Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib.
Müşavirədə mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxış edərək deyib ki, bu gün muxtar respublikamızda 29 muzey, 3 dövlət teatrı, 2 dövlət filarmoniyası, 400-dən çox klub, mədəniyyət evi, kitabxana, mədəni-maarif müəssisəsi, 27 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbi və digər mədəniyyət, turizm obyektləri fəaliyyət göstərir. Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərindən 21-i müstəqil qazanxana sistemi, 2-si ümumiləşdirilmiş istilik sistemi, 4-ü isə dizel yanacağı ilə, digər əsas müəssisələrdən 2-i qazanxana sistemi, 8-i isə ümumiləşdirilmiş qaydada qızdırılacaqdır.
Bildirilib ki, cari ildə nazirliyin tabeliyində olan müəssisələrin ehtiyacı üçün 40 min litr dizel yanacağı, 77 kvadratmetr şüşə, 91 ədəd şifer, 600 kiloqram maye qaz, 595 metr polietilen, 47 ədəd neft sobası, 188 ədəd boru və 94 ədəd dirsək alınacaqdır. Müəssisə və təşkilatlarda müstəqil qazanxana və kombi sistemlərinin mövsümə hazırlığı vəziyyəti də yoxlanılır, onlar tam hazır vəziyyətə gətirilir.
Qeyd olunub ki, mədəniyyət müəssisələri də daxil olmaqla nazirliyin sistemindəki bütün müəssisələr payız-qış mövsümündə yaradılacaq fasiləsiz iş şəraitindən səmərəli istifadə etməli, işini günün tələbləri səviyyəsində qurmalı, əhaliyə yüksək səviyyədə mədəni xidmət göstərməli, tədris prosesi tələb olunan səviyyədə qurulmalı və asudə vaxtın səmərəli təşkil edilməsi təmin olunmalıdır.
Sonra Culfa Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Pərvin Həsənov, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Aytəkin Qəhrəmanova, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru Rza Xudiyev, C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimova və başqaları payız-qış mövsümünə hazırlıqla bağlı məlumat veriblər.
Müşavirəyə mədəniyyət və turizm naziri Natəvan Qədimova yekun vurub.
* * *
Sentyabrın 5-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində muxtar respublikanın təhsil müəssisələrində payız-qış mövsümünə hazırlığın vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib. İclasda təhsil naziri Məmməd Qəribov məruzə ilə çıxış edib.
Bildirilib ki, 2016-2017-ci tədris ilində muxtar respublikamızda istilik sistemi ilə işləyən təhsil müəssisələrinin sayı 225 olub. Ötən payız-qış mövsümündə müəssisələrin fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə verilən tapşırıqlara uyğun olaraq təhsil müəssisələri 172 min 492 litr ağ neft ilə təmin olunub. Eyni zamanda təhsil müəssisələrinə 120 ədəd soba, 500 ədəd soba borusu, 250 ədəd dirsək, 600 ədəd şifer, 800 kvadratmetr şüşə və 1200 metr polietilen örtük verilib. Verilən mal-material və yanacaq birbaşa mərkəzləşdirilmiş qaydada rayonlar üzrə bölünüb, onlardan səmərəli istifadə olunması nəzarətə götürülüb, mal-materialın təyinatı üzrə düzgün istifadə edilməsi, məktəblərdə təhlükəsizlik qaydalarına əməl olunması üçün reydlər keçirilib və mövsüm ərzində yanacaq çənləri təhlükəsiz yerlərdə saxlanılıb.
Vurğulanıb ki, muxtar respublikamızda təhsilin inkişafı və təhsil müəssisələrində fasiləsiz tədris prosesinin təmin olunması üçün yüksək şəraitin mövcud olmasına baxmayaraq, hələ də bəzi təhsil müəssisələrində verilmiş mal-materialdan lazımi səviyyədə istifadə olunması, təhlükəsizlik texnikası qaydalarına əməl edilməsinə nəzarət sahəsində nöqsanlar qalmaqdadır. Rayon və şəhər təhsil şöbələri və təhsil müəssisələrinin rəhbərləri qeyd olunan məsələlərə diqqətlə yanaşmalı və növbəti tədris ilində mövcud nöqsanların aradan qaldırılması üçün nəzarəti daha da artırmalıdırlar.
Nazir bildirib ki, 2017-2018-ci tədris ilində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində 216 ümumtəhsil məktəbi, 44 məktəbdənkənar müəssisə, 1 orta ixtisas məktəbi, 1 peşə liseyi və 3 texniki-peşə məktəbi fəaliyyət göstərəcəkdir. Muxtar respublika rəhbərinin yüksək diqqət və qayğısı ilə hər il olduğu kimi, 2017-ci ildə də yeni təhsil müəssisələrinin tikintisi istilik sistemi ilə işləyən təhsil müəssisələrinin sayını artırıb. Belə ki, bu il Naxçıvan şəhərində 6 nömrəli, Şərur rayonunda Qarahəsənli, Ərəbyengicə, Ələkli kənd tam orta məktəblərinin tikintisi başa çatdıqdan sonra Naxçıvan şəhəri üzrə 32, Şərur rayonu üzrə 51 təhsil müəssisəsi istilik sistemi ilə işləyəcəkdir. Muxtar respublikada aparılan tikinti-quruculuq işləri Ordubad, Culfa və Babək rayonlarında da geniş vüsət alıb. Tikilməkdə olan təhsil ocaqlarında işlər başa çatdıqdan sonra Ordubad rayonu üzrə 37, Culfa rayonu üzrə 30, Babək rayonu üzrə 30 təhsil müəssisəsi istilik sistemi ilə işləyəcəkdir. Muxtar respublikanın Şahbuz rayonu üzrə 26, Kəngərli rayonu üzrə 17, Sədərək rayonu üzrə isə 9 təhsil müəssisəsi istilik sistemi ilə qızdırılacaqdır.
