25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar ­Nazirliyində keçirilən yığıncağı nazir Rövşən Məmmədov açıb.
Bildirilib ki, avqustun 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə verilən tapşırıqların vaxtında və yüksək keyfiyyətlə icrasına nazirlikdə xüsusi diqqət yetirilir. Rabitə və Yeni Texnologiyalar Nazirliyi və onun tabeliyində olan müəssisələr üzrə payız-qış mövsümünə hazırlıqla bağlı qarşıda heç bir problem yoxdur. Nazirliyin anbarında hər zaman qəza halları üçün müxtəlif diametrli kabellərin hər birindən 2 kilometr olmaqla ehtiyat saxlanılır. Xüsusilə əsas magistral xətlərdə istifadə olunan optik kabellər, müxtəlif optik çeviricilər, muftalar və qəza zamanı istifadə olunan digər zəruri avadanlıqların daim anbarda olmasına xüsusi diqqət yetirilir. Mövsümdən asılı olmayaraq, istismar edilən bütün elektron qurğuların ehtiyat hissələrinin və bloklarının olması nəzarətdə saxlanılır. Belə ki, ehtiyat mal-material tükənmədən əlavə hissələrin alınması təmin edilir.

Vurğulanıb ki, əsas diqqət yönəldilən işlərdən biri də avadanlıqların qorunmasıdır. Bu məqsədlə bütün imkanlardan səmərəli istifadə olunur. Belə ki, artıq bir neçə ildir, birbaşa ümumi elektrik şəbəkəsindən qidalanan avadanlıqlar gərginliyin ani artıb-azalmasına qarşı həssas ayırıcı gərginlik releləri ilə təchiz edilib. Telefon kabellərinin abunəçilərə paylanma nöqtələrinə ildırım və elektrikdən qoruma sistemi olan abunəçi qutuları və paylama şkafları qoyulur. Eyni zamanda muxtar respublikada həyata keçirilən geniş abadlıq və quruculuq işlərinin tərkib hissəsi olan kənd mərkəzlərinin tikilməsi və avtomat telefon stansiyalarının stabil elektrik və istilik sistemi ilə təmin edilmiş müasir binalara köçürülməsi sayəsində son illər avadanlıqların xüsusi hallar istisna olmaqla sıradan çıxmasının qarşısı alınıb. Hazırda muxtar respublika üzrə mövcud 183 ATS-dən 160-ı, 172 poçt bölməsindən 153-ü yeni binalarda yerləşir. İstilik sistemi olmayan iş yerləri isə qışda standart elektrik qızdırıcıları, yaxud sobalarla qızdırılır. Bütün generator və akkumulyatorlara mərkəzləşmiş qaydada xidmət olunur. Noyabr ayının 15-dək enerjini az saxlayan istismar müddəti bitmiş akkumulyatorlar yeniləri ilə əvəz ediləcəkdir.
Tədbirdə rayon (şəhər) rabitə idarələri rəislərinin çıxışları olub.

