2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyində müşavirə keçirilib. Müşavirəni kənd təsərrüfatı naziri Elşad Əliyev açaraq məruzə ilə çıxış edib.
Bildirilib ki, avqustun 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə Kənd Təsərrüfatı Nazirliyinə də bir sıra tapşırıqlar verilib, bununla bağlı nazirlik tərəfindən tədbirlər planı hazırlanıb. Tapşırıqların icrası ilə əlaqədar nazirlik Dövlət Baytarlıq Xidməti ilə birlikdə heyvandarlıq, quşçuluq və arıçılıqla məşğul olan sahibkarlıq subyektlərinin qışlamaya hazırlığı ilə bağlı maarifləndirmə tədbirlərini həyata keçirməli, xəstəliklərə qarşı tələb olunan dərman vasitələri ehtiyatının yaradılmasını diqqətdə saxlamalıdır.
Qeyd olunub ki, son dövrlərdə muxtar respublikada kənd təsərrüfatının inkişafı sahəsində bir sıra layihələr həyata keçirilib. Belə ki, aparılan meliorasiya, irriqasiya tədbirlərinin gücləndirilməsi, lizinq xidmətinin genişləndirilməsi, taxıl və soyuducu anbarların tutumunun artırılması, istixana komplekslərinin, quşçuluq və balıqçılıq təsərrüfatlarının yaradılması, meyvə-tərəvəz emalı müəssisələrinin işə salınması kənd təsərrüfatının sürətli inkişafına əlverişli şərait yaradıb. Toxumçuluq və tingçiliklə məşğul olan təsərrüfatlara subsidiyaların ödənilməsi, yanacaq-sürtkü materiallarına görə verilən yardımların 25 faiz artırılaraq 50 manata çatdırılması, istifadə olunan gübrə və herbisidlərin 70 faizinin pulsuz verilməsi, satılan texnikaların dəyərinə 40 faiz güzəşt tətbiq edilməsi kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara güclü stimul verib.
Vurğulanıb ki, 2018-ci ilin məhsulu üçün cari ilin payızında muxtar respublikada 31 min hektar sahədə şum aparılaraq taxıl əkilməsi nəzərdə tutulur. Bu işlərin mütəşəkkil və optimal müddətdə həyata keçirilməsində kənd təsərrüfatı texnikasının əhəmiyyətli rol oynadığını nəzərə alaraq nazirliyin Texniki nəzarət və aqroservis sektoru tərəfindən texnikaların sazlığı vəziyyəti öyrənilib, lazım olan ehtiyat hissələrinin alınıb gətirilməsi və sahibkarlara çatdırılması üçün tədbirlər həyata keçirilib. Hazırda muxtar respublikada 1978 ədədi yeni olmaqla, 2994 ədəd kənd təsərrüfatı texnikası mövcuddur və onlar saz vəziyyətə gətirilib.
Nazir bildirib ki, toxumçuluq bitkiçilikdə vacib sahələrdən hesab edilir. Muxtar respublikada payızlıq taxıl əkininin aparılması üçün 5500-6000 ton toxum tələb olunur. Tələb olunan toxum, əsasən, torpaq mülkiyyətçilərinin özlərində və toxumçuluq təsərrüfatlarında mövcuddur. Muxtar respublikada fəaliyyət göstərən 5 toxumçuluq təsərrüfatında 600 tondan artıq toxum təmizlənib və bu işlər davam etdirilir. Hazırda təmizlənmiş toxumlar dərmanlanaraq kisələrə yığılır. Payızlıq taxıl əkini sahələrində gəmiricilərlə mübarizə tədbirləri bu il də pulsuz aparılacaqdır.
Sonra Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdirləri Ədalət Hüseynov və Əyyub Abdullayevin çıxışları olub.
Müşavirəyə kənd təsərrüfatı naziri Elşad Əliyev yekun vurub.
* * *
Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsində 2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən yığıncaqda müəssisənin direktoru Behruz Əzimov çıxış edərək bildirib ki, avqustun 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsinə də bir sıra tapşırıqlar verilib.
Verilən tapşırıqların icrasına uyğun olaraq, müəssisə və təşkilatları vaxtında yanacaqla təmin etmək məqsədilə Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsi Bakı Neft Bazası ilə bağlanmış müqaviləyə əsasən, il ərzində 40 min ton A-92 avtobenzinin, 120 min ton dizel yanacağının, 20 min ton bitumun, 11 min ton mazutun, 1200 ton müxtəlif növ yağların, 5 min ton maye qazın muxtar respublikaya gətirilməsi nəzərdə tutulub. Alınan yanacaq Bakı şəhərindən İran İslam Respublikası ərazisindən keçməklə, Bakı-Gürcüstan-Türkiyə yolu ilə Naxçıvan Muxtar Respublikasına gətirilir.
Diqqətə çatdırılıb ki, 2017-ci ilin 8 ayı ərzində 61 min 123,2 ton dizel yanacağı, 21 min 131,7 ton A-92 avtobenzini, 4705,9 ton bitum, 10 min 999,7 ton mazut, 135,2 ton müxtəlif növ yağlar və 716,6 ton maye qaz muxtar respublikaya gətirilib. Müəssisə 2017-ci ilin 6 ayında ümumi dövriyyəsi 39 milyon 725 min manat olan 66 min 117,5 ton müxtəlif növ neft məhsulları satıb ki, bu da 15 min 733,2 ton avtobenzin, 38 min 437,9 ton dizel yanacağı, 1483,6 ton bitum, 10 min 34,5 ton mazut, 323,0 ton maye qaz, 105,3 ton müxtəlif növ yağlardan ibarətdir. İlin ilk 6 ayı ərzində müəssisə satışdan 399,8 min manat mənfəət əldə edib.
Qeyd olunub ki, boruların, nasosların, elektrik avadanlıqlarının saz vəziyyətdə olması nəzarətdə saxlanılır və lazımi tədbirlər görülür. Müəssisədə yanacaq ehtiyatı yaradılıb. Belə ki, bu günədək müəssisənin anbarlarında 1479,0 A-92 avtobenzini, 1715,9 ton dizel yanacağı, 42,2 ton maye qaz ehtiyatı var.
Sonra məruzə ətrafında çıxışlar olub.
Xəbərlər şöbəsi