Ötən ayın nəticələri də belə deməyə əsas verir
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev daim xalqımızın güvənc yeri olub. Dahi şəxsiyyət muxtar respublikamızın ən çətin günlərində – 1990-cı il iyul ayının 22-də Naxçıvana gəlib, naxçıvanlılar Onu, O da Naxçıvanı qoruyub. Həmin il 340 nömrəli Nehrəm Seçki Dairəsindən ulu öndərin Azərbaycan SSR Xalq deputatlığına namizədliyi irəli sürülüb. Görkəmli dövlət xadimi Nehrəmə gələrək burada seçiciləri ilə görüşüb. Onun seçicilərlə görüşdüyü həmin ünvan bu gün Nehrəmdə müqəddəs bir yer sayılır. Bu ünvanda Heydər Əliyev Parkı salınıb, ümummilli liderin yüksəklərə qaldırdığı Azərbaycan bayrağı parkın mərkəzində ucaldılıb. Avqustun 5-də Nehrəm kəndində Heydər Parkı istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Nehrəm kəndində Heydər Parkının istifadəyə verilməsi münasibətilə sakinləri təbrik edərək deyib: “Son illər Nehrəm kəndində geniş quruculuq işləri aparılmış, yeni məktəb binaları, musiqi məktəbi, rahat yol, xəstəxana tikilmiş, içməli su və kanalizasiya xətti çəkilmiş, rabitə və elektrik xətləri yenilənərək sakinlərin istifadəsinə verilmişdir. Bu gün açılışı olan Heydər Parkı da kənddə həyata keçirilən quruculuq tədbirlərinin davamıdır. Müasir sosial obyektlər və yaradılan infrastruktur imkan verir ki, Nehrəm kəndi daha da inkişaf etsin. Bütün bunlar isə insanlarda dövlətə inamı yaradır, onların rahat yaşayışına xidmət edir. Heydər Parkında istirahət edənlər də 1990-1993-cü illərdə ulu öndər Heydər Əliyevin Nehrəm kənd sakinləri ilə görüşlərini xatırlayacaq, o çətin və tarixi günləri bir daha yada salacaqlar”.
Həmin gün Ali Məclisin Sədri Babək rayonunun Nehrəm kəndində yaradılan üzümçülük təsərrüfatına baxıb, aqrar sahənin inkişafında rentabelli işləyən təsərrüfatların yaradılmasının əhəmiyyətini vurğulayıb, bu təsərrüfatın yaradılmasında əməyi olanlara təşəkkür edib, müvafiq tapşırıq və tövsiyələrini verib.
Bu gün muxtar respublikanın yaşayış məntəqələrində müasir infrastruktur yaradılır, rayon mərkəzləri ilə dağ kəndlərini, eləcə də paytaxt Naxçıvan şəhəri ilə ətraf kəndləri birləşdirən avtomobil yolları yenilənir, kənd yaşayış məntəqələrində içməli su və kanalizasiya şəbəkələri qurulur.
Avqustun 18-də Babək rayonunun Şıxmahmud və Xəlilli kəndlərini Naxçıvan şəhəri ilə birləşdirən avtomobil yolu, eyni zamanda həmin yaşayış məntəqələrində yeni içməli su və kanalizasiya şəbəkəsi istifadəyə verilib.
Ali Məclisin Sədri bu münasibətlə keçirilən tədbirlərdə iştirak edib.
Cəmiyyətin tərəqqisinin hərəkətverici qüvvəsi olan təhsil intellektual potensialı formalaşdırır, hüquqi cəmiyyətin qurulmasında əvəzsiz rol oynayır, vətəndaşı cəmiyyətdə ən məhsuldar təfəkkürlü qüvvəyə çevirir, milli və mənəvi dəyərləri qoruyur və tənzimləyir, insan kapitalını formalaşdırır. Sevindirici haldır ki, bu işlər Naxçıvanda diqqət mərkəzində saxlanılır. Yaradılan şərait isə öz bəhrələrini verməkdədir. Belə ki, 2017-ci ildə ümumtəhsil məktəblərini 2 min 758 məzun bitirib. Heydər Əliyev adına Hərbi Liseyin məzunları ilə birgə bu il ali hərbi məktəblərə və digər ali təhsil müəssisələrinə sənəd verənlərin sayı 2 min 331 nəfər olub. Bu isə, ümumilikdə, məktəbi bitirən məzunların 78,4 faizi deməkdir. Məzunlardan 151-i xüsusi təyinatlı ali məktəblərə, ümumi orta təhsil bazasından isə 1150 məzun orta ixtisas məktəblərinə qəbul üçün sənəd verib. Qəbul imtahanlarında məzunları yüksək nəticələr göstərən məktəblərin sayı 108-ə çatıb.
