-də “Oxunması zəruri olan kitablar haqqında” Sərəncam imzalayıb. Ali Məclis Sədrinin sərəncamı ictimaiyyət arasında və sosial şəbəkələrdə rəğbətlə qarşılanıb.
Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, AMEA-nın vitse- prezidenti, akademik İsa Həbibbəyli mətbuata açıqlamasında məsələyə münasibət bildirib.
İsa Həbibbəyli Naxçıvan Muxtar Respublikasında təhsil islahatlarının ardıcıl olaraq həyata keçirildiyini vurğulayaraq deyib: “Muxtar respublika müasirtipli məktəb tikintisi problemini çoxdan həll edib. Məktəblərdə kompüterləşmə problemi də öz həllini tapıb. İndi Naxçıvan Muxtar Respublikasının bütün məktəblərində, hətta ən ucqar dağ kəndindəki məktəbdə də internetdən istifadə olunur. Artıq bir neçə ildir ki, burada həftənin konkret bir günündə eyni dərs saatında internet vasitəsilə Naxçıvandakı muzeylərdən birində dərs keçirilir, hər yerdə həmin dərs elektron lövhədə izlənilir və müzakirə olunur. Beləliklə, həm də yeni nəsil muzeylərdə nümayiş etdirilən nadir materiallarla tanış olmaq imkanı qazanır. “Muzeydən-məktəbə” internet-dərs proqramı Azərbaycan təhsil sistemində tam yeni və çox faydalı layihədir. Bu yolla maarifçi xarakterli tədris materialı ilə tarix və mədəniyyət düşüncəsi birləşir. Yeni nəslin vətənpərvərlik tərbiyəsi və milli-mənəvi özünüdərk dünyagörüşü zənginləşir və daha da möhkəmlənir. Bundan başqa, Naxçıvan Muxtar Respublikasının ali təhsil müəssisələrində və Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində çalışan alimlərin hamısı ayda bir dəfə doğulduqları kəndlərdəki məktəblərdə açıq dərslər keçirlər. Şagirdlər akademiklərin, elmlər doktorlarının, fəlsəfə doktorlarının dərslərini dinləyir, onlardan suallarına cavab alırlar. Eyni zamanda, elm adamlarının da məktəblərlə normal əlaqələri formalaşır. Bunlar isə çox fayda verir. Həm yeni gənc nəsil inkişaf edir, həm də yerlərdə ziyalılığın səviyyəsi artır”.
İsa Həbibbəyli deyib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun təsdiq etdiyi “Oxunması zəruri olan kitabların siyahısı” Naxçıvanda ardıcıl olaraq aparılan təhsil islahatlarının məntiqi davamıdır. “Artıq kitab, internet və açıq dərs kompleks halında məktəblilərin formalaşmasında iştirak edəcək. Bu, Azərbaycanın yeni nəslinin bütün maraqlarının, daxili-mənəvi tələbatının ödənilməsinə xidmət edəcək. Onu da deyim ki, Qori Müəllimlər Seminariyasında da seminaristlərin mütaliə etməsi zəruri sayılan kitablara dair tövsiyələr tətbiq olunmuşdur. Bu, Azərbaycanın böyük bir görkəmli ziyalı nəslinin inkişafında mühüm rol oynayıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təsdiq etdiyi siyahıda gənc nəslin dövlətçilik və vətənpərvərlik tərbiyəsinə, habelə şəxsiyyət kimi formalaşmasına daha çox təsir edə biləcək kitablara üstünlük verilməsi müstəqil dövlətçilik idealları üstündə köklənmiş kamil Azərbaycan vətəndaşlarının daha yetkin səviyyədə formalaşdırılmasına kömək etmək məqsədi daşıyır. Zəruri ədəbiyyatın siyahısı azərbaycançılıq dünyagörüşünün inkişaf etdirilməsi üçün də istiqamətverici imkanlara malikdir”.