Vurğulanıb ki, 2017-ci ildə aparılan tikinti-quruculuq işləri başa çatdıqdan sonra muxtar respublikamızda daha 7 təhsil müəssisəsi payız-qış mövsümündə istilik sistemlərinə qoşulacaq, nəticədə, cari tədris ilində rayon və şəhər təhsil şöbələri də daxil olmaqla istilik sistemləri ilə işləyən təhsil müəssisələrinin sayı 232 olacaqdır. Yeni məktəblərin tikilməsi və müasir istilik sistemlərinə qoşulması birnövbəli məktəblərimizin də sayının artmasına səbəb olub.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.
Kollegiya iclasına Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov yekun vurub.
* * *
Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyində keçirilən iclasda nəqliyyat naziri Mirsənani Seyidov bildirib ki, nazirliyin payız-qış mövsümünə hazırlıq komissiyası Şərur rayonunun Havuş, Şahbulaq,Yuxarı Yaycı, Ordubad rayonunun Unus, Tivi, Parağa, Babək rayonunun Gərməçataq, Yuxarı Buzqov kimi ucqar dağ kəndlərinə işləyən nəqliyyat vasitələrinin sahibləri ilə əlaqə saxlayıb, mövcud olan çatışmazlıqların aradan qaldırılması üçün onlara köməklik göstərilib.
Qeyd olunub ki, avqust ayı ərzində muxtar respublikada sərnişindaşıma fəaliyyəti göstərən 303 avtobus və mikroavtobus texniki müayinədən keçirilib, 44 avtobusda bəzi nasazlıqların aradan qaldırılması üçün onlara vaxt verilib, istismara uyğun olmayan 6 avtobus marşrutdan kənarlaşdırılıb. Mövsümə hazırlığı daha mütəşəkkil keçirmək, xəttə buraxılacaq avtobusların sazlığına tam əmin olmaq üçün sentyabr ayında Daxili İşlər Nazirliyi ilə birlikdə sərnişindaşıma ilə məşğul olan avtonəqliyyat vasitələrinin yenidən texniki müayinədən keçirilməsi nəzərdə tutulub.
Avtovağzalların payız-qış mövsümünə hazırlığı diqqət mərkəzində saxlanılır. Nazirliyin əməkdaşları avtovağzallarda olur, istilik sistemləri yoxlanılır, bu sahədə olan çatışmazlıqların aradan qaldırılması üçün lazımi tədbirlər görülür.
Vurğulanıb ki, payız-qış mövsümündə avtonəqliyyat vasitələri ilə təhlükəsiz sərnişin daşınması, marşrut qrafikinə nəzarət edilməsi məqsədilə yeni nəsil texnologiyadan istifadə olunması davam etdirilir. Belə ki, Naxtel 4G, GPS monitorinq izləmə sistemi hazırda Naxçıvan-Bakı istiqamətində hərəkət edən avtobusların hamısına quraşdırılıb. Naxçıvanda şəhərdaxili marşrutlarda işləyən avtobuslara və taksilərə isə GPS-lərin quraşdırılması işləri davam etdirilir. Ümumilikdə, bu günə qədər 44 avtonəqliyyat vasitəsinə bu sistem quraşdırılıb. Yaxın gələcəkdə GPS sistemi sərnişindaşımada geniş yer tutacaq, bütün avtobuslar bu sistemlə təchiz olunacaq.
Diqqətə çatdırılıb ki, nazirliyin əməkdaşları mütəmadi olaraq sərnişindaşıma ilə məşğul olan avtobusların hərəkət qrafikinə nəzarət etməli, sürücülərin geyim formasına, axşam saatlarında şəhərdaxili marşrutların işinin daha səmərəli qurulmasına, avtobuslararası intervalın gözlənilməsinə diqqət artırılmalıdır.
Sonra məruzə ətrafında çıxışlar olub.
İclasa Naxçıvan Muxtar Respublikasının nəqliyyat naziri Mirsənani Seyidov yekun vurub.
* * *
Naxçıvan Dövlət Universitetində 2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar yığıncaq keçirilib.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki, hər il payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirələr bu istiqamətdə qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi və həlli baxımından mühüm əhəmiyyət kəsb edir.
Vurğulanıb ki, muxtar respublikada fasiləsiz elektrik enerjisinin və təbii qazın verilməsi, içməli suya olan tələbatın ödənilməsi, istilik sistemlərinin qurulması universitetin də fəaliyyəti üçün əlverişli şərait yaradır.
Həmin müşavirədən sonra artıq universitetdə payız-qış mövsümünə hazırlıq işlərinə start verildiyini diqqətə çatdıran təsərrüfat işləri üzrə prorektor Araz Zalov istilik və elektrik sistemlərinin, su borularının sazlığının təmin olunması istiqamətində görülən işlərdən danışıb.
Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin dekanı, fəlsəfə üzrə fəlsəfə doktoru Yusif Hüseynov universitetdə payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlərin əhəmiyyətini vurğulayıb və bildirib ki, aparılan hazırlıq tədbirləri nəticəsində soyuq qış aylarında da universitetdə tədrisin keyfiyyəti yüksək səviyyədə olacaq.
Yığıncağa rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov yekun vurub.
Xəbərlər şöbəsi