*  *  *

Sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində 2017-2018-ci illərin payız-qış mövsümünə hazır­lıq və qarşıda duran vəzifələrlə bağlı keçirilən tədbiri giriş sözü ilə nazir Hafiz Yaqubov açıb.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə digər sahələrdə olduğu kimi, ekologiya sahəsində də görüləcək işlər və qarşıda duran vəzifələr barədə danışılıb. Nazirliyə meşə fondu ərazilərində qurumuş ağacların təmizlənməsi və hərbi hissələrə verilməsi, yeni yaşıllıqların salınması, bitki və heyvanat aləminin qış aylarında qorunması üçün vaxtında müvafiq işlərin görülməsi ilə bağlı tapşırıqlar verilib. Bu tapşırıqların vaxtında icra edilməsi üçün nazirlikdə iş planı təsdiq olunub. Plana əsasən aidiyyəti şöbələr, tabeli idarə və müəssisələrin rəhbərləri nəzərdə tutulmuş tədbirlərin vaxtında icra olunmasını təmin etməlidirlər.
Vurğulanıb ki, nazirliyin İstehsalın təşkili, planlaşdırılması və geologiya şöbəsi, Meşə Təsərrüfatı İdarəsi, Meşəsalma və Meşə Tingçiliyi Müəssisəsi tərəfindən 2017-ci ilin payız mövsümündə həyata keçiriləcək əkin və əkin-bərpa, yaşıllaşdırma və yeni meyvə bağlarının salınması işlərinin mütəşəkkil təşkili üçün sentyabr və oktyabr aylarında əkin aparılacaq ərazilərin planları hazırlanmalı, ting ehtiyatı yaradılmalı, torpaq hazırlığı işləri aparılmalı, texnika, maşın və mexanizmlər saz vəziyyətə gətirilməlidir. Əkin işlərinin keyfiyyətinin yüksəldilməsi üçün rayonlaşdırma işlərinin aparılması, torpaqların münbitliyinin artırılması tədbirlərinə diqqətdə saxlanılmalıdır. Xüsusilə dağlıq və meşə fondu ərazilərində toxumla əkin işlərinin aparılmasına üstünlük verilməlidir. Ətraf mühit və təbii sərvətlərdən istifadəyə dövlət nəzarəti şöbəsi, Xüsusi mühafizə olunan təbiət əraziləri şöbəsi, xüsusi mühafizə statuslu idarələr və balıq mühafizə stansiyası tərəfindən brakonyerliyə, qanunsuz ov edilməsinə qarşı ciddi mübarizə aparılmalı, yoxlama-reydlərin, maarifləndirici tədbirlərin keçirilməsi davam etdirilməlidir. Bitki və heyvanat aləminin qorunması və artırılması tədbirlərinə nəzarət gücləndirilməlidir.
Qeyd olunub ki, qış mövsümündə ərazilərin qarla örtülməsi heyvanat aləminin qida ehtiyatının azalmasına səbəb olur. Ona görə də hər il xüsusi mühafizə olunan təbiət ərazilərində və digər ərazilərdə biotexniki tədbirlər həyata keçirilir, həmin sahələrə qida məhsulları – buğda, arpa, qaba yem, tərəvəz məhsulları, daşduz və digər qidalar paylanır. Bu ehtiyatların bir qismi nazirliyin təsərrüfat ərazilərindən toplanır və aidiyyəti idarələr tərəfindən tədarük edilir. Nazirliyin Xüsusi mühafizə olunan təbiət əraziləri şöbəsi və aidiyyəti xüsusi mühafizə statuslu idarələr vaxtında qida-yem ehtiyatının yaradılması üçün tədbirlər görməli, daşduz ehtiyatı yaradılmalıdır. Bu tədbirlərin yeni salınmış yaşıllıq zolaqlarında da keçirilməsi diqqətdə saxlanılmalıdır. Yay-qış otlaq sahələrində ekoloji monitorinqlər aparılmalı, ətraf mühitin mühafizəsində qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər icra edilməli, xüsusilə qış otlaq sahələrində təsərrüfat fəaliyyətinin tənzimlənməsi üçün müvafiq tədbirlər həyata ­keçirilməlidir.
Diqqətə çatdırılıb ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeli müəssisələrinin rəhbərləri aid inzibati binalarda, meteoroloji stansiyalarda, gözətçi məntəqələrində qışa hazırlıqla bağlı zəruri tədbirlər həyata keçirməlidirlər. Xüsusilə elektrik enerjisi və təbii qazdan istifadə edən müəssisələr israfçılığa yol vermə­məli, təhlükəsizlik tədbirlərinə diqqət göstərilməli, mühafizə işçilərinin isti geyimlərlə və digər zəruri avadanlıqlarla təmin edilməsi üçün tədbirlər görülməlidir.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib, müzakirələr aparılıb.
Tədbirə Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Hafiz Yaqubov yekun vurub.