Komitə sədri hesab edir ki, siyahıdakı dünya ədəbiyyatının şedevrləri olan qiymətli əsərlər gənc yaşlarından dünyagörüşün zənginləşdirilməsi üçün düşünülmüş əhəmiyyətli addımdır: “Oxunması zəruri olan kitabların siyahısı” orta məktəb proqramında öyrənilməsi nəzərdə tutulmuş bədii əsərlərə qiymətli əlavədir. Yaxud da bu, tədris proqramlarında yer ala bilməyən ən zəruri kitablara diqqətin cəlb olunmasıdır. Siyahıda olan kitabların əksəriyyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı əsasında latın qrafikası ilə çap olunmuş əsərlərdir. Bu kitablar dövlətin qayğısı ilə bütün məktəb kitabxanalarına göndərilib. Yəni mütaliə edilməsi zəruri hesab olunan kitabları tapmaqda məktəblilər çətinlik çəkməyəcəklər. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamında oxunması zəruri olan kitabların siyahısının daim zənginləşdirilməsinə dair ayrıca bəndin olması bu prosesin gələcəkdə yaradıcılıqla davam etdirilməsini təmin edəcək. Bütün bunlara görə “Oxunması zəruri olan kitabların siyahısı” müasir dövrdə kitaba yenidən, həm də məqsədyönlü şəkildə qayıdışa çağırışdır. Bu çağırışın həyata keçirilməsi işığında ölkənin hərtərəfli inkişafa malik olan, vətəninə, xalqına və dövlətinə sadiq əsl vətəndaşların böyük gələcəyini görmək mümkündür”.
Modern.az
31.08.2017
Bədii ədəbiyyat beynin gimnastikasıdır
“Vasif Talıbovun bu sərəncamı gecə qaranlığında çaxan şimşək effekti verdi
Bu yaxınlarda mətbuatda, internet saytlarında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun oxunması vacib bilinən kitablarla bağlı sərəncamı ilə tanış oldum. Söz var deyir: “İlan hər yerdə əyri gedər, öz yuvasına düz”. Əslində bu misalın lətifəsi olmasın, son vaxtlar bizi əyri yollara səmtləndirmək istəyənlər nə qədər desən çoxdur. Cənab Vasif Talıbovun geniş şəkildə yayılan bu sərəncamı heç olmasa öz yuvamıza düz girib çıxmağa bir işarədi, bir yönləndiricidi. Həqiqətin bir üzü var. Haqqa gedən yol birdir. Şeytana gedən yollardan haşa.
Vasif müəllimin bu sərəncamı gecə qaranlığında çaxan bir şimşək effekti verdi. Qaranlıq ən azı belə demək mümkünsə səksəndi. Bu da çox sevindirici haldır. Söhbət ondan getməməlidi ki, oxunması vacib bilinən, ancaq sərəncamda verilən əsərlərdi, bu cür qavrama yerindən yanlışdır. Təbii ki, dünya binyət olandan hər xalq öz maddi və mənəvi incilərini yaradıb dünyanın ixtiyarına verib. O da var ki, nə qədər çox bilsən, o qədərsən...
Bu sərəncam cəmiyyətə bir ismarıcdı, bir mesajdır. Böyük maddi-mədəni irs qoyan, tarixini şərəfləndirən bir xalq kimi bu gün mütaliədən uzaqlaşmağımız, kökdən-köməcdən gen düşməyimiz ağrılı məsələdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun imzaladığı bu sərəncamın əhəmiyyəti misilsizdi, bütün bölgələrimizə aidiyyəti var. Müəllimlərimizə, məktəblərimizə, şagirdlərimizə düzgün yol göstərən sənəddir.
Yadımda təxminən belə qalıb, haradasa, hansı ölkədəsə yüksək vəzifə tutmaq istəyənlər ana dilindən imtahan verir. Şəxsin dünyəvi və ictimai bilik səviyyəsi yoxlanılır.
Bu gün bizim buna çox ehtiyacımız var. Vasif müəllimin bu sərəncamı dövləti və tarixi əhəmiyyət kəsb edir. Yerində atılmış, alqışlara layiq addımdır.
Unutmayaq ki, yüksək hisslər aşılayan bədii ədəbiyyatın oxunuşu həm də beynin gimnastikasıdır.
Tahir Talıblı
Əməkdar jurnalist
Moderator.az
13.09.2017
Yazarlarımız Vasif Talıbovun kitab sərəncamı haqqında
nə düşünürlər? – SORĞU
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov oxunması zəruri olan kitabların siyahısı ilə bağlı müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşdırılmasına xidmət edən “Oxunması zəruri olan kitabların siyahısı” təsdiq edilib.
Buna uyğun olaraq təhsil və mədəniyyət müəssisələrinin kitabxanalarında müvafiq kitab guşələri yaradılmalıdır.
Publika.az Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bu təşəbbüsü ilə bağlı şair və yazıçıların fikirlərini öyrənib.
“Mənfi sənsiz dərəcə” şeirlər kitabının müəllifi Aqşin Evrənin qənaətinə görə, Vasif Talıbovun bu addımı bəzi millət vəkillərinə, siyasilərə dərs olmalıdır: “Əvvəlcə onu deyim ki, Vasif Talıbovun bu gözəl addımını xüsusi təqdir və sevinclə qarşılayıram. Onun bu addımı daim mahiyyətsiz açıqlamaları, addımları ilə gündəmə gələn bəzi millət vəkillərinə, siyasilərə dərs olsun. Ümumiyyətlə, universitetlərdə də bu məcburiyyət tətbiq olunmalıdır. Çünki mütaliəli cəmiyyət cinayətdən, vəhşilikdən uzaq olur və ailəsinə, ölkəsinə, dünyaya faydalı fərd kimi yetişir. Siyahı məsələsinə gəldikdə isə burada çox möhtəşəm əsərlər var. Xüsusən Azərbaycan və dünya ədəbiyyatının şedevrlərini siyahıda görmək məndə bu əsərləri yenidən oxumağa həvəs yaratdı. Son illər ədəbiyyat adına atılmış ən gözəl addımlardan biridir. Əslində, bu cür qərarların verilməsi təbiidir, ancaq nadir hallarda gördüyümüz üçün bizdə “mifik olay” təsiri yaradır. Naxçıvandakı gəncliyi təbrik edərək, Vasif Talıbova minnətdarlıq edirəm”.
Şair Emin Pirinin sözlərinə görə kitablara, mütaliəyə qayğı alqışlanasıdır: “Siyahıda kifayət qədər ciddi əsərlər var. Guşələrin yaradılması çoxdan edilməli və belə guşələr bundan sonra da artmalıdır. Bugünkü gündə kitaba qayğını, şablon ədəbiyyata sevgini nəzərə alsaq, bir çox ciddi əsərlərin bu formada oxudulmasını dəstəkləyirəm. Naxçıvan dünyanın bir nömrəli mütaliəli bölgəsinə çevrilir”.
Publika.az
29.08.2017
Oxunması zəruri olan kitablar
Naxçıvanda oxunması zəruri olan kitabların siyahısı müəyyənləşdirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bununla bağlı müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşdırılmasına xidmət edən “Oxunması zəruri olan kitabların siyahısı” təsdiq edilib.
Kulis.az mövzu ilə əlaqədar sorğu keçirib. Cavabları təqdim edirik.
Aqil Abbas: Mən Vasif Talıbovla bir-iki saat söhbət eləmişəm. Vasif müəllim yüksək dünyagörüşünə sahibdir, çox mütaliəli adamdır. Konfutsidən üzü bəri hər şeydən xəbəri var. Nitşesindən, Şopenhauerindən tutmuş bütün filosofları, dünya ədəbiyyatını oxuyub. Mənə Konfutsidən elə sitatlar çəkirdi ki, mən heyran qalırdım. İndi bəzi adamlar sosial şəbəkələrdə tanımadan, bilmədən onun haqqında yazırlar. Halbuki Vasif müəllimin mütaliəsi, savadı çox böyükdür. Onun verdiyi siyahı da məcburi deyil. Sadəcə gənclərə tövsiyə edib ki, kitab oxuyun. Bundan gözəl nə ola bilər ki? Çox gözəldir. Siyahıda gənc nəslin vətənpərvərliyinin formalaşmasından söhbət gedir. Bu yazıçılarımız da gənclərin formalaşmasında rol oynaya bilərlər. Deyə bilərsiniz ki, siyahıda Tolstoy, Dostoyevski niyə yoxdur, amma Ostrovski var. Axı burda gənc nəslin milli kökə bağlılığından söhbət gedir, onun tərbiyəsindən, vətənpərvərliyindən. Dostoyevskini oxuyub necə vətənpərvər olmaq olar? Yaxud da tərbiyəli. Söz yox ki, Dostoyevski də, Tolstoy da böyük yazıçıdır. Ancaq bu siyahının mövzusuna uyğun deyillər.