Avqustun 21-də muxtar respublikanın ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüş keçirilib.
Tələbələrlə görüşdə ali məktəblərə qəbul imtahanlarında 500-700 intervalında bal toplayaraq tələbə adını qazanmış məzunlara pul mükafatı ilə yanaşı, “Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında” kitabı təqdim olunub. Bu isə milli tariximizin bütün dövr və mərhələlərini yüksək peşəkarlıqla qiymətləndirən, ötən əsrlərdə baş vermiş ictimai-siyasi proseslər barədə obyektiv mülahizələr səsləndirən və gələcək inkişaf yolumuzu müəyyənləşdirən dahi şəxsiyyətin irsinə sədaqətin böyüklüyünü gənclərin diqqətinə çatdırmaq baxımından əhəmiyyətlidir.
Bir millətin əsrlər boyu yaşadığı, adətinin, ənənəsinin, varlığının, milli şüurunun, birliyinin dəyişməz ünvanı olan Vətən təkcə müəyyən sərhədləri olan coğrafi bir məkan deyil. Vətən sonsuz sevgi və hörmətə layiq müqəddəs torpaqdır. Çünki elimiz, obamız bu torpaqlardadır. Əcdadlarımız bu torpaqlarda uyuyurlar. Onlar bu torpaqlarda yaşayıb, onu canları, qanları bahasına qoruyub, şəhidlik zirvəsinə ucalıblar, ancaq həmişə Vətən sərhədlərinin toxunulmazlığını təmin ediblər. Məhz ona görə də milli atributumuz olan sərhədlərimiz müstəqil dövlətimiz üçün müqəddəsdir. Ali Məclis Sədrinin dediyi kimi: “Sərhəd dövlətimiz üçün müqəddəsdirsə, sərhədçi olmaq, sərhədləri qorumaq isə şərəfli işdir”.
1991-ci ildə Azərbaycanda dövlət müstəqilliyi elan olunan gündən onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında sərhədlərin milli sərhəd qüvvələri tərəfindən qorunması zərurəti yaranıb. Həmin vaxt Sovetlər Birliyinin Naxçıvandakı sərhədlərində 41-ci Sərhəd Dəstəsi dayanmışdı. Sərhədin Ordubad və Sədərəkdən keçən hissəsinin mühafizəsini aparan sərhəd zastavaları Ermənistan ərazisindəki sərhəd dəstəsinin tabeliyində idi. O dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışan ulu öndər Heydər Əliyevin səyi ilə həmin sərhəd zastavaları Naxçıvandakı 41-ci Sərhəd Dəstəsinin tabeliyinə verilib. Mühüm siyasi və tarixi əhəmiyyət daşıyan bu addım muxtar respublikanın sərhədlərinin etibarlı müdafiəsini və milli sərhəd dəstəsinin yaradılmasını şərtləndirib. 1992-ci il avqustun 22-də Naxçıvandakı sərhəd dəstəsində ulu öndərin rəhbərliyi ilə ilk dəfə olaraq Azərbaycanın üçrəngli bayrağı qaldırılıb və ölkəmizin ilk milli sərhəd dəstəsinin təməli qoyulub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2004-cü ildə Naxçıvan Sərhəd Dəstəsinin bazasında “Naxçıvan” Sərhəd Diviziyası yaradılıb, 2015-ci ildə Sərhəd Diviziyası “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına çevrilib. Bununla da, muxtar respublikanın sərhədlərinin mühafizəsi, bu sahədə həyata keçirilən quruculuq işləri yeni mərhələyə qədəm qoyub. Son illər müasir sərhəd zastava kompleksləri tikilərək istifadəyə verilib, maddi-texniki baza gücləndirilib, sərhədçilərin xidmət və məişət şəraiti əsaslı şəkildə yaxşılaşdırılıb, şəxsi heyətin peşəkarlığı artırılıb.
Avqustun 22-də “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının yaranmasının 25-ci ildönümü qeyd olunub.
Ali Məclisin Sədri “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının yaranmasının 25-ci ildönümü münasibətilə şəxsi heyəti təbrik edib, sərhədçi ailələri ilə görüşüb.
Kəskin kontinental iqlimə malik olan Naxçıvanda payız-qış mövsümünə hazırlıq da daim diqqət mərkəzində saxlanılır. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, Naxçıvanın bütün yaşayış məntəqələri elektrik enerjisi və təbii qazla tam təchiz olunub. Bu gün Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin balansında olan 8 elektrik stansiyasından 7-si son 20 ildə istismara verilib. Bu stansiyalar vasitəsilə muxtar respublikanın elektrik enerjisinə olan tələbatı ödənilir.
Görülmüş etibarlı tədbirlərlə yanaşı, muxtar respublikada payız-qış mövsümünə hazırlıq işləri hələ isti yay aylarından başlanır, payız-qış mövsümünə hazırlıqla bağlı konkret hədəflər müəyyənləşdirilir, bununla bağlı müvafiq tapşırıqlar verilir.
Avqustun 26-da Naxçıvan Muxtar Respublikasında 2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib.
Müşavirədə payız-qış mövsümündə nəqliyyatda hərəkətin təhlükəsizliyinin təmin edilməsi, yaşayış obyektlərinin, səhiyyə, təhsil, mədəniyyət və digər müəssisələrin istiliklə təminatı, tələbatdan artıq istehsal olunmuş kənd təsərrüfatı məhsullarının soyuducu anbarlara tədarükü, muxtar respublika ərazisindəki hərbi hissələrdə qış mövsümü üçün tələb olunan ehtiyatların, eləcə də sərhəd zonalarındakı hərbi hissələrin yanacaqla təchizatı və ərzaq ehtiyatının yaradılması və digər mühüm məsələlərlə əlaqədar konkret tapşırıqlar verilib.
Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ixtisaslı kadr potensialının formalaşdırılması və maddi-texniki bazasının yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır. Avqustun 28-də komitənin yeni inzibati binasının istifadəyə verilməsi bu sahədə həyata keçirilən tədbirlərin davamıdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib, binada yaradılan şəraitlə tanış olub, istehsal müəssisələrində və xidmət sahələrində maarifləndirmə və izahat işlərinin davam etdirilməsi, səmərələşdirici təkliflərin hazırlanması və patentlərin verilməsi sahəsində fəaliyyətin təşkili ilə bağlı tapşırıqlar verib, qarşıya qoyulan vəzifələrin icrasında komitə əməkdaşlarına uğurlar arzulayıb.
On ikinci əsrin görkəmli siyasətçisi Nizamül-mülk deyirdi: “Xalqın iradəsi ilə rəhbərin dühası birləşdikdə ölkə möhkəmlənər, gündən-günə inkişaf edər”. Biz bu gün ölkəmizdə, o cümlədən muxtar respublikamızda bunun canlı şahidi oluruq. Bugünkü Naxçıvan inkişaf və sabitlik dövrünü yaşayır. Düşmənlərimiz bu diyarı blokada vəziyyətində saxlasa da, dünyadan təcrid etməyə çalışsa da, heç vaxt kataklizmlər burulğanına yuvarlada bilməyib. İnkişaf, tərəqqi yolunda inamla irəliləyən, müstəqillik ideallarımızın mənbəyi, ərazi bütövlüyü uğrunda mübarizəmizin simvolu olan Naxçıvan təhlükəli niyyətləri birdəfəlik dəf etməyə qadir olduğunu göstərib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Biz inamla irəliyə gedirik. İrəliyə getmək üçün bizim yolumuz açıqdır. Bu yolun təməlini ulu öndər qoymuşdur... Bizim yolumuz müstəqillik, milli ləyaqət, inkişaf, tərəqqi yoludur. Bizi bu yoldan heç kim döndərə bilməz”.
Rauf KƏNGƏRLİ