*  *  *

“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar yığıncaq ­keçirilib.
Yığıncağı cəmiyyətin direktoru Mahir Əliyev açaraq məruzə edib. Bildirilib ki, payız-qış mövsümünə hazırlıqla bağlı bir sıra tədbirlər həyata keçirilir. Hazırda Culfa stansiyasında müasir tələblərə cavab verən yeni istismar vaqon deposunun tikintisi davam etdirilir. Culfa bərpa qatarında bütün texnikalara baxış keçirilib, onların saz vəziyyətdə saxlanılması və qorunması üçün müvafiq tədbirlər görülüb.
Təhlükəsizlik komandalarının gözətçi məntəqələrində təmir işləri aparılır və yataq dəstlərinin təmizliyi yoxlanılır. Dəmiryol təsərrüfatında çalışan bütün aidiyyəti işçilərin xüsusi geyim, ayaqqabı və fərdi mühafizə vasitələri ilə təmin olunmaları istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Sahələrdə istifadə edilən və standartlara cavab verməyən bütün işçi alətləri yenilənir.
İşə yeni qəbul edilən işçilərə əməyin mühafizəsi qaydalarının öyrədilməsi, biliklərin yoxlanılmasının təşkilinə dair standartlar sisteminin tələblərinə uyğun təlimatlar keçirilir. Sınaq müddəti qurtaran işçilərin bilikləri yoxlanıldıqdan sonra onlar sərbəst işə buraxılırlar. İşçilərin təhlükəsizlik texnikası qaydalarının tələblərinə düzgün riayət etmələri məqsədilə onlarla müvafiq qaydada texniki məşğələlər keçirilir.
Qeyd edilib ki, Naxçıvan Yanacaq Anbarında, Şahtaxtı və Şərur stansiyalarında yağ və su nasoslarında, elektrik xətlərində, qurğu və avadanlıqlarda profilaktik təmir işləri aparılır.
Culfa yanğın qatarında yanğın avtomobilinin və aqreqatların texniki vəziyyətinə baxış keçirilərək müvafiq tədbirlər görülür.
Əsaslı təmirə ehtiyacı olan bütün inzibati və yardımçı binaların qış mövsümündə normal qızdırılması üçün onların qapı-pəncərələrinin və bacalarının kipliyi bir daha yoxlanılır.
İdarə və strukturlarda istismarda olan bütün maşın-mexanizmlərin və özühərəkətedən texnoloji nəqliyyat vasitələrinin qış mövsümünə hazırlığı təmin edilir.
Sonra məruzə ətrafında çıxışlar olub.
Yığıncağa “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Mahir Əliyev yekun vurub.

*  *  *

Naxçıvan Müəllimlər İnstitutunda 2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar tədbir keçirilib.
Tədbiri giriş sözü ilə institutun rektoru, AMEA-nın müxbir üzvü Oruc Həsənli açaraq bildirib ki, muxtar respublikamızda həyata keçirilən tikinti-quruculuq işləri təhsil sahəsini də əhatə edir. Hər il onlarla təhsil ocağı üçün yeni binalar tikilir və ya mövcud obyektlər əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilir. Naxçıvan Müəllimlər İnstitutuna da bu qayğıdan böyük pay düşüb. Belə ki, institutun binasına yeni korpus əlavə olunub. Hazırda binada əsaslı yenidənqurma işləri aparılır.
Qeyd olunub ki, muxtar respublikada fasiləsiz elektrik enerjisinin və təbii qazın verilməsi, içməli suya olan tələbatın ödənilməsi, istilik sistemlərinin qurulması digər müəssisələr kimi, ali təhsil ocaqlarını da əhatə edib. Hər il payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi mövsüm ərzində təhsil müəssisələrində tədrisin davamlılığını təmin edən əsas amillərdəndir.
Təsərrüfat işləri üzrə prorektor Rasim Babayev adıçəkilən müşavirədən sonra Naxçıvan Müəllimlər İnstitutunun hazırda müvəqqəti olaraq yerləşdiyi binada payız-qış mövsümünə hazırlıq işlərinə start verildiyini diqqətə çatdırıb, istilik və elektrik sistemlərinin, su borularının sazlığının təmin olunması istiqamətində görülən işlərdən ­danışıb.
Sonra institutun Təbiət və incəsənət fakültəsinin dekanı, dosent Rövşən Vəliyevin və Pedaqoji fakültənin dekanı, dosent Azad Novruzovun çıxışları dinlənilib.
Tədbirə Naxçıvan Müəllimlər İnstitutunun rektoru Oruc Həsənli yekun vurub.