Murad Köhnəqala: Vasif Talıbov bir vaxtlar Naxçıvanda yas yerlərində israfçılığın qarşısını almaq üçün rəsmi sərəncam imzalamışdı, onda çox sevinmişdim. İndi isə Naxçıvan əhalisinin oxumalı olduğu bədii kitabların siyahısını tərtib etdirib. Əla! Eşq olsun! Çox sevindim. Uzun illər muxtar respublikada rəhbərlik edən Vasif müəllim yaxşı bilir ki, bu milləti işıqlı yerlərə zorla itələmək lazımdı. Yoxsa özbaşına buraxsan saqqal buraxıb şalvar gödəltməkdən, qadınları qara çadraya bürüməkdən, yaxud min ilin ölüsü üçün baş yarmaqdan başqa bir şey eləməyəcəklər. Ancaq hörmətli Vasif müəllimin təklif elədiyi kitablardan oxuyan əhalinin mütaliəyə alışaraq başqa kitablar da axtaracağına əminəm.
Kulis.az
29.08.2017
Bütün dünya üçün nümunəvi addım
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə “Oxunması zəruri olan kitabların siyahısı” təsdiq olunub və siyahıya 30 kitab daxil edilib. Böyük Britaniyanın nüfuzlu BBC korporasiyası bununla bağlı məlumat hazırlayıb. Yazıda qeyd olunur ki, Ali Məclisin Sədri Vasif Talıbovun bu sərəncamı ictimai-mədəni, ədəbi-bədii müstəvidə mühüm əhəmiyyətli və təqdirəlayiq bir hadisədir.
BBC Azərbaycan ədəbiyyatının seçmə nümunələri ilə yanaşı, dünya ədəbiyyatının məşhur yazarlarının da əsərlərinin siyahıya daxil edilməsinə də diqqət çəkib. Vurğulanır ki, Teodor Drayzer, Cek London, Ernest Heminquey, Nikolo Makiavelli, Gi de Mopassan, Antuan de Sent-Ekzüperi, Nikolay Ostrovski, Moris Meterlink kimi dünya klassiklərinin də əsərlərinin siyahıda yer alması diqqət çəkir.
Qeyd olunur ki, oxunması zəruri olan bu kitablar gənc nəsildə vətənpərvərliyin, tarixə, milli köklərə bağlılığın formalaşdırılmasına əsaslı təsir göstərəcək ideoloji mənbələr rolunu oynayır, onların kənar təsirlərdən qorunması üçün dünyagörüşünü zənginləşdirir, dövlətə, dövlətçiliyə, Vətənə, xalqa bağlılıq hisslərini aşılayır.
BBC xüsusilə Nikolo Makiavellinin “Hökmdar” əsərinin tövsiyə edilməsinə diqqət çəkir. Bildirilir ki, siyasətçilər, o cümlədən elm xadimləri “Hökmdar” əsərinin bura daxil olmasını rəğbətlə qarşılayırlar. Çünki Makiavelli və onun “Hökmdar” əsəri həmişəlik olaraq bəşəriyyətin yaddaşında qalıb, dərin ideya və fikirlərə görə bu əsər dünya mədəniyyəti xəzinəsinə daxil olub. Makiavelli sözügedən əsərdə bir çox məsələlərlə bərabər, səxavət və qənaət, qəddarlıq və mərhəmət, məhəbbət və nifrət, habelə digər bu kimi anlayışları diqqətlə təhlil edir. Bütün bu anlayışları açıqlayıb, bunlara yeni mənalar verir. Qəddarlıq və məhəbbət anlayışlarını təhlil edərkən Makiavelli göstərir ki, hər bir adam qəddar adam kimi yox, mərhəmətli adam kimi tanınmaq istərdi. Amma o, dərhal da qeyd edir ki, hökmdar əgər təbəələri itaətdə saxlamaq istəyirsə, o, qəddar adam kimi tanınmaqdan çəkinməməlidir. Bir neçə adamı cəzalandırmaq iğtişaşlara yol verməkdən daha yaxşıdır, çünki qarətlərə və qətllərə səbəb olan iğtişaşlardan bütün insanlar ziyan çəkdiyi halda, hökmdarın verdiyi cəzadan yalnız bir neçə adam ziyan çəkir.
BBC həmçinin yazıda sosial şəbəkə istifadəçilərinin də fikirlərinə yer verib və bədii ədəbiyyatların mütaliəsi ilə bağlı bu təşəbbüsün bütün dünya üçün nümunə gücündə olduğunu qeyd edib.
Yazıda həmçinin Naxçıvan Muxtar Respublikası barədə də məlumatlar yer alıb.
BBC News
30.08.2017