*  *  *

Dünən Naxçıvan Musiqi Kollecində də payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar yığıncaq keçirilib.
Yığıncaqda Naxçıvan Musiqi Kollecinin direktoru Günay Əliyeva çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində avqustun 26-da keçirilmiş 2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirədə verilən tapşırıqların icrası istiqamətində Naxçıvan Musiqi Kollecində də bir sıra işlər görülüb. Son illərdə kollecin infrastrukturunun yenilənməsi, kollec binasının yenidən təmir olunaraq istifadəyə verilməsi payız-qış mövsümünün uğurla başa çatacağına əminlik yaradır.
Vurğulanıb ki, kollecdəki elektrik naqilləri, istilik radiatorları, məktəbin dam örtüyü, qapı-pəncərələrin sazlığı, havalandırma sistemi yenidən yoxlanılaraq mövcud olan çatışmazlıqlar və nasazlıqlar aradan qaldırılıb. Eyni zamanda cavabdeh işçilərlə maarifləndirici söhbətlər aparılıb və məşğələlər təşkil edilib.
Kollecin direktoru bildirib ki, işə yalnız məsuliyyətlə yanaşmaq, mövcud imkanlardan düzgün istifadə etməklə payız-qış mövsümünü lazımınca başa vurmaq olar. Müşavirədə qarşıya qoyulan vəzifələri vaxtında yerinə yetirmək və məsələyə ciddi nəzarət etməklə tədrisin fasiləsizliyinə və keyfiyyətinə nail ola bilərik.
Sonda diqqətə çatdırılıb ki, kollektiv bu sahədə işini günün tələbləri səviyyəsində qurmaqla, tədris prosesini lazımınca təşkil edəcəkdir.
Məruzə ətrafında Naxçıvan Musiqi Kollecinin Kitabxana-informasiya təminatı ixtisasının fənn birləşmə komissiyasının sədri Akif Bağırov, kollecin direktor müavini Vüsal Camalov və başqaları çıxış ediblər.

*  *  *

Naxçıvan Tibb Kollecində də payız-qış mövsümünə hazır­lıq və qarşıda duran vəzifələrlə əlaqədar yığıncaq keçirilib. Tədbiri giriş sözü ilə Naxçıvan Tibb Kollecinin direktoru Sona Məmmədova açaraq bildirib ki, 2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar avqustun 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə müvafiq qurumlara tapşırıqlar verilib. Müşavirədə qarşıya qoyulan vəzifələrin icrası istiqamətində Naxçıvan Tibb Kollecində də bir sıra işlər görülüb.
Diqqətə çatdırılıb ki, muxtar respublikada təhsilin inkişafı, təhsil müəssisələrində fasiləsiz tədris prosesinin təmin olunması üçün yüksək şərait yaradılıb. Belə ki, Naxçıvan Tibb Kolleci elektrik enerjisi, istilik və içməli su ilə davamlı təmin olunur. İstilik sistemi mərkəzləşdirilmiş qazanxana tərəfindən həyata keçirilir.
Vurğulanıb ki, kollecdə elektrik enerjisinin verilməsində fasiləsizliyi təmin etmək üçün avadanlıqlar və xətlərin təhlükəsizliyi yoxlanılıb, rabitə və kompüter qurğularına texniki baxış keçirilib, təhlükəsizlik tədbirlərinə riayət olunmasına nəzarət daha da gücləndirilib. Tədris korpusu, sosial xidmət sahəsi, zirzəmi yoxlanılıb.
Qeyd olunub ki, elektrik enerjisi və içməli sudan qənaətlə istifadə edilməsi, israfçılığa yol verilməməsi, istehlak olunan suyun və enerjinin dəyərinin vaxtında ödənilməsi diqqət mərkəzində saxlanılır.
Vurğulanıb ki, 2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıqla bağlı həyata keçirilən tədbirlər kollecin fasiləsiz fəaliyyətinə şərait yaradacaq.
Sonra məruzə ətrafında çıxışlar olub.
Yığıncağa Naxçıvan Tibb Kollecinin direktoru Sona Məmmədova yekun vurub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR